Məhkəmə qərarları › İş №3(008)-6133/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6133/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6133/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirməsi faktı aşkar edilmişdir. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə rəisi C.Məmmədov tərəfindən MN № ******* saylı, 06 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarını araşdırıb hesab edirəm ki, material səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildiyindən və natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın: 26-2-ci bəndinə əsasən Məcəllənin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: 26-2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından - bu Siyahının 31-5.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər(inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından-rəqəmsal inkişaf və nəqliyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri); 26-2.2. informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçilərinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri malikdir. 26-6-cı bəndinə əsasən Məcəllənin 375, 388-1.1.2, 388-1.2 və 459.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından–bu Siyahının 31-5.2-ci bəndində nəzərdə(inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından – rəqəmsal inkişaf və nəqliyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri) tutulan vəzifəli şəxslər malikdirlər. Göründüyü kimi, İXM-nin 388-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır və bu halda inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçilərinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinlərinin səlahiyyətinə aiddir. Hazırki iş üzrə göstərilən tələb pozulmuş, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən, yəni Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru C.Məmmədov tərəfindən tərtib edilmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda Şəxs tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi qeyd edilmişdir. İnzibati xəta haqqında protokolda şəxsin bu əməli törətməsi nəticəsində ümumi olaraq İXM-nin 388-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Həmin maddənin məzmunundan görünür ki, qeyd edilən maddənin bir neçə bəndi vardır. Protokolda onun əməlinin İXM-nin 388-1-ci maddəsinin konkret olaraq hansı bəndinə aid olduğu qeyd edilməmişdir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını təsdiq edən sənəddir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən şəxsin törətməkdə ittiham olunduğu əməl (inzibati xətanın mahiyyəti) və həmin əməlin aid olduğu İXM-nin müvafiq maddəsi təfsilatlı şəkildə göstərilmişdir. Protokol tərtib edən orqan tərəfindən qanunvericiliyin qeyd edilən tələbləri də pozulmuşdur. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokol məhkəməyə daxil olsa da, protokolun “müəyyən etdi” hissəsində xətanın konkret nədən ibarət olması və inzibati xətanın törəldiyi tarix qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol(prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. 111.3-cü maddəsinə əsasən-inzibati həbs tənbeh növü nəzərdə tutulan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 388-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması: 388-1.1. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - 388-1.1.2. internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 388-1.2. İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol yuxarıda qeyd edilən pozuntularla tərtib olunduğundan protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Tərtib edilmiş protokol üzrə maddənin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan, inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar