Məhkəmə qərarları › İş №3(008)-6264/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6264/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6264/2023 07.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəat haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 03:21 radələrində idarə etdiyi «KİA RİO minik» markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Maştağa qəsəbəsində işıq cihazlarından istifadə qaydalaını pozduğu üçün saxlanılmış, həkim müayinəsindən keçirilən zaman narkotik vasitənin təsiri altında avtomobili idarə itdiyi aşkar edilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəat haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, içkili vəziyyətdə avtomobil idarə etmiş, barəsində cərimə tətbiq edilməsini xahiş edir. Protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə iştirak etməmişlər və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:21 radələrində idarə etdiyi «KİA RİO minik» markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Maştağa qəsəbəsində işıq cihazlarından istifadə qaydalaını pozduğu üçün saxlanılmış, həkim müayinəsindən keçirilən zaman narkotik vasitənin təsiri altında avtomobili idarə itdiyi aşkar edilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2023-cü il tarixli 1/4553 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə Şəxs 0,434 promil alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. xx.xx.2023-cü il tarixli 1/4553 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən göstərilən maddələr narkotik vasitələrin siyahısına daxildirlər və müayinə nəticəsində Şəxs sözügedən narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrədən istifadə etmək haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli, İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar