Məhkəmə qərarları › İş №3(008)-5995/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5995/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5995/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Regional Bölməsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin məsləhətçi-müfəttişi X3 tərəfindən 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli kəndi ərazisində fəaliyyət göstərən tikinti materialları mağazası sudan müqaviləsiz olaraq qanunsuz istifadə edir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, 06 oktyabr 2025ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan və iş materiallarına əlavə edilmiş fotoşəkillər və CD diskdən görünür ki, Şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli kəndi ərazisində fəaliyyət göstərən tikinti materialları mağazasında sudan müqaviləsiz olaraq qanunsuz istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 oktyabr 2025-ci il tarixli, 000317 nömrəli Aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli kəndi ərazisində keçirilən monitorinq zamanı həmin ərazidə fəaliyyət göstərən tikinti materialları mağazasında istifadə olunan suyun uçotu aparılmadan müqaviləsiz olaraq sudan qanunsuz istifadə halı aşkar olundu. Tərəflərindən Sabunçu rayon Su kanal İdarəsinə obyektə çəkilən qanunsuz su xəttinin aradan qaldırılması və idarəyə dəymiş ziyan aktının tərtib olunması ilə bağlı müraciət olundu. Obyektin sahibinə sudan istifadə ilə bağlı qanunvericiliyin tələbləri və araşdırma ilə bağlı hüquq və vəzifələri izah olundu. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 40 və 45-ci, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 24, 30, 58, 65, 67 və 72-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Ərazidə çəkilmiş foto və videogörüntü, həmçinin digər sənədlər akta əlavə olunur. Şəxs 06 oktyabr 2025-ci il tarixli izahatından görünür ki, o Sabunçu rayonu, Məmmədli kəndində ona məxsus tikinti materialları mağazasında istifadə olunan suyun uçotu aparılmadan qanunsuz olaraq istifadə edir. Obyekt 2020-ci ildən fəaliyyət göstərir və həmin tarixdən sudan istifadə edilir. Pozduğu inzibati xəta ona izah olundu. Heç bir narazılığı yoxdur. Yaranmış nöqsanı qısa müddətdə aradan qaldıracağına söz verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs həmin inzibati xətanı törətdiyinə görə, onun əməlində Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsinin tərkibi vardır və onun əməli Azərbaycan Respublikası İXMnin 262.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə tərəfin izahatını dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar