Məhkəmə qərarları › İş №3(008)-6102/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6102/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6102/2025 18.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 539.1-1-ci maddəsi ilə 01 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, ƏM-nin 172.4-cü maddəsinin tələbinə uyğun olaraq X1-haqq hesabının qanunvericiliyə uyğun olaraq hesablanıb tam ödənilməsi ilə bağlı DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-20667/2025 nömrəli icrası məcburi göstəriş göndərilmiş, lakin həmin göstəriş yerin yetirilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X5 Xidmətinin X4 protokola uyğun izahat verərək bildirmişdir ki, Mahir İbrahimovun xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi elektron informasiya sistemində mövcud olan 03/15 nömrəli əmrdə istifadə edilməmiş 60 məzuniyyət gününə görə kompensasiya qeyd edildiyi, lakin son haqq-hesabının ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də ƏM-nin 172-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq Mahir İbrahimovun son haqq-hesabının 30 gün ərzində qanunvericilyə uyğun olaraq hesablanıb tam ödənilməsini təmin edib DƏMX-nin Bakı şəhər İdarəsinə məlumat verməsi üçün göstəriş verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati işə tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ƏM-nin 172.4-cü maddəsinin tələbinə uyğun olaraq X1-haqq hesabının qanunvericiliyə uyğun olaraq hesablanıb tam ödənilməsi ilə bağlı DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-20667/2025 nömrəli icrası məcburi göstəriş göndərilmiş, lakin həmin göstəriş yerin yetirilməmişdir. Nəticədə CONRAD MMC tərəfindən İXM-nin 539.1-1-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törədilmişdir. DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-20667/2025 nömrəli məktubundan görünür ki, Mahir İbrahimovun xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi elektron informasiya sistemində mövcud olan 03/15 nömrəli əmrdə istifadə edilməmiş 60 məzuniyyət gününə görə kompensasiya qeyd edildiyi, lakin son haqqhesabının ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də ƏM-nin 172-ci maddəsinin 4cü hissəsinə uyğun olaraq Mahir İbrahimovun son haqq-hesabının 30 gün ərzində qanunvericilyə uyğun olaraq hesablanıb tam ödənilməsini təmin edib DƏMX-nin Bakı şəhər İdarəsinə məlumat verməsi üçün göstəriş verilmişdir. Azerpoçtun Göndərişlərin izlənməsi xidməti üzərindən görünür ki, SS924540322AZ məktubu xx.xx.2025-ci il tarixdə alıcıya çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. (Qeyd: xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə qədər İXM-in 38.1-ci maddəsində həmin müddət üç ay, dəyişiklikdən sonra dörd ay müəyyən olunmuşdur.) Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan dörd aylıq müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilməli olduğuna görə Şəxs MMC barəsində həmin Məcəllənin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati orqan tərəfindən pozuntunun aşkar olunması 2025-ci fevral ayında müəyyən edilmiş və bununla bağlı Şəxs MMC-nin ünvanına xx.xx.2025-ci il tarixli 3-17- 5/2-20667/2025 nömrəli icrası məcburi göstəriş göndərilmişdir. Göstəriş icra edilmədiyi üçün inzibati orqan tərəfindən Şəxs MMC-nin barəsində 01 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin qanunla dörd ay müəyyən olunmasını nəzərə aldıqda inzibati xəta haqqında protokolun tərtib edildiyi 01 may 2025-ci il tarixdən dörd aydan artıq müddətin keçdiyi müəyyən olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, artıq inzibati orqan tərəfindən pozuntu halı müəyyən edilmiş və bununla bağlı xx.xx.2025-ci il tarixdə MMC-nə məktub göndərilmiş və MMC barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Buna görə də Şəxs MMC müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olduğu üçün o, Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə bir daha qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Belə ki, İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta(idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəsilində yer almaqla) bu Məcəllənin 38.1-ci maddəsində sadalan, törədildiyi gündən ən geci 1 il keçənədək inzibati tənbehin verilməsi mümkün olan inzibati xətalara aid deyildir. Məhz bu səbəbdən müddət keçməsinə baxmayaraq şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsində həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməli olmasına dair imperativ norma müəyyən olunmuşdur. Kifayət qədər əsaslandırılan hallar və Azərbaycan Respublikası İXM-in normalarının qanuni tətbiqinin təmin edilməli olmasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, bu Məcəllənin 53.1.6-cı maddəsinə əsasən Şəxs MMC barəsində İXM-in 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar