Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6263/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 10 noyabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-423/2021 saylı, 20 may 2021-ci il tarixli icra sənədindən görünür ki, 15 iyul 2020-ci il tarixdən başlayaraq 12 may 2008-ci il təvəllüdlü X6 və 24 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üşün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X3 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Şəxs mütəmadi olaraq hər ay 300 manat aliment məbləğindən 250 manat məbləğində ödəniş edir. Sadəcə məhkəmə qətnaməsi çıxarılanadək yığılımış borc olduğundan bu məbləğdə aliment borcu yaranmışdır.Şəxs fəhlə kimi işləyir. Dövlət Məşğulluq Xidmətində də qeydiyyatdadır. Hazırda inzibati xəta haqqında protokol tərtib etməsinin səbəbi tələbkarın aliment borcunun hamısını tələb etməsi olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. O, hər ay mütəmadi olaraq aliment ödənişi edir. Tam olaraq 300 manatı ödəyə bilməsə də, öz övladları üçün hər ay çətinliklə də olsa 250 manat məbləğində ödəniş edir. Uşaqlarının ad günlərində yanında olur, onların digər ehtiyaclarını əlindən gəldiyi qədər qarşılayır. Fəhlə kimi işlədiyindən bəzən bir müddət iş olmur və qazancsız qalır. Lakin buna baxmayaraq maddi imkanının yol verdiyi qədər icra sənədi üzrə ödənişlər edir. Göstərilənlərin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-423/2021 saylı, 20 may 2021-ci il tarixli icra sənədlərindən görünür ki, 15 iyul 2020-ci il tarixdən başlayaraq 12 may 2008-ci il təvəllüdlü X6 və 24 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üşün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X3 ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 24 may 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-423/2021 saylı, 20 may 2021-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs 10 noyabr 2022-ci il tarixli izahatından görünür ki, o, bu günədək aliment məbləğindən hər ay 250 manat olmaqla 4300 manat məbləğində ödəniş etmiş, sonuncu dəfə isə 02 gün əvvəl 250 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, **********2 saylı arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən 22 aprel 2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən adına hazırda qüvvədə olan əmək müaqaviləsi aşkar edilməmişdir. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs X3 hər ay 250 manat, bəzi hallarda isə 200 manat olmaqla mütəmadi ödənişlər etmiş, sonuncu ödənişi isə 250 manat olmaqla 04 noyabr 2022-ci il tarixdə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə baxışı zamanı icra məmuru Şəxs tərəfindən məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş məbləğdən hər ay mütəmadi olaraq ödəniş edildiyini bildirmiş, iş materiallarında olan qəbzlərdən də görünür ki, tələbkara hər ay mütəmadi olaraq 250 manat olmaqla ümumilikdə, cəmi 4300 manat məbləğində aliment məbləği ödənilmişdir. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə iclasında işləmədiyini, fəhlə kimi işlər gördüyünü, bəzi hallarda ümumiyyətlə iş olmadığını, Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olduğunu, bütün bu çətinliklərə baxmayaraq hər ay tələbkara aliment məbləğinin çox hissəsini (300 manat məbləğdən 250 manat olmaqla) ödədiyini, yığılan borcun məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra deyil, əsas hissəsinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən məhkəmə qətnaməsi çıxan tarixədək yığılan borc olduğunu bildirmiş və göstərilən xüsusatlar icra məmuru tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmamaqla maddi vəziyyətinin imkan verdiyi məbləğdə qətnamə ilə müəyyən edilmiş məbləğdən mütəmadi olaraq müəyyən məbləğdə ödənişlər etmişdir ki, bu hal özü Şəxs tərəfindən icra sənədinin icra edilməmə səbəblərinin qərəzli xarakter daşımamasına, əksinə maddi vəziyyəti ilə əlaqədar onun icra sənədini tam icra edə bilmədiyinə dəlalət edir. Bundan əlavə Şəxs icra sənədinin lazımi qaydada icrasının təmin edilməsi məqsədi ilə Dövlət Məşğulluq Xidmətində də qeydiyyata alınmış, lakin ondan asılı olmayan səbəblərdən hələ də işlə təmin edilməmişdir ki, bu da onun məhkəmə qətnaməsinin tam icrasının təmin edilməsi üçün bütün imkanlardan istifadə etməsinin göstəricisidir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun işsiz olmasına, günəmuzd işlər görməsinə baxmayaraq hər ay davamlı olaraq alimenti ödəməsi müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə hər ay davamlı olaraq aliment məbləğinin əsas hissəsini ödəməsi təmin olunduğundan və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6263/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6263/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver