Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6021/2022 24.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1965-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 24 oktyabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2013-cü il tarixli, 2(008)-483/2013 saylı icra vərəqəsinə əsasən məhkəmə qətnaməsi ilə Şəxs 20.000 manat məbləğində pul vəsaitinin tutularaq X1 verilməsi qət edilmiş, lakin Şəxs həmin borc məbləğini qərəzli olaraq cavabdehə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, icra sənədi təzəliklə onun icraatına daxil olmuşdur. 2014-cü ildən icra sənədi üzrə icraat dayandırılmış və iş arxivə təhvil verilmişdir. Əslində icra sənədi üzrə icraatın dayandırılması üçün əsas olmamış, sadəcə yanlışlıq baş verərək icra sənədi icrasız qalmışdır. Tələbkar gəlib icranı tələb etdikdə iş arxivdən götürülərək yenidən icra tədbirlərinin tətbiqinə başlanmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından heç vaxt yayınmamışdır. Sadəcə maddi imkanı olmadığından və açıq ürək əməliyyatı keçirdiyindən bu günədək icra sənədi üzrə hər hansı ödəniş etməmişdir. O, icra sənədinin icrasında laqeyd yanaşmamış, hissə-hissə ödəmək imkanı olduğundan bu barədə ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə onun ərizəsini təmin etməmişdir. Tələbkara da hissə-hissə icranı təklif etsə də, tələbkar bu formada icradan imtina etmişdir. O, bu illər ərzində dəfələrlə icra şöbəsinə yaxınlaşaraq borcdan müvafiq ödənişlər etmək istəsə də, icra şöbəsində ona belə bir icra işinin olmadığını bildirmişlər. Bu gün məlum olmuşdur ki, icra sənədi icra məmuru tərəfindən səhvən arxivə təhvil verilmiş və bu səbəbdən o, müvafiq ödənişlər etmək istəyərkən ona belə bir icra sənədinin olmadığı bildirilmişdir. Onun maddi durumu icra sənədi üzrə ödənişi tam həyata keçirməyə imkan verməsə də, söz verir ki, qısa müddət ərzində borcdan ödəniş edəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2013-cü il tarixli, 2(008)- 483/2013 saylı icra sənədi üzrə borclu Şəxs 20.000 manat məbləğində pul vəsaitinin tutularaq X1 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 15 sentyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2013-cü il tarixli, 2(008)-483/2013 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün borclu Şəxs təqdim edilmişdir. Şəxs tərəfindən 24 oktyabr 2022-ci il tarixdə verilmiş izahatdan görünür ki, o, icra məmurunun sualına cavab borcu ödəməməsinin səbəbi kimi xəstə olmasını və işləməməsini göstərmiş, məhkəmə qətnaməsini hissə-hissə icra edə biləcəyini bildirmişdir. Bakə Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 yanvar 2014-cü il tarixli qərarından görünür ki, Şəxs AR İXM-nin 313-1.1-ci madddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 mart 2014-cü il tarixli, 8(008)-348/2014 saylı qərardadından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2013-cü il tarixli, 2(008)-483/2013 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu Şəxs ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə baxışı zamanı icra məmuru icra sənədinin təzəliklə onun icraatına daxil olduğunu, 2014-cü ildən icra sənədi üzrə icraatın dayandırıldığını və işin arxivə təhvil verildiyini, əslində icra sənədi üzrə icraatın dayandırılması üçün əsasın olmadığını, sadəcə yanlışlıq baş verərək icra sənədinin icrasız qaldığını, tələbkar gəlib icranı tələb etdikdə işin arxivdən götürülərək yenidən icra tədbirlərinin tətbiqinə başlandığını bildirmişdir. Həmçinin, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd etmişdir ki, o, icra sənədinin icrasından heç vaxt yayınmamışdır. O, bu illər ərzində dəfələrlə icra şöbəsinə yaxınlaşaraq borcdan müvafiq ödənişlər etmək istəsə də, icra şöbəsində belə bir icra işinin olmadığını bildirmişlər. Bu gün məlum olmuşdur ki, icra sənədi icra məmuru tərəfindən səhvən arxivə təhvil verilmiş və bu səbəbdən o, müvafiq ödənişlər etmək istəyərkən oba bülə icra sənədinin olmadığı bildirilmişdir. Göründüyü kimi, məhkəmənin icra sənədi 2013-cü ildə verilməsinə baxmayaraq 2014cü ilin yanvar ayından başlayaraq bütün icra tədbirləri qanunvericiliklə nəzərdə tutulmuş hər hansı əsas olmadan dayandırılmış və icra işi arxivə təhvil verilmiş, yalnız 08 ildən sonra təsadüfən tələbkarın gəlib icranı tələb etməsi nəticəsində icra işi arxivdən götürülərək yenidən icra tədbirlərinin tətbiqinə başlanmışdır. Məhkəmə icra məmurunun özünün də bu faktı etiraf etməsini nəzərə alaraq barəsində inzibati qaydada icraat aparılan şəxsin son 08 il ərzində borcdan müvafiq ödənişlər etmək istəməsini və bu zaman icra şöbəsində ona belə bir icra sənədinin hazırda olmamasının bildirilməsinə dair göstərdiyi xüsusatı inandırıcı hesab edir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs maddi imkanının qətnamənin yalnız hissə-hissə icra edilməsinə yol verdiyini sadəcə sözdə göstərməklə qalmamış, qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə də müraciət etmişdir. Hazırda icra sənədlərinə Şəxs iş yerinin olmasına və ya işləməsinə, onun məhkəmə qətnaməsinin icrasının yönəldilə bilməsini təmin edəcək əmlakının olmasına dair hər hansı sənədin əlavə edilməməsi Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsini istisna edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin həmin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına məhkəmə qərarını icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı müəyyən edilməmiş, əksinə onun borcu ödəyə bilməməsinin maddi cəhətdən imkanının olmaması və uzun illər icra sənədinin səlahiyyətli orqan tərəfindən hərəkətsiz saxlanılması ilə əlaqədar olması öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, uzun illər ərzində icra məmurları tərəfindən icrası təmin edilməyən, məhkəmə qətnaməsinin icrası üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görülməyən, icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməyən icra sənədi üzrə yenidən 15 sentyabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərarın qəbul edilməsi qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Hətta hesab edilsə ki, icra məmuru 08 illik fasilədən sonra icraata başlamaq haqqında qərar qəbul etməkdə haqlı olmuşdur (halbuki qeyd olunan icra sənədi üzrə 2013-cü ildə icraata başlanılmışdı) həmin qərarın qəbul edildiyi gündən bəri barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı alınmamış (24 oktyabr 2022-ci il tarixdə şəxs məhkəməyə təqdim edilmədən bir neçə saat öncə alınan izahat istisna olmaqla), iş materiallarına formal olaraq xəbərdarlıqlar əlavə edilsə də, həmin xəbərdarlıqların borcluya rəsmi qaydada təqdim edilməsinə dair sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uzun illər ərzində icra məmurlarının hərəkətsizlik etməsi və icra sənədinin mövcudluğunu unutmaları sonradan icraata başlanıldığı təqdirdə borclunun həmin illər ərzində borcu ödəməməsinə görə bütün məsuliyyətin ona üzərinə qoyulması və dərhal, qanunla nəzərdə tutulmuş bütün tədbirlər görülmədən və qətnamənin icrasının təmin edilməsi üçün bütün imkanlar tükənmədən şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi və onun məhkəmə qarşısına çıxarılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədinin tam olaraq maddi imkansızlığı səbəbindən icra edilməməsi, məhkəmə qətnaməsinin hissə-hissə, maddi imkanının yol verdiyi məbləğdə icra etməyə cəhd etməsinə baxmayaraq ondan asılı səbəblərdən (icra işinin mövcudluğunun icra məmurları tərəfindən unudulması) icra edə bilməməsi onun əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibinin olmasını istisna edir ki, belə olan halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6021/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6021/2022
24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver