Məhkəmə qərarları › İş №3(008)-6033/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6033/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6033/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Atakişi Nizami oğlu Atakişiyevin katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 09 iyul 2023-cü il tarixli, EQ 15580924 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 09 iyul 2023-cü il tarixli, EQ 15580924 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 izahatında bildirmişdir ki, inzibati xəta hadisəsinin qeydə alındığı gün Mikayıl Əliyev küçəsi ilə Bəkir Çobanzadə küçəsinin kəsişməsində yerləşən dairəni keçdikdən sonra H.Əliyev prospektində tıxac yaranmış, bu zaman əks hərəkət istiqamətli yol boş olduğundan və nəqliyyat axını zəif olduğundan dairənin kənarında dayanan YPX əməkdaşı nəqliyyat vasitələrinin əks hərəkət zolağına çıxaraq yolu boşaltmaları ilə bağlı göstəriş vermiş, həmin vaxt o, özü də daxil olmaqla sol tərəfdə olan digər nəqliyyat vasitələri əks hərəkət zolağına çıxaraq yollarına davam etmişlər. Baxmayaraq ki, YPX əməkdaşı özü onlara əks hərəkət zolağına çıxmaları barədə işarə vermişdir, barəsində əsassız olaraq AR İXM-nin 327.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş etirazı müdafiə edərək izahatında bildirmişdir ki, inzibati xətanın baş verdiyi yolda əksər hallarda tıxac olur. Həmin yolda əks hərəkət zolağında da daim avtomobillər hərəkətdə olduğundan YPX əməkdaşının digər hərəkət zolağında olan avtomobillərə əks hərəkət zolağına çıxma barəsində işarə verməsi real və inandırıcı deyil. Bununla yanaşı, inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən də avtomobillərin əksəriyyətinin öz hərəkət zolağında qalması, çox az sayda avtomobilin əks hərəkət zolağına çıxmaları görünməkdədir. Bununla yanaşı, hadisə günü çəkilmiş videogörüntüdən də şikayətçinin qeyd etdiyi yolda YPX əməkdaşının olmaması açıq-aydın müşahidə olunur ki, bu da şikayət vermiş şəxsin YPX əməkdaşının işarəsinə əsasən əks hərəkət zolağına çıxmasına dair irəli sürdüyü dəlilin əssasız olmasının göstəricisidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 09 iyul 2023-cü il tarixli, EQ 15580924 nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xətanın baş verdiyi ərazidə xidmət göstərən Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X3 izahatında göstərmişdir ki, o, inzibati xətanın qeydə alındığı ərazidə xidmət edir. Həmin yolda bəzi hallarda çox sıxlıq olan zaman sürücülərə işarə edərək əks istiqamətli hərəkət zolağına keçməyə icazə verirlər. Lakin bu zaman onlar öncədən kamera şöbəsinə məlumat verərək kameraları, yəni xüsusi texniki vasitəni söndürməyi tapşırıb, bundan sonra sürücülərə işarə verərək yolu nizamlayırlar ki, hər hansı sürücü barəsində xüsusi texniki vasitə ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsin. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X3 onların sürücülərə işarə vermədən öncə kamera şöbəsinə kameranı söndürmələri barədə məlumat verməməsinin mümkün olmadığını, onlara kameraların söndürülməsi və xüsusi texniki vasitə ilə çəkiliş aparılmaması barədə dəqiq məlumat gəldikdən sonra sürücülərə əks istiqamətli yola keçmələri barədə işarə verdiklərini, kameraların söndürülməsi barədə məlumat gəlmədən sürücülərə işarə edərək yolu nizamladıqları halda onlar barəsində tənbeh tədbirlərinin tətbiq edildiyini, sürücünün əks istiqamətli hərəkət zolağında hərəkətdə olmasının xüsusi texniki vasitənin köməkliyi qeydə alınmasının yalnız onun real olaraq pozuntu etdiyi təqdirdə mümkün olduğunu, YPX əməkdaşları tərəfindən yolun nizamlanması zamanı xüsusi texniki vasitənin fəaliyyəti öncədən dayandırıldığından nizamlama zamanı əks hərəkət zolağında hərəkətin pozuntu kimi qeydə alınmasının real olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X4 barəsində AR İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 09 iyul 2023-cü il tarixli, EQ 15580924 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 09 iyul 2023-cü il tarixli, EQ 15580924 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 08 iyul 2023-cü il tarixdə, saat 18:43 radələrində Çobanzadə küçəsi, Mikayıl Əliyev küçəsi kəsişməsi, “Ay işığı” dairəsində üfjuqi nişanlanma xətlərinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdirmiş və bununla da İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Hadisə günü qeydə alınmış fotoşəkillərdən görünür ki, 08 iyul 2023-cü il tarixdə “Hyundai Elantra” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun əks istiqamətli hərəkət zolağına çıxmışdır. Hadisə günü, yəni 09 iyul 2023-cü il tarixdə, saat 18 radələrində qeydə alınmış videogörüntüdən görünür ki, inzibati xəta hadisəsinin baş verdiyi ərazidə nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunsa da, yolda YPX əməkdaşının olması müşahidə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.4-cü maddəsinə əsasən 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat (dəyişikliyə qədər 100 manat) məbləğində cərimə edilir. Göründüyü kimi, 08 iyul 2023-cü il tarixdə, saat 18:43 radələrində Çobanzadə küçəsi, Mikayıl Əliyev küçəsi kəsişməsi, “Ay işığı” dairəsində “Hyundai Elantra” minik markalı, **- DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 əks istiqamətli hərəkət zolağına çıxaraq həmin hərəkət zolağında avtomobili idarə etməsi inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş və xüsusi texniki vasitənin köməyi ilə qeydə alınmış fotoşəkillərlə tam olaraq öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ var. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Qanunvericinin də tələbindən göründüyü kimi AR İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edildikdə həmin inzibati xətanın törədilməsi foto və ya video materiallarla təsdiq olunmalıdır ki, hazırkı halda X2 Çobanzadə küçəsi, Mikayıl Əliyev küçəsi kəsişməsi, “Ay işığı” dairəsində əks istiqamətli hərəkət zolağına çıxaraq həmin hərəkət zolağında avtomobili idarə etməsi inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında X4 inzibati xəta hadisəsinin qeydə alındığı anın videogörüntüsünün inzibati tənbeh vermə haqqında qərara əlavə edilməməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, AR İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan müvafiq maddələri birmənalı şəkildə inzibati tənbeh vermə haqqında qərara inzibati xətanın nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən həm foto, həm də video materialların eyni zamanda əlavə edilməsini mütləq qaydada müəyyən etməmiş, həmin sübutlardan ikisindən birinin-ya fotonun, ya da videoçəkilişin əlavə edilməsini yetərli hesab etmişdir ki, inzibati tənbeh vermə haqqında 09 iyul 2023-cü il tarixli, EQ 15580924 nömrəli qərara inzibati xətanın törədilməsini sübut edən fotoşəkillərin əlavə edilməsi mübahisəsizdir. Bununla yanaşı, məhkəmə iclasında izahatı alınmış inzibati xətanın baş verdiyi ərazidə xidmət göstərən Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X3 onların sürücülərə işarə vermədən öncə kamera şöbəsinə kameranı söndürmələri barədə məlumat verməməsinin mümkün olmadığını, onlara kameraların söndürülməsi və xüsusi texniki vasitə ilə çəkiliş aparılmaması barədə dəqiq məlumat gəldikdən sonra sürücülərə əks istiqamətli yola keçmələri barədə işarə verdiklərini, kameraların söndürülməsi barədə məlumat gəlmədən sürücülərə işarə edərək yolu nizamladıqları halda onlar barəsində tənbeh tədbirlərinin tətbiq edildiyini, sürücünün əks istiqamətli hərəkət zolağında hərəkətdə olmasının xüsusi texniki vasitənin köməkliyi qeydə alınmasının yalnız onun real olaraq pozuntu etdiyi təqdirdə mümkün olduğunu, YPX əməkdaşları tərəfindən yolun nizamlanması zamanı xüsusi texniki vasitənin fəaliyyəti öncədən dayandırıldığından nizamlama zamanı əks hərəkət zolağında hərəkətin pozuntu kimi qeydə alınmasının real olmadığını bildirmişdir ki, bu hallar özü də həmin gün inzibati xəta hadisəsinin baş verdiyi ərazidə YPX əməkdaşının olmasına və onun işarəsinə əsasən X2 əks hərəkət zolağına keçərək həmin hərəkət zolağında avtomobilini idarə etməsinə dair irəli sürülmüş dəlilin məhkəmə iclasında təkzib edilməsinə dəlalət edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş videogörüntüdən də hadisə günü, saat 18 radələrində inzibati xəta hadisəsinin qeydə alındığı ərazidə YPX əməkdaşının olmaması və yolun polis əməkdaşı tərəfindən nizamlanmaması açıq-aşkar görünməkdədir. Məhkəmə iclasında X4 törədilməsi ona istinad olunan inzibati xətanın 08 iyul 2023-cü il tarixdə, saat 18:43-də qeydə alınmasına baxmayaq məhkəməyə təqdim edilmiş videoda olan görüntülərin həmin tarixdə, saat 18:24-də qeydə alınmasına, həmin görüntü ilə onun tərəfindən törədilməsi iddia edilən pozuntunun baş verdiyi vaxt arasında 19 dəqiqə fərqin olmasına istinad etsə də, məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi Nümayəndə həmin görüntülərin Təhlükəsizlik Şəhər Kamerasından aylar öncə 08 iyul 2023-cü il tarixdə X4 tərəfindən iddia edilən eyni əsasla inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirən başqa şikayətçinin şikayəti ilə arxivdən əldə etdiyini, həmin görüntü ilə 08 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Çobanzadə küçəsi, Mikayıl Əliyev küçəsi kəsişməsi, “Ay işığı” dairəsində nizamlayıcının olmamasının tam olaraq təsdiq edildiyini bildirmişdir. Məhkəmı qeyd edir ki, X4 tərəfindən onun 08 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Çobanzadə küçəsi, Mikayıl Əliyev küçəsi kəsişməsi, “Ay işığı” dairəsində əks istiqamətli hərəkət zolağına keçərək avtomobili hərəkət etdirməsi mübahisələndirilməmiş və məhkəmə tərəfindən də bu işin mübahisəsiz halı kimi qiymətləndirilir və həmin hal xüsusi texniki vasitənin köməkliyi ilə qeydə alınmış fotoşəkillər də təsdiq olunur. X2 həmin pozuntunu nizamlayıcının işarəsi ilə etdiyini iddia edərək barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə dair dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin xüsusat məhkəmə iclasında öz təsdiqini tapmamış, əksinə iş materiallarında olan sübutlar, o cümlədən, Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X1 göstərdiyi xüsusatlarla təkzib edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X2 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 09 iyul 2023-cü il tarixli, EQ 15580924 nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 09 iyul 2023-cü il tarixli, EQ 15580924 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar