Məhkəmə qərarları › İş №3(008)-6119/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6119/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6119/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3, hüquqi şəxs Şəxs direktoru X1 iştirakları ilə, Şəxs (VÖEN-**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC icbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2025-ci il tarixdən AR ƏM-nin 225-ci maddəsinin tələblərini pozaraq işçilərini istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin olunmamışdır. Bununla da hüquqi şəxs tərəfindən İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5 protokolun məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, vəzifəli şəxs ilə hüquqi şəxs ayrı-ayrılıqda məsuliyyət daşıyır. Vəzifəli şəxsin məsuliyyət azad olunması hüquqi şəxsi azad etmir. Protokolu müdafiə edərək hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, Azərbaycan Respublikasında 18-20 yanvar (3 gün) qeyri iş günü sayıldığından və "xxxx" MMC-nin aidiyyəti vəzifəli şəxsi olaraq tərəfindən işçilərin istehsalatda bəbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması xx.xx.2025-ci il tarixdə təmin edilsə də, qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki, İnzibati xəta haqqında MN ******* saylı protokolun tərtib olunduğu xx.xx.2025-ci il tarixə "xxxx" MMC-nin işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmişdir. Artıq bir ilə yaxındır ki, bu məsələ ilə bağlı protokol tərtib edilmiş, vəzifəli şəxs kimi onun barəsində olan qərardan şikayət vermiş, məhkəmə qaydasında həmin qərar ləğv edilmiş və apellyasiya məhkəməsində həmin qərar qüvvəsində saxlanılmışdır. Bununla bağlı qərarları məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 23 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanma təmin edilməmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-1318/2025 saylı qərarından görünür ki, hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 04 fevral 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-1467/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-1318/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. 81-1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 127-4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 469.2-ci maddəsinə əsasən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüququ şəxsin nümayəndəsi X2 tərəfindən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi və bununla da, hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)- 1318/2025 saylı qərarından görünür ki, “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumatlar göstərilmişdir. Bununla da hüquqi şəxs X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-1318/2025 saylı qərarı ilə hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-1467/2025 saylı qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakıə şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)- 1318/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə eyni xəta pozuntusuna görə vəzifəli şəxs barəsində təqsirliyili sübuta yetirilmədiyinə görə iş üzrə icraata xitam verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir(İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. İXM-nin 18.2-ci məddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, qeyd edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Qanunvericiliyin mənasına görə hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarından göründüyü kimi eyni xəta pozuntusu ilə bağlı hüquqi şəxsin vəzifəli şəxsi barəsində inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilmiş və hazırki vəziyyətdə həmin əmələ görə hüquqi şəxsin inzibati məsuliyyətindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə hüququi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC(VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar