Məhkəmə qərarları › İş №3(008)-608/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-608/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-608/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Məhəmmədəli Məmmədovun, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 8, mənzil 16-d qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, Sülh küçəsində ictimai qaydaları kobudcasına pozaraq nalayiq ifadələr işlətmiş, həmin tarixdə polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərmişdir. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Məhəmmədəli Məmmədov tərəfindən MN № ******* saylı, 28 yanvar 2025-ci il tarixli, MN № ******* saylı və 28 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Məhəmmədəli Məmmədov izahatında göstərmişdir ki, Şəxs 27 yanvar 2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, Sülh küçəsində özünü şübhəli apardığı üçün ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdə ictimai qaydaları kobudcasına pozaraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərərək əl-qol hərəkətləri edərək Şöbəyə getməkdən imtina etmişdir. Daha sonra o polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş, raportla Şöbə rəisinə müraciət olunmuş, həmin raport əsasında Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci və maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilmiş və onun həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 27 yanvar 2025-ci il tarixdə yaşadığı Bakıxanov qəsəbəsi, Sülh küçəsində olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq onlarla birlikdə Polis Şöbəsinə getməli olduğunu bildirdikdə etiraz edərək onlardan kim olduğunu və getmək səbəbini soruşduqda aralarında mübahisə baş vermişdir. Onların polis əməkdaşları olduğunu mülki geyimdə olduqları üçün bilməmişdir. Aralarında anlaşılmazlıq olmuşdur, onlara müqavimət göstərmək niyyəti olmamışdır. Daha sonra 13-cü Polis Şöbəsinə gətirilmişdir. Həmin vaxt əsəbi olduğundan nalayiq ifadələr işlətmişdir. Baş vermiş hadisədən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında göstərmişdir ki, 27 yanvar 2025-ci il tarixdə ərazidə xidmətdə olan zaman vətəndaş Şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşdıqda o ictimai qaydaları kobudcasına pozaraq nalayiq ifadələr işlətmiş, əl-qol hərəkətləri edərək onların qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərmiş, bu hərəkətlərinə davam etmiş, aqressiv danışaraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söydüyü üçün tərəflərindən ərazi üzrə şöbəyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında göstərmişdir ki, Şəxs şöbənin ərazisində özünü şübhəli apardığı üçün ona yaxınlaşdıqda, əl-qol hərəkətləri edərək onların qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərmiş, daha sonra ona suallar verdikdə aqressiv danışaraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söydüyü üçün tərəflərindən ərazi üzrə şöbəyə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, özünü şübhəli apardığı üçün polis şöbəsinə getməsini bildirmişlər. Şəxs buna məhəl qoymamış, tabesizlik göstərərək polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətdiyini, daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirildiyini bildirmişdir. AZA 017932 saylı, 27 yanvar 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 yanvar 2025-ci il tarixdə, saat 22:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını və şahid ifadələrini dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs baş vermiş hadisəyə görə peşmançılığını məsuliyyətini yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Lakin məhkəmə törədilən inzibati xətaların növ müxtəlifliyini, barəsində inzibati xəta törətmiş şəxsin hərəkətlərinin davam etdirilməsini inzibati tənbeh növünün seçilməsində nəzərə almağı məqsədəmüvafiq hesab edir. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmənin verilmiş suallarına cavabında Şəxs bildirmişdir ki, hadisənin baş vermə axınında polislər mülki geyimdə olduğundan onların polis əməkdaşları olduğuna inanmamış, bu səbəbdən də tabesizlik göstərmiş, mübahisə zəmnində özündə olmadığından söyüş söyən olmasada nalayiq ifadələr işlətməsini inkar etmir, bu onun cahilliyindən irəli gəlir. Baş vermiş hadisələrə münasibətdə peşmandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsidir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-nin 535.1-ci maddəsinə əsasən 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 27 yanvar 2025-ci il tarixdən, saat 20:20-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar