Məhkəmə qərarları › İş №3(008)-611/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-611/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-611/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1 ştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Maştağa qəsəbəsi, S.S.Ağa küçəsi yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə Şəxs tibbi müayinəsi zamanı narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 xx.xx.2025-ci il tarixli, MN 19742234 və MN ******* saylı inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, Kəbir adlı tanışı ilə ad günündən çıxıb taksi ilə evə gedən zamanı polis əməkdaşları onları saxlamışlar. Onlardan konum üzrə gəlib-gəlməmələrini müəyyənləşdirmələri üçün telefonlarını vermələrini tələb etmişlər. Onlar da telefonlarını təqdim etmişlər. O polis əməkdaşının onun şəxsi yazışmalarına və səs yazısına qulaq asdığını görmüş və buna öz etirazını bildirmişdir. Bununla bağlı polislər onları bölməyə dəvət etmişlər onlar da etiraz etməyərək getmişlər. Daha sonra “Respublika Narkoloji Mərkəzi” X3 narkoloji tibbi müayinədən keçmiş, narkotik vasitədən istifadə etdiyi aşkar olunmuşdur. O, narkotik vasitə istifadəçisidir, polis işçilərinin qanuni tələblərinə hər hansı tabesizlik göstərməmişdir. Təxminən 1-2 ay bundan öncə narkotik vasitə qəbul etmişdir. Beləliklə o, törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə halların təkrarlanmayacağına söz vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN 19742234 və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Maştağa qəsəbəsi, S.S.Ağa küçəsi yaxınlığında polis əməkdaşlarının qanuni tələblərini pozaraq qəsdən tabesizlik göstərmiş və tibbi müayinə zamanı narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2025-ci il tarixli ƏÇPA – nın 8 –ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Maştağa qəsəbəsi, dərə məhəllə adlanan ərazidə iki nəfər şəxs onları görüb qaçmağa başlamışlar, onlad dərhal həmin vətəndaşları saxlayaraq özlərini təqdim etmişlər. Vətəndaşlardan qaçmaqlarının səbəbini soruşduqda onlar tabesizlik göstərərək yayınmağa çalışmışlar. Onlar da fiziki güc tətbiq edərək onları 14-cü PŞ-nə dəvət etmişlər. xx.xx.2025-ci il tarixli, 419 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində MOP (+), METT (+) aşkar olunur, ıı dərəcəli əlil olması ilə əlqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; İnzibati qaydada tutma haqqında 27 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 27 yanvar 2024-cü il tarixdə saat 04:20-də inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir;http://e-qanun.az/alpidata/code/data/0/c_c_13.htm 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, narkoloji tibbi yoxlama rəyi və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs narkotik vasitədən istifadə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin nə məhkəmə iclasında, nə də təqdim olunmuş iş materiallarında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Sabunçu RPİ 14-cü PŞ-nin polis əməkdaşları tərəfindən tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə Maştağa qəsəbəsi, S.S.Ağa küçəsi ərazisində polis əməkdaşlarının qanuni tələblərini pozaraq qəsdən tabesizlik göstərməsindən bəhs etsə də, aydın olmur ki, Şəxs polisin hansı qanuni tələblərinə tabe olunmamış və həmin tabe olmama nədə ifadə olunmuşdur. Eyni zamanda iş materiallarında olan Şəxs izahatından, eləcə də məhkəmə iclasında vermiş olduğu izahatında Şəxs heç bir tabesizlik etmədiyini, əksinə polis əməkdaşları ilə birlikdə bölməyə getdiyini bildirmişdir. Bunun əksini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, İİ qrup əlil olmasını nəzərə alıb və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar