Məhkəmə qərarları › İş №3(008)-5991/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5991/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5991/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X3 25 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verildiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X3 25 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, o, 11 sentyabr 2025-ci il tarixində, təxminən saat 18:00 radələrində, ona məxsus “Mercedes” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən Sabunçu körpüsü istiqamətində hərəkət edərkən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə ayrılan yolayrıcında yerləşən işıqforun yaşıl işıq siqnalı yanıb-sönən vaxtında yolayrıcından keçmişdir. O, yolayrıcının mərkəzinə çatdığı anda işıqforun sarı siqnalı yanmışdır. Qəza təhlükəsinin yaranmaması məqsədilə o, əyləcdən (tormuzdan) sərt istifadə etmədən hərəkətini eyni istiqamətdə davam etdirmişdir. Təxminən 500 metr məsafə qət etdikdən sonra DYP əməkdaşı tərəfindən saxlanılmış, ona işıqforun qırmızı işıq siqnalında keçdiyi bildirilmişdir. O, bu iddianı dərhal təkzib etmiş və sübutun təqdim edilməsini tələb etmişdir. Polis əməkdaşı ona mobil telefona bənzər cihazda avtomobilin şəkilini göstərmişdir. Şəkildən aydın görünmüşdür ki, avtomobil artıq işıqforu keçmiş və təxminən 100 metr məsafəyə uzaqlaşmışdır. Avtomobilin şəkilində qırmızı işığın yanması həmin anın sonrakı mərhələsini əks etdirdiyindən, bu görüntü avtomobilin qırmızı işıq siqnalında keçdiyini sübut etmir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, belə hallar sübut kimi qəbul edilə bilməz. Buna baxmayaraq, polis əməkdaşı 11 sentyabr 2025ci il tarixdə İXP ******* nömrəli inzibati protokol, daha sonra isə 25 sentyabr 2025-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh qərarı tərtib etmişdir. Həmin qərarda İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunduğum qeyd edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İV hissəsində göstərilir ki, Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcının qolunu yuxarı qaldırdıqda, nəqliyyat vasitəsini kəskin tormozlamadan, həmin maddənin İİ və İİİ hissələrində müəyyən edilmiş yerlərdə saxlaya bilməyən sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. O, hesab edir ki, inzibati xəta tərkibi sübuta yetirilməmişdir və iş üzrə təqdim edilmiş sübutlar real vəziyyəti əks etdirmir. Şəxsin hərəkətlərində inzibati xəta tərkibi mövcud deyil, çünki qeyd olunan hallar hadisənin obyektiv və texniki baxımdan düzgün qiymətləndirilmədiyini göstərir. Hərəkət həmin vaxt qırmızı işıq siqnalında olmayıb, yaşıl-sarı keçid mərhələsində baş vermiş, qəza təhlükəsinin qarşısını almaq məqsədilə həyata keçirilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X3 25 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta tərtib edilərkən DYP əməkdaşı tərəfindən xüsusi texniki vasitə (avtomatik qeydetmə qurğusu və ya mobil kamera cihazı) vasitəsilə foto-video material təqdim edilmişdir. Lakin həmin cihazın sertifikatlaşdırılması, kalibrasiya (yoxlama) sənədləri və ölçmə vasitəsi kimi istifadəyə yararlılığına dair etibarlı sənədlər təqdim olunmamışdır. Sübut kimi istifadə edilən texniki vasitələrin ölçmə vasitələri reyestrində qeydiyyatda olması və sertifikatla təsdiqlənməsi vacibdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X3 25 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xətanın törədildiyi yerə dair videogörüntüdən görünür ki, “Mercedes” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü hərəkət edərkən yol nişanlarının tələblərinə riayət etmədən işıqforun qadağanedici işıq siqnalından keçmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə təqdim edilmiş videodiskdə olan görüntünü tədqiq edərək “Mercedes” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 yol nişanlarının tələblərinə riayət etmədən svetaforun qadağanedici işarəsinə əhəmiyyət vermədən öz hərəkətini davam etdirməsinin videogörüntü ilə müəyyən edildiyini nəzərə alaraq onun əməlində Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibinin olması qənaətinə gəlir. Odur ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X3 25 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X3 25 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar