Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6259/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ağayeva Aytac Elşən qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli, EQ seriyalı, 29297476 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli, EQ seriaylı 29267476 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli, EQ 29267476 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 (altı yüz manat) AZN məbləğində inzibati cərimə edilmişdir. Belə ki, X4 mülkiyyətində olan və etibarnamə əsasında istifadəsində olan 99CJ883 dövlət qeydiyyat nişanlı “X6 furqon” markalı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, saat 11:36:11-də M-5 44.9 km, Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqamətində hərəkətdə olan zaman elektron tərəzi vasitəsilə nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisinin 20050 kq olduğu müəyyən edilmiş, sözügedən nəqliyyat vasitəsi üzrə çəki limitinin 18000 kq olduğu qeyd olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi üzrə EQ29267476 nömrəli protokol tərtib edilərək 600 (altı yüz manat) AZN məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra tərəfindən şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 15 iyul 2025-ci il tarixli, EQ 29267476 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli 3(008)-4555/2025 saylı qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati xəta törətməsinə dair DİN- nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, EQ 29267476 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinə göndərilmişdir. X5 tərəfindən lazımi araşdırma aparılmamış, əsassız olaraq barəsində yenidən 26 sentyabr 2025-ci il tarixli, EQ 29267476 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözügedən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun yüksüz kütləsi 11000 (on bir min) kq, yüklə birlikdə isə ümumi maksimal kütləsi 25 000 (iyirmi beş min) kq təşkil edir. Beləliklə, qeydiyyat şəhadətnaməsindən göründüyü kimi, elektron tərəzi vasitəsilə qeydə alınan 20 050 (iyirmi min əlli) kq kütlənin olması qanunvericilik baxımından qanun pozuntusu hesab edilməməlidir. Buna baxmayaraq, inzibati orqan onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olduğunu hesab edərək onu inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, sözügedən hal həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin əsaslarına, həm də Məcəllənin 12.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta anlayışına tamamilə ziddir. Qeyd olunan norma və prinsiplərə əsasən, 20 050 kq kütlənin elektron tərəzi vasitəsilə ölçülməsi nəticəsində hər hansı qanun pozuntusunun mövcudluğu barədə nəticə çıxarmaq mümkün deyil və inzibati tənbeh verilməsi hüquqi əsasını itirmiş hesab olunur. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-1-ci maddəsinin tələblərinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinin normanı aşması xüsusi texniki vasitələrlə aşkar edildikdə, bu hal üzrə inzibati icraatın aparılması müəyyən edilmiş prosedur çərçivəsində həyata keçirilməlidir. Belə ki, qeyd olunan maddəyə görə, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun nəzarət məntəqəsinə yönləndirilməli, orada saxlanmalı, normadan artıq yük boşaldılmalı, təkrar ölçmə aparılmalı və nəticələr real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürülməlidir. Eyni zamanda, inzibati tənbeh haqqında elektron qərarın və texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surəti sürücüyə təqdim olunmalıdır. Lakin konkret halda bu prosedurların heç biri yerinə yetirilməmiş, nəqliyyat vasitəsi heç bir nəzarət məntəqəsinə cəlb olunmamış, artıq yükün boşaldılması və təkrar ölçmə prosesi aparılmamış, inzibati qərarın surəti isə sürücüyə təqdim edilməmişdir. Bütün proses qanunvericilikdə nəzərdə tutulmuş mərhələlər keçilmədən, yalnız avtomatik qeydə alınmış ölçməyə əsasən sürücünün şəxsi kabinetinə elektron qaydada cərimə bildirişi göndərilməklə məhdudlaşmışdır. Bu isə 127-1-ci maddənin müddəalarının pozulması, inzibati icraatın qanunsuz və prosedur qaydalarına zidd formada aparılması deməkdir. Eyni zamanda, 99CJ883 dövlət qeydiyyat nişanlı X6 furqon markalı nəqliyyat vasitəsi inzibati xətanın baş verdiyi qeyd olunan M-5 avtomobil yolunun 44.9-cu kilometri, yəni Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqaməti üzrə hərəkət trayektoriyasına çatana qədər müxtəlif inzibati ərazi vahidlərindən keçmiş və həmin ərazilərdə nəqliyyat vasitələrinin çəkisinin ölçülməsi üçün quraşdırılmış bir neçə elektron tərəzi avadanlığı olan məntəqələrdən istifadə etmişdir. Lakin bu müddət ərzində nəqliyyat vasitəsinin çəki normativlərini aşması ilə bağlı hər hansı hüquqi və ya texniki qeydə rast gəlinməmiş, heç bir elektron tərəzi vasitəsilə bu xarakterli pozuntu müəyyən edilməmişdir. Bu faktlar, inzibati xəta protokolunun tərtib edildiyi texniki avadanlığın, yəni elektron tərəzinin düzgün və etibarlı işləməməsi ehtimalını ortaya çıxarır. Nəticə etibarilə, müvafiq texniki vasitədə sensor və ölçmə mexanizmləri ilə bağlı texniki nasazlığın mövcudluq ehtimalı əsaslı şəkildə nəzərdən keçirilməli, hər hansı inzibati qərarın qəbulunda bu halın nəzərə alınması vacibdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli, EQ seriaylı 29297476 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli, EQ seriaylı 29297476 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4555/2025 nömrəli, 04 avqust 2025-ci il tarixli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, EQ 29267476 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Həmçinin, həmin qərar əsasında aparılmış inzibati xəta üzrə iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilmişdir. Elektron kabinetdən əldə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, 99CJ883 dövlət qeydiyyat nişanlı “X6 furqon” markalı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, saat 11:36:11-də M-5 44.9 km, Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqamətində hərəkətdə olan zaman elektron tərəzi vasitəsilə nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisinin 20050 kq olmuşdur. Odur ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli, EQ 29297476 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-6259/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6259/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver