Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6209/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ramazanovanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələri ilə Bakı şəhər X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, müəyyənetdi: Bakı şəhər X5 İdarəsindən daxil olmuş 12 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 12 iyul 2022-ci il tarixdə, saat 00:36 radələrində Şəxs AR İXM-nin 329.3 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-nin 329.3 və 343.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, 12 iyul 2022-ci il tarixdə o, həyat yoldaşı, dostu və onun həyat yoldaşı birlikdə oturduqları istirahət məkanından çıxarkən onun avtomobilini idarə etmək üçün sükan arxasında onun həyat yoldaşı oturmuş, o, isə hələ yerdə dayanaraq avtomobilə əyləşməmişdir. Onun həyat yoldaşının sürücülük vəsiqəsi və həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. O, həyat yoldaşına maşını dayanacaqdan çıxarmağa kömək edərkən polis əməkdaşları ona yaxınlaşaraq içkili olub-olmamasını soruşmuşlar, o, isə içkili olduğunu demişdir. Bu zaman polis əməkdaşları ona müayinəyə getməli olduğunu bildirmiş, o, isə etiraz edərək avtomobil idarə etmədiyini, hələ heç avtomobilə əyləşmədiyini, avtomobili onun həyat yoldaşının idarə etdiyini bildirmişdir. Lakin polis əməkdaşları onu dinləməmiş, ona fiziki zor tətbiq edərək polis avtomobilinə əyləşdirmişlər. Onun həmin zaman köynəyi də cırılmışdır. Həmin faktla bağlı o, sonradan Sabunçu rayon prokurorluğuna müraciət etmiş və hazırda həmin hallar araşdırılır. O, müayinəyə gətirikdə o, avtomobili idarə etmədiyindən, içkili vəziyyətdə sükan arxasında əyləşmədiyindən müayinədən imtina etmişdir.Əlavə olaraq qeyd etmək istəyir ki, ona qarşı zor tətbiq edərək onu xidməti avtomobilə əyləşdirən polis əməkdaşlarından biri işdən azad edilmiş, digəri isə sərəncamdadır. O, hesab edir ki, onun əməlində heç bir inzibati xəta tərkibi olmamışdır. Bu səbəbdən də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Şəxs AR İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı da törətmədiyini, sadəcə onu saxlama əsasını formal göstərmək üçün ona həmin maddə ilə protokol tərtib edildiyini, polis bölməsində də ona həmin maddənin formal olaraq inzibati xəta haqqında protokolda göstərilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X1 izahatında göstərmişdir ki, 12 iyul 2022-ci il tarixdə o, həyat yoldaşı və ailəvi dostları gecə saatlarında istirahət mərkəzindən çıxarkən həyat yoldaşı Şəxs içkili olduğundan avtomobili idarə etmək üçün o, sükan arxasına oturmuş, Orxan isə çöldə dayanaraq ona dayanacaqdan çıxmağa kömək edirmiş. Bu zaman polis əməkdaşları Orxana yaxınlaşaraq içkili olduğundan müayinəyə getməli olduğunu bildirmişlər. Orxan içkili vəziyyətdə sükan arxasında oturmadığını bildirərək müayinəyə getməkdən imtina etdikdə polis əməkdaşları onu dartaraq əynindəki köynəyi cırmışlar və onu fiziki zor gücü ilə öz xidməti avtomobillərinə əyləşdirib aparmışlar. Sonra isə orada olan başqa polis əməkdaşı ona avtomobili cərimə meydançasına aparmalı olduğunu bildirmiş, o, etiraz etdikdə polis əməkdaşı ona məhəl qoymayaraq heç bir əsas olmadan avtomobili cərimə meydançasına aparmışdır. İş üzrə səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Nissan Juke» minik markalı, ** RT *** ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış, o, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tibbi müayinədən imtina etdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 12 iyul 2022-ci il tarixli 1/3546 nömrəli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktdan görünür ki, həmin tarixdə Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinədən keçməkdən imtina etmişdir. AE 851709 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Şəxs B kateqoriyalı sürücülük vəsiqəsi olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyib, belə qənaətə gəlir ki, Şəxs AR İXMnin 343.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə sübuta yetirilmədiyindən həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də şahidin izahatları ilə müəyyən edilmişdir ki, 12 iyul 2022-ci il tarixdə Şəxs içkili olsa da, o, sükan arxasında əyləşməmiş və içkili vəziyyətdə avtomobili idarə etməmişdir. Halbuki, şəxsin əməlində AR İXM-nin 343.1-ci maddəsinin tərkibinin yaranması üçün həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hal mövcud olmalıdır. AR İXM-nin 333.1-ci maddəsində isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəzərdə tutulmuşdur ki, hazırki material üzrə Şəxs sərxoş vəziyyətdə avtomobili idarə etməsi müəyyən edilməmiş, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materiala isə bu hala dair hər hansı sübut əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki,inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan AR İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən və bununla da Şəxs həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 329.3-cü maddəsi ilə məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 329.3-cü maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhər X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs AR İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin həmin maddə ilə nəzərdə tutulmuş əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhər X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6209/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6209/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver