Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6256/2022 05.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Zəngilan rayonu, Turabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Neftçilər 100 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 05 noyabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-1239/2019 saylı, 29 noyabr 2019-cu il tarixli icra sənədlərindən görünür ki, 27 mart 2014-cü il təvəllüdlü X2 və 11 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Səfquluyeva (Mehbalıyeva) Pərvanə Ayaz qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Şəxs mütəmadi olaraq hər ay aliment ödənişi edir. O, özü ikinci qrup əlildir və əlilliyə görə pensiya alır. Heç yerdə işləmir. Sadəcə tələbkar aliment borcunu tələb etdiyinə görə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru 2020-ci ildən bu günədək borclunun icra şöbəsinə dəvət edilmədiyini və ona xəbərdarlıq edilmədiyini, izahatlarının alınmadığını biildirmiş və qeyd etmişdir ki, buna səbəb Şəxs yataq xəstəsi olması olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. O, hər ay mütəmadi olaraq əlilliyə görə aldığı pensiyadan aliment ödənişi edir. O, əlil olduğundan iş tapa bilmir. Lakin buna baxmayaraq ayda 100 manat aliment ödənişi edir, tez-tez uşaqları ilə görüşür və onlara lazımi əşyalar alır. Onun maddi imkanı və sağlamlıq vəziyyəti aliment məbləğini tam ödəməyə imkan vermir. Göstərilənlərin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Saatlı Rayon Məhkəməsinin 2(055)-1239/2019 saylı, 29 noyabr 2019-cu il tarixli icra sənədlərindən görünür ki, 27 mart 2014-cü il təvəllüdlü X2 və 11 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Səfquluyeva (Mehbalıyeva) Pərvanə Ayaz qızının xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 12 dekabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-1239/2019 saylı, 29 noyabr 2019-cu il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “İcraata başlama haqqında” 14 yanvar 2020-ci il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-1239/2019 saylı, 29 noyabr 2019-cu il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “Tələbin könüllü icrası barədə” 12 dekabr 2019-cu il tarixli və 14 yanvar 2020-ci il tarixli bildirşlərin surətlərindən görünür ki, göstərilən bildirişlər Şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, Səfquliyev X1 (Mehbalıyeva) Pərvanə Ayaz qızına 100 manat, 120 manat olmaqla mütəmadi ödənişlər etmişdir. Portaldan çıxarışdan görünür ki, Şəxs ikinci qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə baxışı zamanı icra məmuru Şəxs tərəfindən məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş məbləğdən hər ay mütəmadi olaraq ödəniş edilməsini bildirmiş, iş materiallarında olan qəbzlərdən də görünür ki, tələbkara hər ay mütəmadi olaraq aliment məbləği ödənilmişdir. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə iclasında işləmədiyini, əlil olduğundan iş tapa bilmədiyini və hər ay əlillik pensiyasından tələbkara müəyyən məbləğdə ödənişlər etdiyini bildirmiş və göstərilən xüsusatlar icra məmuru tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmamaqla maddi vəziyyətinin imkan verdiyi məbləğdə qətnamə ilə müəyyən edilmiş məbləğdən mütəmadi olaraq müəyyən məbləğdə ödənişlər etmişdir ki, bu hal özü Şəxs tərəfindən icra sənədinin icra edilməmə səbəblərinin qərəzli xarakter daşımamasına, əksinə maddi vəziyyəti ilə əlaqədar onun icra sənədini tam icra edə bilmədiyinə dəlalət edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun əlil olmasına və iş yerinin olmamasına baxmayaraq hər ay davamlı olaraq əlilliyə görə aldığı pensiya məbləğindən alimenti ödəməsi müəyyən edilmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, 2020-ci il tarixdən bu günədək icra sənədi üzrə hər hansı icra tədbirləri həyata keçirilməmiş, şəxsə sonuncu dəfə 2020-ci ildə icra sənədini icra etmədiyi təqdirdə məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq edilmiş və o, ötən müddət ərzində icra şöbəsinə dəvət edilməmiş və izahatları alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə hər ay davamlı olaraq müəyyən məbləğdə əlilliyə görə aldığı pensiyadan ödənişlərin edilməsi təmin olunmaqla bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6256/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6256/2022
05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver