Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6209/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X3, Şikayət vermiş şəxs X2 nümayəndəsi “Femida” vəkil bürosunun vəkili X1 iştirakı ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi (vəkil) X4 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razılaşmır və halhazırda inzibati orqan tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli qərar Bakı İnzibati Məhkəməsində mübahisələndirilir. Həmin qərar əsassızdır. Hətta həmin qərar qanuni hesab olunsa belə, inzibati xətanın səlahiyyətli orqan tərəfndən aşkar olunduğu tarixdən qanunla müəyyən edilmiş 04 aylıq müddət keçmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X6 hüquqşünas olmadığından hüquqi məsələlərə dair çıxış edə bilməyəcəyini qeyd edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, 06 mart 2023-cü il tarixli müraciət əsasında idxal olunmuş 20370 kq kartof məhsul partiyası barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli qərarın icra edilməməsinə görə X5 AR İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində AR İXM-nin 116-cı maddəsi tətbiq edilməklə 4000 manat cərimənin şərti tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 3(008)-3879/2023 saylı qərarından görünür ki, X2 AR İXM-nin 544.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 26 may 2023-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilmiş və materialın yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 3(103)-1726/2023 saylı qərarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 3(008)-3879/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xətanın aşkar olunduğu vaxtdan qanunla müəyyən edilmiş müddət keçdiyindən şikayət təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə şikayət vermiş şəxs X2 şikayətdə göstərilmiş “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli qərarın Bakı İnzibati Məhkəməsində mübahisələndirilməsi və iddianın məhkəmə baxışında olması”na dair dəlilinə münaisbətdə qeyd edir ki, qanuni qüvvəyə minmiş inzibati qərarın mübahisələndirilməsi həmin qərarın icrasını dayandırmadığı kimi, şəxsi həmin qərarın icra etməli olmasına dair vəzifəsini də aradan qaldırmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə əsasən bu Qanunun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır. Həmin Qanunun 76.2-ci maddəsinə əsasən inzibati şikayətin verildiyi hallarda, şikayət olunan inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli qərarın qüvvədə olmasını və icrasının dayandırılmadığını nəzərə alaraq hesab edir ki, həmin qərar icra edilmədiyindən X2 əməlində AR İXM-nin 544.2-ci maddəsinin tərkibi olmuşdur. Lakin məhkəmə müvafiq inzibati xətanın 2023-cü ilin may ayında aşkar olunduğunu və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən 26 may 2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edildiyini, həmin qərarın ləğv olunaraq materialın yenidən inzibati orqana qaytarılmasına dair qərarın qəbul edildiyini və inzibati orqan tərəfindən növbəti «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edildiyini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53.1.6-ci maddələsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Hazırki işin hallarından görünür ki, müvafiq inzibati xəta 2023-cü ilin may ayında aşkar edilmiş və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən X2 AR İXM-nin 544.2-ci maddəsi il təqsirli bilinməsinə dair 26 may 2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmiş, həmin qərar Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 3(008)-3879/2023 saylı qərarı ilə ləğv edilərək material yenidən araşdırılması üçün inzibati orqana qaytarılmış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 3(008)-3879/2023 saylı qərarı Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 3(103)-1726/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanıldığı gün, yəni 07 sentyabr 2023-cü il tarixdə qüvvəyə minmiş, lakin səlahiyyətli orqan inzibati xətanın aşkar edildiyi gündən qanunla müəyyən edilmiş 04 aylıq müddət keçdikdən sonra-05 oktyabr 2023-cü il tarixdə «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» qərar qəbul etmşdir ki, bu da artıq həmin vaxt inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olmasına dəlalət edən haldır. Odur ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6209/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6209/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver