Məhkəmə qərarları › İş №3(008)-6218/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6218/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6218/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, zərərçəkmiş şəxslər X6 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1984-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni tikilidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 27 oktyabr 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 oktyabr 2022-ci il tarixdə, saat 20:50 radələrində avtomobilin sahibinin yanında VAZ-21043 markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsində düzgün ötmə əməliyyatı aparmayaraq qarşı əks istiqamətli yola çıxaraq manevr qaydasını pozub, yenidən öz hərəkət zolağına çıxarkən onunla eyni istiqamətdə hərəkətdə olan “Yamaha” markalı, 99-C-688 dövlət qeydiyyat nişanlı motosikleti vuraraq onunla toqquşmuş, motosiklet zərbədən yolun kənarına aşaraq dəmir çəlləklərə çırpılmışdır. Nəticədə motosiklet zədələnmiş və sərnişin X1 bədən xəsarəti yetirmişdir. Sürücü sonra hadisə yerindən yayınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxs X9 300 manat məbləğində pul verdiyini, onu bir dəfə bacısının işlədiyi xəstəxanaya apardığını, motosikletə dəymiş ziyanın sığorta tərəfindən ödəniləcəyini qeyd edərək məhkəmədən barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 Murad Həsən oğlundan şikayətçi olduğunu, Şəxs onları vuraraq hadisə yerində o vəziyyətdə qoyaraq qaçdığını, ona sonradan 300 manat pul verməsinə baxmayaraq, bir müddət sonra səhhətində ciddi problemlərin yarandığını, Murad Məhərəmovun ona inanmayaraq onu bacısının tibb bacısı işlədiyi xəstəxanaya apardığını, həmin tibb bacısının ona “qəsdən belə edirsən, Muradgildən heç nə ala bilməyəcəksən. Sənin heç nəyin yoxdur yalan danışırsan” dediyini, ondan sonra özünü daha pis hiss etdiyini və xəstəxanadan çıxıb getdiyini, səhhətində ciddi problemlərin yarandığını, həmin gündən sonra Şəxs onu bir dəfə də axtarıb soruşmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 onun motosikletinə dəymiş zərərin sığorta tərəfindən hesablandığını və yaxın zamanda ödəniləcəyini, hazırda Şəxs şikayətçi olmadığını bildirmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 oktyabr 2022-ci il tarixli, 2/24345 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, hadisə zamanı Şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 2400 saylı ekspert rəyindən görünür ki, X7 ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud-çanaq oynağı nahiyyəsinin yumşaq toxumalarının əziyi, boyun bağlarının gərilməsi və sol dirsək oynağı nahiyyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 08 oktyabr 2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. 20 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, 08 oktyabr 2022-ci il tarixdə vətəndaş X4 DİN 102 xidmətinə zəng edərək Stimul dairəsindən Koroğlu metrosuna gedən yolda B.Bünyatov küçəsində Yamaha markalı, 99-C-688 dövlət qeydiyyat nişanlı motosikleti Lada markalı avtomobilin vurması, motosikletdə olan X6 xəsarət alması və xəstəxanada olması bildirmişdir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından soncunun İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin polis baş leytenantı X11 tərəfindən tərtib edilmiş 27 oktyabr 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 oktyabr 2022-ci il tarixdə, saat 20:50 radələrində avtomobilin sahibinin yanında VAZ-21043 markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsində düzgün ötmə əməliyyatı aparmayaraq qarşı əks istiqamətli yola çıxaraq manevr qaydasını pozub, yenidən öz hərəkət zolağına çıxarkən onunla eyni istiqamətdə hərəkətdə olan “Yamaha” markalı, 99-C-688 dövlət qeydiyyat nişanlı motosikleti vuraraq onunla toqquşmuş, motosiklet zərbədən yolun kənarına aşaraq dəmir çəlləklərə çırpılmışdır. Nəticədə motosiklet zədələnmiş və sərnişin X1 bədən xəsarəti yetirmişdir. Sürücü sonra hadisə yerindən yayınmışdır. Zərərçəkmiş şəxs və şahidlərin izahatları ilə də yol-nəqliyyat hadisəsinin inzibati xəta haqqında protokolda göstərilən vəziyyətdə baş verməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında izahatları alınmış zərərçəkmiş şəxslərin və iş materiallarına əlavə edilmiş şahidlərin izahatları, müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərərçəkmiş şəxslərdən biri ilə barşıq əldə edildiyini (İXM 32.2), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.6-cı maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.6-cı maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 03 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs AR İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin həmin maddə ilə nəzərdə tutulmuş əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar