Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-618/2025 07.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X3 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinın 10 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati orqan inzibati tənbeh vermə haqqında qərarda özəl tibbi fəaliyyətlə məşğul olmaqla qanun pozuntusuna yol verildiyini göstərsə də, epilyasiya və qaş düzümünün tibbi xidmət hesab olunub-olunmamasını müəyyən etməmişdir. İnzibati xəta təşkil edən əməlin tərkibi aktda əks edilmədiyi halda onun AR İXM-nin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qanuna uyğun deyil. Bununla yanaşı, səlahiyyətli heç bir əlavə araşdırma aparmadan qanunla inzibati xəta haqqında protokolun tərtib olunması üçün müəyyən olunmuş iki günlük müddəti də pozmuşdur. Məhkəmə iclasında X3 göstərmişdir ki, o, uzun illərdir ki, “Leyla” gözəllik salonunu işlədir. O, özü tibb fakültəsini bitirmişdir. Hazırda onun işlətdiyi salonun qarşısında olan reklamda kosmetaloji fəaliyyətin göstərilməsi qeyd olunsa da, onun salonunda kosmetaloji xidmət uzun müddətdir ki, göstərilmir, lazer epilyasiyası isə kosmetaloji xidmətlərə aid deyildir. 17 dekabr 2024-cü il tarixdə o, özü salonda olmadığı vaxtda vergi xidmətinin bir qadın əməkdaşı mülki geyimdə salona gələrək qaş düzümü etdirmiş, daha sonra üzünə lazer epilyasiyası edilməsini xahiş etmişdir. Onun salonunda lazer epilyasiya aparatı olsa da, aparatda nasazlıq olduğundan, uzun dəqiqələr ərzində işlətmək mümkün olmadığından və aparatı təmir etmək çoxlu xərc tələb etdiyindən aparat işlək vəziyyətdə olmamış və gələn müştərilərə aparatın işləmədiyi bildirilməklə lazer xidməti göstərilməmişdir. Həmin günü gələn qadın təkidlə üzünə bir iki dəfə lazer vurulmasını xahiş etmişdir. O, özü salonda olmadığından onun köməkçisi 1-2 dəqiqəlik həmin qadının üzünə lazer epilyasiyası etmiş, qadın pulu verərək çıxıb getmişdir. Ümumiyyətlə lazer epilyasiyasının edilməsi kosmetaloji xidmətlərə aid deyildir. Bütün salonlarda sertifikat olmadan lazer epilyasiyası edilməkdədir. Çünki lazer epilyasiyasının sertifikasiya tələb edən kosmetaloji xidmətlərə aid olmasını təsdiq edən hər hansı norma yoxdur. Bu səbəbdən hesab edir ki, onun barəsində əsassız və qərəzli olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərar qəbul edilən zaman isə onun iştirakı təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında iş materiallarında olan sənədlər və Leyla Əhmədovanın özünün də məhkəmə iclasında göstərdiyi xüsusatlarla onun tərəfindən AR İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin öz təsdiqini tapdığını qeyd edərək şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Nümayəndə lazer epilyasiyanın kosmetaloji xidmətlərə aid olmasını təsdiq edən hər hansı konkret hüquq normasının olmadığını, lakin bununla bağlı AR Səhiyyə Nazirliyini mütəxəssislərinin çıxışlarının və bir sıra məqalələrin olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 dekabr 2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanda “Leyla” gözəllik salonunda 17 dekabr 2024-cü il tarixdə, saat 14:56 radələrində operativ vergi nəzarəti keçirilən zaman obyektdə müştəriyə göstərilmiş xidmətə görə-üz nahiyyəsinin lazer epilyasiyası-5AZN və qaş düzümü-3 AZN, ümumilikdə 8 AZN usta X1 nağd qaydada ödənilmişdir. “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” 17 dekabr 2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanda “Leyla” gözəllik salonunda lazer epilyasiyası xidmətlərinin yerinə yetirilməsi ilə məşğul olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış 18 dekabr 2024-cü il tarixli, 3-21-2-4/2-266974/2024 saylı məktubdan görünür ki, ünvan 1 ünvanda “Leyla” gözəllik salonunda operativ vergi nəzarəti keçirilmiş və fərdi sahibkar X2 xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan özəl tibb fəaliyyəti ilə (kosmetalogiya) məşğul olması müəyyən edilmişdir. İnzibati xəta haqqında 07 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, ünvan 1 ünvanda “Leyla” gözəllik salonunda lisenziya olmadan özəl tibb fəaliyyətin (kosmetalogiya) göstərilməsi aşkar edilmişdir. İnzibati tənbeh vermə haqqında 10 yanvar 2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 dekabr 2024-cü il tarixli akta əsasən X3 tərəfindən ünvan 1 ünvanda “Leyla” gözəllik salonunda lisenziya olmadan özəl tibb fəaliyyətin (kosmetalogiya) göstərilməsi aşkar edilmiş və X3 AR İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5000 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında 15 may 2017-ci il tarixli, 206 nömrəli qərarına əsasən kosmetaloji xidmət özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlərə aid olmaqla özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərə aiddir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında kosmetaloji xidmətin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlərə aid olmaqla özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərə aid olması göstərilsə də, lazer epilyasiyasının kosmetaloji xidmətlərə aid olmasına dair hər hansı xüsusat öz əksini tapmamış və bu halın əks olunduğu hər hansı hüquq normasına məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi tərəfindən də istinad olunmamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsinə hazırki iş üzrə şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan lazer epilyasiyası ilə aparılan prosedurun məhz kosmetaloji xidmətlərə aid olmasını təsdiq edən konkret istinad oluna biləcək normanın mövcudluğu ilə sual ünvanlandıqda nümayəndə lazer epilyasiyanın kosmetaloji xidmətlərə aid olmasını təsdiq edən hər hansı konkret hüquq normasının olmadığını, lakin bununla bağlı AR Səhiyyə Nazirliyini mütəxəssislərinin çıxışlarının və bir sıra məqalələrin olduğunu bildirmişdir. Nümayəndənin həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hər hansı şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə və şəxsin inzibati tənbehə məruz qalmasına əsas olan halı təsdiq edən Azərbaycan Respublikası qanunvericilik sisteminə daxil olan hər hansı hüquq norması olmadan, sadəcə məqalə və çıxışlara, yəni konkret subyektlər dairəsinin fikirlərinə və mülahizələrinə əsaslanmaqla şəxsin inzibati məsuliyyətə cəlb edilməsi tamamilə əsassız olmaqla AR İXM-nin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə AR İXM-nin 210.1-ci maddəsinin tərkibinin yaranması və hər hansı şəxsin həmin maddə ilə təqsirli bilinməsi üçün həmin şəxsin (və ya vəzifəli şəxsin işçisinin) lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmasının müəyyən edilməsinin zəruri olduğunu, hazırki halda X2 işlətdiyi gözəllik salonunda lazer aparatı ilə göstərilmiş xidmətin kosmetaloji xidmətə aid olmasını təsdiq edən hər hansı hüquq normasının olmadığını (bu halı məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi də təsdiq etmişdir), subyektiv mülahizələr, hüquqi əsası olmayan ehtimallar əsasında sözügedən salonda göstərilmiş xidmətin kosmetaloji xidmətlərə aid olması qənaətinə gəlinməsinin qanuni və əsaslı olmadığını nəzərə alaraq X2 əməlində AR İXMnin 210.1-ci maddəsinin tərkibinin olmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli və X2 əməlində AR İXM-nin 210.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-618/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-618/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver