Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6098/2022 27.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 27 oktyabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6384/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə cavabdeh Şəxs elektron nəzarət qurğusunun dəyəri olan 1346,03 manat məbləğində pul vəsaitinin alınaraq Bakı Şəhər Probasiya İdarəsinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 icra işinin başqa icra məmuruna aid olduğunu, hazırda o, xəstə olduğundan inzibati xəta haqqında protokolu özünün tərtib etdiyini, borclunun axtarışla gətirildiyini və gətirildiyi gün barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, bu günədək məhkəmə qətnaməsi üzrə hər hansı ödənişin həyata keçirilmədiyini bildirmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. O, ölkə ərazisində olmadığından məhkəmə qətnaməsi üzrə heç bir ödəniş həyata keçirməmişdir. O, Rusiyadan yeni gəlmişdir. Artıq fəhlə kimi işləməyə başlamış və yaxın zamanda qətnamə üzrə ödəniş həyata keçirəcəkdir. Onun məhkəmə qətnaməsinin icrasını təmin edə bilməməsinin səbəbi maddi imkansızlığı və iş tapmaq üçün ölkə hüdudlarından kənara getməsi olmuşdur. Göstərilən halların üzürlü hal kimi nəzərə alınmasını və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6384/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə cavabdeh Şəxs elektron nəzarət qurğusunun dəyəri olan 1346,03 manat məbləğində pul vəsaitinin alınaraq Bakı Şəhər Probasiya İdarəsinin xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 14 mart 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6384/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli, 2(039)-3516/2017 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “Borclunun axtarışı haqqında” 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 27 oktyabr 2022-ci il tarixli izahatdan görünür ki, o, icra məmurunun sualına cavab olaraq maddi imkanının olmadığını, məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş məbləği hissə-hissə ödəməyə hazır olduğunu, tam ödəniş etməyə maddi imkanının olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icra yönəldilməsi və icraata başlama barədə qərarın, o cümlədən, tələbin könüllü icrası barədə bildirişin Şəxs tərəfindən alınmasına, onun ümumiyyətlə qətnamənin icraya yönəldilməsindən xəbərdar olmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bununla yanaşı, iş materiallarına borclunun axtarışı barədə qərar əlavə edilərək həmin şəxsin axtarışla gətirilməsinə dair sənəd əlavə olunsa da, Şəxs məhkəmə iclasında ölkə ərazisində olmadığını, işləmək üçün Rusiyaya getdiyini, lakin müharibəyə görə iş tapa bilmədiyini və geri qayıtdığını göstərmişdir ki, bu da onun icra məmurunun çağırışlarından xəbərsiz olmasına və çağırışlardan qərəzli yayınmamasına dəlalət edir. Göstərilən xüsusat icra məmuru tərəfindən ümumiyyətlə araşdırılmadan, barəsində inzibati qaydada icraat aparılan şəxsə bu barədə hər hansı sual verilməməklə həmin aydınlaşdırılmadan şəxs icra şöbəsinə təhvil verilən kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs həm icra şöbəsində verdiyi izahatında, həm də məhkəmə iclasında icra sənədinin icrasından yayınmadığını, sadəcə maddi imkansızlığı səbəbindən və işləmədiyindən icra sənədini birdəfəyə tam icra edə bilmədiyini göstərmişdir ki, bu hal özü də icra sənədinin icrasının üzürsüz yayınma halının olmasını istisna edir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, bu halın onun ölkə ərazisində olmaması və işləməməsi ilə bağlı olması müəyyən edilmişdir. Borclu barəsində axtarış elan edilməsinə dair qərara münasibətdə isə məhkəmə qeyd edir ki, həmin qərar borclunun icra məmurunun bildirişlərini alaraq və ya icra sənədindən məlumatlı olaraq icra şöbəsinə gəlmədiyinə görə deyil, onun yaşadığı yerin müəyyən edilməməsi səbəbindən qəbul edilmişdir ki, bu da bir daha icra məmurunun borclunun yaşayış yeri barədə məlumatlı olmamasına və icra sənədi barədə onu məlumatlandıra bilməməsinə dəlalət edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6384/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli icra sənədindən görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 06 aydan artıq müddət keçmiş, lakin icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən, şəxsi icra şöbəsinə daha əvvəl dəvət edərək izahatını almadan, ona məhkəmə qətnaməsini icra etməyəcəyi təqdirdə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq etmədən, onun əmlakının olub-olmaması, yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6098/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6098/2022
27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver