Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6075/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Xaçmaz rayonu, Qusarçay kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən daxil olmuş 26 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanda X2 məxsus evdən 01 ədəd meyvə vazasını, modem aparatını və pərdəni oğurlamaqla zərərçəkmiş şəxsə 500 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunla nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq X5 inzibati xəta haqqında protokolu təhqiqat materialı əsasında tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, o, X1 evində kirayə qalmışdır. O, evdən çıxmaq istəyərkən Şəhla İbadova ona bildirmişdir ki, o, bir neçə ayın kirayə haqqını və kommunal xərcləri ödəməmişdir. Bundan sonra o, kirayə haqqını və ödənilməli olan kommunal xərcləri Şəhla İbadovaya ödəmişdir. Lakin buna baxmayaraq Şəhla İbadova hazırda ondan yenidən həmin məbləği tələb edir və onun həmin pulu ödəmədiyini iddia edir. Bundan sonra isə Şəhla İbadova onun təkrarən həmin pulu ödəmədiyini gördükdə onu şərləyərək evindən bəzi əşyaları oğurladığını iddia etmişdir. X7 evində olan köhnə əşyalara və pərdəyə ehtiyacı yoxdur. O, Şəhla İbadovaya məxsus kirayə qaldığı evdən hər hansı oğurluq etməmiş və heç bir əşya götürməmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 26 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanda X2 məxsus evdən 01 ədəd meyvə vazasını, modem aparatını və pərdəni oğurlamaqla zərərçəkmiş şəxsə 500 manat məbləğində ziyan vurmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, hadisəni törədən Ayan adlı şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. Şəxs iş materiallarına əlavə edilmiş izahatından görünür ki, o, özünü AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, X2 məxsus Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1, mənzil 170 ünvanında 2021-ci ilin may ayından kirayədə qalmışdır. Aylıq kirayə haqqı 400 manat olmuşdur. Sonradan rayona köçdüyü üçün evdən öz əşalarını götürərək getmişdir. Onun Şəhlaya aylıq ödəniş borcu yoxdur və o, həmin evdən oğurluq etməmişdir. Şəhlanın onun barəsində dedikləri yalan və böhtandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında Şəxs tərəfindən AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübut mövcud deyil. Belə ki, məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs sadəcə daxil olmuş təhqiqat materialı əsasında inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmiş və zərərçəkmiş şəxsin ümumiyyətlə izahatının alınmasına zərurət görməmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokoldan görünür ki, polis əməkdaşı protokolda zərərçəkmiş şəxsə vurulmuş ziyanın təhqiqat materialı əsasında 124 manat məbləğində müəyyən edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolda 500 manat məbləğində zərər vurulmaqla oğurluq edildiyini göstərmişdir ki, bu da həmin şəxsin iş üzrə hər hansı araşdırma aparmadığına, kortəbii şəkildə iş materialları ilə uzlaşmayan halları özündə əks etdirən inzibati xəta haqqında protokol tərtib etməsinin göstəricisidir. Şəxs məhkəmə iclasında verdiyi, o cümlədən, polis bölməsində əlyazma şəklində yazılmış izahatından görünür ki, o, özünü AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilməmiş və zərərçəkmiş şəxsə məxsus hər hansı əmlakı götürmədiyini bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X4 polis bölməsinə ünvanladığı şikayət ərizəsində onun evində kirayə qalmış Aygün adlı şəxsin onun evindən bir ədəd meyvə vazasını, internetin modemini, pərdələri və bəzi digər ev əşyalarını oğurladığını bildirmiş, lakin təhqiqatçı qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 mart 2022ci il tarixli qərarda hadisəni törədən Ayan adlı şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün materialın ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə təhqiqatçı tərəfindən qəbul edilmiş həmin qərara münasibətdə qeyd edir ki, təhqiqatçı tərəfindən barəsində şikayət verilmiş şəxsin şəxsiyyəti müəyyən edilmədən, həqiqətən də Şəhla İbadovanın evində belə bir şəxsin kirayə qalıb-qalmaması araşdırılmadan, həmin şəxsin müəyyən edilərək izahatı alınmadan, zərərçəkmiş şəxsin evindən bir ədəd meyvə vazasının, internetin modeminin, pərdələrin və bəzi digər ev əşyalarının oğurlandığını göstərməsinə əhəmiyyət vermədən həmin digər əşyaların nədən ibarət olmasını, onların hər birinin dəyərini və məbləğini müəyyən etmədən özünün şəxsi düşüncələri əsasında həmin əşyaları 124 manat dəyərində qiymətləndirməklə şəxsiyyəti müəyyən edilməyən, adı təhqiqatçının özünün müəyyən etdiyi Ayan olan şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir ki, məhkəmə həmin qərarın tamamilə qanunvericiliyin tələblərinə zidd olması və bununla da həmin təhqiqat materialı əsasında tərtib edilmiş digər bütün sənədlərin, o cümlədən, inzibati xəta haqqında protokolun qanunsuz olması qənaətinə gəlir. Məlum məsələdir ki, hər hansı bir şəxs barəsində “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilərkən ilk növbədə həmin şəxsin kimliyi və şəxsiyyəti dəqiq müəyyən edilməli, kimin barəsində hansı əsasla cinayət işinin başlanmasının rədd olunması aydın şəkildə həmin qərarda öz əksini tapmalıdır. Nəzərə alınsa ki, hazırki şikayət ərizəsi üzrə əgər belə bir əməl həqiqətən törədilmişdirsə, əməlin cinayət və ya inzibati xəta olmasının müəyyən edilməsi üçün ən əsas amil vurulmuş zərərin məbləğidir, məhkəmə qeyd edir ki, hazırki material üzrə zərərçəkmiş şəxsin qeyri-dəqiq formada göstərdiyi əşyaların dəyəri qanunamüvafiq qaydada müəyyən edilməmiş, təhqiqatçı isə öz mülahizələri əsasında zərərçəkmiş şəxsə 124 manat məbləğində ziyan vurulması qənaətinə gəlmişdir. Halbuki, zərərçəkmiş şəxsin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda əks olunmuş izahatında oğurlanmasını iddia etdiyi əşyaların nəinki dəyəri göstərilməmiş, heç həmin əşyaların qəti siyahısı da qeyd olunmamış və sadəcə bəzi digər ev əşyaları ifadəsindən istifadə edilməsi məqbul hesab edilmiş, təhqiqat orqanı isə bu cür mühüm halı araşdırmağı zəruri hesab etməmiş, nəticədə naməlum şəxs olan Ayan adlı şəxsin əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmişdir. Göründüyü kimi, səlahiyyətli orqan yalnız zərərçəkmiş şəxsin təhqiqat materialı araşdırılarkən öz mülahizələri əsasında verdiyi qeyri-dəqiq və aydın olmayan, şikayət etdiyi şəxsin adı belə düzgün göstərilməyən izahatını əsas götürməklə Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmiş, iş üzrə əlavə sübutların toplanmasına lüzum görmədən vurulmuş zərərin məbləğini öz mülahizələri əsasında 500 manat məbləğində göstərməklə inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl zərərçəkmiş şəxsin izahatı alınmamış və səlahiyyətli orqan yalnız onun təhqiqatçı tərəfindən komputer vasitəsi ilə yazılmış qeyri-dəqiq izahatına istinad etməklə kifayətlənmişdir. Polis orqanı tərəfindən Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübut yoxdur. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, iş materiallarında Şəxs tərəfindən AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6075/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6075/2022
26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver