Məhkəmə qərarları › İş №3(008)-6238/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6238/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6238/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Rasim Hümmətovun, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1963-cü il tarixdə Naxçıvan MR-da anadan doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naxçıvan MR, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu qəsəbəsi, H.Sultanov küçəsi 12A ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 22 sentyabr 2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 03 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22 avqust 2022-ci il tarixdə saat 21:00 radələrində yaşadıqları mənzildə, Sabunçu rayonu, H.Sultanov küçəsi 12A saylı evdə keçmiş həyat yoldaşı Zabitə Əliyevanı döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Rasim Hümmətov izahatında bildirdi ki, Şəxs 22 avqust 2022-ci tarixdə X3 döymüş, zərərçəkmiş şəxs 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli hesab etməyərək göstərmişdir ki, o, ümumiyyətlə zərərçəkmiş şəxs X3 həmin gün vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ona böhtan atır. Barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, o, Şəxs şikayətçidir. Belə ki, onlar uzun müddətdir boşansalar da, Şəxs onu hər dəfə narahat edir, ona qarşı nalayiq ifadələr işlədir. Onun yaşadığı yeürə gəlir və həmin evin həyətində gəlir. Hadisə günü o, Şəxs tərəfindən döyülmüşdür və onda xəsarətlər aşkar edilmişdir. Hazırda Şəxs şikayətçidir və onunla barışmır. Qeyd olunanları nəzərə alaraq şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün materialın aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyi” X8 canlı şəxsin ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 1949 saylı rəyindən görünür ki, X2 boyun və sağ bayır topuq nahiyələrinin qançırları, sağ dirsək, sol said və sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, müddəti qərarda göstərilən 22 avqust 2022-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Rasim Hümmətov tərəfindən tərtib edilmiş 03 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 avqust 2022-ci il tarixdə X3 döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X1 döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyi” X8 canlı şəxsin ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 1949 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 noyabr 2022-ci il tarixdən, saat 17:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar