Məhkəmə qərarları › İş №3(008)-6245/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6245/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6245/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1994-cü il tarixdə Tovuz rayonu, Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsindən daxil olmuş 19 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 19 noyabr 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində, Böyük Şor gölü yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru X2 bildirdi ki, 19 noyabr 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində, Böyük Şor gölü yaxınlığında Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilən idman normativi zamanı Şəxs tələblərə əməl etmədən həmin ərazidə qalmışdır. Şəxs həmin ərazidən uzaqlaşması bildirilmiş, lakin o, tələbə əməl etməmişdir. O, həmin vaxt orada olmadığından Sənan Nurəddin oğlunun tabesizliyinin dəqiq səbəbi barədə məlumatı yoxdur. Şəxs polis şöbəsinə gətirildikdən sonra raport tərtib edilərək növbətçi hissəyə təhvil verilmişdir. Həmin ərazi onun xidmət sahəsinə daxil olduğundan, protokolun tərtib edilməsi ona həvalə edilmişdir. Faktla bağlı, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan hallar nəzərə alınaraq, tərtib edilmiş inzibati protokolun əsaslı hesab edilməsini və şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, o, polisin qanuni tələblərinə tabe olmayacaq hər hansı hərəkətə yol verməmişdir. Belə ki, o, taekvando müəllimi olaraq fəaliyyət göstərir və çox vaxt tələbələrlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində, Böyük Şor gölü yaxınlığında məşq keçirir. 19 noyabr 2025-ci il tarixdə həmin ərazidə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq, ərazidə idman normativi keçirildiyini əsas gətirərək oradan uzaqlaşmasını tələb etmişlər. O, yanındakı valideynlərə və tələbələrlə birlikdə ərazini tərk etmələrini bildirmişdir. Lakin tələbələrin bir qismi uzaq məsafəyə qaçıb geri dönməli olduğundan və əksər uşaqların azyaşlı olması səbəbindən özü ərazini tərk edə bilməmişdir. Polis əməkdaşları yenidən ona yaxınlaşaraq ərazini tərk etməməsinin səbəbini soruşmuş, o isə yanındakı valideynlər və tələbələrin ərazini tərk etdiklərini, qalan uşaqların isə az yaşlı olduğundan və onlara görə məsuliyyət daşıdığından ərazini tərk edə bilmədiyini, onların geri dönməsindək gözləməli olduğunu, əks halda gəlib onu tapmayacaqları halda narahatlıq olacağını bildirmişdir. Polis əməkdaşları buna baxmayaraq tələbləri yerinə yetirmədiyi üçün ona avtopatrula əyləşməyə təklif etmişdir. O, avtopatrula əyləşməyə etiraz etməyərək polis əməkdaşlarının tələbinə uyğun hərəkət etmiş və polis şöbəsinə gətirilmişdir. Daha sonra məhkəməyə təqdim edilmişdir. Hadisə zamanı polis əməkdaşlarına tabesizlik göstərməmiş və ona avtopatrula əyləşməsi bildirildiyi vaxt qanuni tələbi yerinə yetirmişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, geri qalan tələbələr gəlsin, sonra birlikdə ərazini tərk edəcəklər, lakin bu qeyd olunan məlumat nəzərə alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 19 noyabr 2025-ci il tarixli, MN serıyalİ ******* saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 19 noyabr 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində, Böyük Şor gölü yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 19 noyabr 2025-ci il tarixli, AZA 017061 nömrəli protokoldan görünür ki, Şəxs 19 noyabr 2025-ci il tarixdə, saat 14:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamış, əksinə onun təqsirli olması məhkəmə araşdırması nəticəsində təkzib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik yalnız həmin tələblərin qanuni və icra olunmalı olduğu hallarda inzibati məsuliyyət yaradır. Polis əməkdaşlarının tələbinin qanuni hesab olunması üçün onun məqsədinin, məzmununun və təqdim olunma şəraitinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olması zəruridir. Hadisə 19 noyabr 2025-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində, Böyük Şor gölü yaxınlığında baş vermişdir. Şəxs həmin ərazidə taekvando müəllimi kimi fəaliyyət göstərmiş və tələbələrlə məşq keçirmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq ərazini tərk etməsini tələb etmişdir. Şəxs yanındakı valideynlər və tələbələrə ərazini tərk etmələrini bildirmişdir. Lakin əksər tələbələr azyaşlı olduğundan və uzaq məsafəyə qaçan uşaqlar geri dönməli olduğundan, Şəxs onların təhlükəsizliyinə görə ərazini dərhal tərk edə bilməmişdir. Polis əməkdaşlarının ikinci dəfə ərazini tərk etməsini tələb etməsinə baxmayaraq, Şəxs vəziyyəti izah etmiş və səbəbləri bildirmişdir. Şəxs polis əməkdaşlarının tələbinə etiraz etmədən avtopatrula əyləşmiş və polis şöbəsinə gətirilmişdir. Yəni hadisə zamanı Şəxs polis əməkdaşlarına tabesizlik göstərməmişdir. İş materiallarında Şəxs törətdiyi inzibati xəta üzrə konkret sübut və ya fakt qeyd olunmamışdır. İş üzrə təqdim olunan materiallardan, o cümlədən məhkəmə iclasında dindirilmiş şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru X1 izahatından aydın olur ki, 19 noyabr 2025-ci il tarixində Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində polisin qanuni tələbinə tabe olmuş, onlara qarşı heç bir müqavimət və ya tabesizlik göstərməmişdir. O, polis əməkdaşlarının xidməti avtomobilinə könüllü şəkildə əyləşərək polis şöbəsinə getmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmiş, məhkəmə iclasında Şəxs polisə tabesizlik göstərmədiyini bildirmişdir. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmiş, əksinə məhkəmə araşdırması nəticəsində onun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmadığından və bununla da onun təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməli və o, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar