Məhkəmə qərarları › İş №3(008)-6035/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6035/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6035/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Quba şəhəri, X7 küçəsi, ev 105 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 329.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ Yol patrul xidmətinin inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 13 may 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 13 may 2025-ci il tarixdə, “X6 CDİ minik” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili yol hərəkət qaydalarını pozmaqla narkotik vasitələrin təsiri altında avtomobili idarə etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan, təxminən 15 gün əvvəl narkotik vasitədən istifadə etmişdir. 13 may 2025-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ilə aralarında yaranmış anlaşılmazlıq səbəbindən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilmişdir. Daha sonra narkoloji mərkəzdə tibbi müayinədən keçirilmiş, barəsində İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi üzrə protokol tərtib olunmuş və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qərarının qəbul edilməsindən sonra yenidən DYPŞ əməkdaşları tərəfindən, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 329.3cü maddəsi ilə yeni protokol tərtib edilmiş və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. O, nəqliyyat vasitəsini idarə etdiyi anda sərxoş olmadığına və narkotik vasitədən istifadə etdiyinə görə artıq bir dəfə inzibati məsuliyyətə cəlb edildiyinə görə, eyni əməl ilə bağlı ikinci dəfə inzibati məsuliyyətə cəlb edilməsini əsassız hesab edir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 13 may 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 may 2025-ci il tarixdə, “X6 CDİ minik” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkət qaydalarını pozmaqla narkotik vasitələrin təsiri altında avtomobili idarə etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin 2788 saylı, 14 may 2025-ci il tarixli Ambulator X1 rəyindən görünür ki, Şəxs narkotik vasitədən THC(+) istifadə etdiyi müəyyən edilmiş, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3152/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarından görünür ki, 13 may 2025-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin inzibati binasında olarkən ictimai qaydaları kobudcasına pozmuş, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və həmin tarixdə onların qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərmişdir. Eyni zamanda, 14 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-də aparılmış tibbi müayinə zamanı Şəxs narkotik vasitə istifadə etdiyi, konkret olaraq THC(+) müsbət nəticə verdiyi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 329.3-cu maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs 13 may 2025-ci il tarixdə narkotik vasitədən istifadəyə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3152/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bundan başqa, Məhkəməyə təqdim olunmuş sənədlər içərisində Şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmasını olmasını təsdiq edən tibbi müayinə aktı olmamışdır. İş materiallarına yalnız 14 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-də aparılmış tibbi müayinənin nəticəsi yarımçıq şəkildə əlavə olunmuş və iş materialları natamam olduğundan və işə baxılması zamanı tamamlamaq mümkün olmadığından Sabunçu Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Lakin, yenidən Şəxs nəqliyyat vasitəsini idarə edən zaman sərxoş vəziyyətdə olmasını təsdiq edən müayinə aktı əlavə olunmamış və şəxsin 14 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-də müayinədən keçirilməsi barədə rəy yarımçıq şəkildə iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olmasını sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan isə sənədləri natamam şəkildə təqdim etməklə yanaşı dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, çatışmayan sənədləri isə məhkəməyə təqdim etməmişlər. Belə olduqda, məhkəmə hesab edir ki, Şəxs 14 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-də tibbi müayinədən keçirilməsinə dair rəy onun yalnız nə vaxtsa nakrkotik vasitədən istifadə eməsini sübut etmişdir ki, buna görə də şəxsə inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İXM-nin 333-1.1-ci maddəsinin tərkibi isə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi zamanı yaranır. Beləliklə şəxsin nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmadığından onun İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməmişdir. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmiş, əksinə məhkəmə araşdırması nəticəsində onun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 9, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Sabunçu rayon X8 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar