Məhkəmə qərarları › İş №3(008)-6063/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6063/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6063/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2, Hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən “ART RİGHT» MMC barəsində Azərbaycan Respublikasının İXM-in 529.1-1-ci maddəsi ilə 06 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, vəzifəli şəxs X3 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-43065/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X5 Xidmətinin X4 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin vəzifəli şəxsi barədə İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 3 000 manat məbləğində inzibati cərimə edilmiş, həmin qərar xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin ünvanına göndərilmişdir. Bundan sonra MMCnin ünvanına qərar qanuni qüvvəyə mindikdən sonra qərarın icra olunması ilə əlaqədar xx.xx.2025-ci il tarixdə məktubla nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə müraciət edilmişdir. Lakin həmin məktubla qərar icra edilmədiyindən hüquqi şəxs barəsində protokol tərtib edilmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, həmin məktublar elektron qaydada göndərilmiş, onlarda olan sənədlər elektron qaydada göndərilməsini özündə əks etdirən məktubdur, belə olduğu halda poçt göndərişinə ehtiyac olmur. İnzibati xəta uzanan xarakterlidir, müddət icra edilməyənə kimi davam edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “ART RİGHT» MMC-nin qanuni təmsilçisi X3 izahatında bildirdi ki, təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolla razı deyildir. Onun ümumiyyətlə barəsində tərtib edilmiş qərardan məlumatı olmamışdır. Eyni məsələ ilə hüquqi şəxs barəsində olan işə baxılmış və Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə işə xitam verilmiş və həmin qərar qüvvəsində saxlanılmışdır. xx.xx.2025-ci il tarixli məktub hüquqi şəxsin ünvanına daxil olmamışdır. Verilmiş suallara cavabında qeyd etmişdir ki, əgər xx.xx.2025-ci il tarixli barəsində cərimə olunmuş qərardan xəbəri olsaydı şikayət verərdi, çünki həmin iş üzrə hüquqi şəxs barəsində olan işə xitam verilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs X3 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-43065/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-43065/2025 nömrəli məktubundan görünür ki, X3 barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında DƏMX tərəfindən X3 cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən DƏMX tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İXM-nin 150.5-ci maddəsinin tələbinə əsasən icra edilməsi məqsədi ilə ART RİGHT MMC-nin ünvanına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1638/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində İXMİ-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmiş, DƏMX tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5 və 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində-onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. (Qeyd: xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə qədər İXM-in 38.1-ci maddəsində həmin müddət üç ay, dəyişiklikdən sonra dörd ay müəyyən olunmuşdur.) Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan dörd aylıq müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilməli olduğuna görə Şəxs MMC barəsində həmin Məcəllənin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın(vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya İXM-in 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəmədikdə onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində-onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilməlidir. Məhkəmə hesab edir ki, iş materiallarında hüquqi şəxsin ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2-43065/2025 nömrəli məktub göndərilməsi müəyyən olunur. Lakin həmin məktubun rəsmi qaydada ünvana çatmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə yalnız inzibati xəta haqqında protokol və DƏMX-in Bakı şəhər İdarəsinin DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 43065/2025 nömrəli məktubu əlavə edilmişdir. Belə ki, səlahiyyətli orqan tərəfindən inzibati qərarın hüquqi şəxsin ünvanına çatdırılması, həmin qərar lazımi qaydada təqdim edildikdən 10 gün müddət bitdikdən sonra qüvvəyə minməsi və bundan sonra qərarın icrası üçün göstərişin hüquqi şəxsə göndərilməsini təsdiq edən(sübut olan) xəbərnamə iş materiallarında olmamış və həmçinin ağlabatan vaxt verilsə də, səlahiyyətli orqan tərəfindən həmin sübutlar təqdim edilməmişdir. Belə qənaəti nəzərdən keçirsək əvvəla qeyd edilməlidir ki, bu məktub qanunla müəyyən olunmuş müddətdə vəzifəli şəxsə göndərilməmişdir. xx.xx.2025-ci il olmasına və müvafiq tədbirlərin görülməsi tələbinə əsasən isə demək olar ki, ən uzaq müddətdə, 2025ci ilin may ayının sonuna kimi inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqana məlumat verilməli idi. Məlumatın verilməməsi halında belə güman edək ki, 2025-ci ilin may ayının sonu tarixdə Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ehtimal olunur. Halbuki DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən inzibati xətanın nə vaxt törədilməsi belə müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-in 529.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin qanunla dörd ay müəyyən olunmasını nəzərə aldıqda inzibati xəta haqqında protokolun tərtib edildiyi 06 oktyabr 2025-ci il tarixədək dörd aydan artıq müddətin keçdiyi müəyyən olunur. Hazırki tarixə isə altı aya yaxın müddət keçmişdir. Buna görə də Şəxs MMC müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olduğu üçün o, Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə bir daha qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta bu Məcəllənin 38.1-ci maddəsində sadalan, törədildiyi gündən ən geci 1 il keçənədək inzibati tənbehin verilməsi mümkün olan inzibati xətalara aid deyildir. Məhz bu səbəbdən müddət keçməsinə baxmayaraq şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsində həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməli olmasına dair imperativ norma müəyyən olunmuşdur. Kifayət qədər əsaslandırılan hallar və Azərbaycan Respublikası İXM-in normalarının qanuni tətbiqinin təmin edilməli olmasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, bu Məcəllənin 53.1.6-cı maddəsinə əsasən Şəxs MMC barəsində İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar