Məhkəmə qərarları › İş №3(008)-6272/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6272/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6272/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin sahə inspektoru, polis leytenantı Vüqar Mirzəyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi tərəfindən MN ******* saylı, 11 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs narkoloji rəyə əsasən narkotik vasitə qəbul etməsi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin sahə inspektoru, polis leytenantı Vüqar Mirzəyev iş materiallarına əlavə edilmiş narkoloji rəyə əsasən Şəxs narkotik vasitə istifadəçisi olmasının müəyyən edildiyini qeyd edərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, əvvəllər arada bir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. O, müharibə iştirakçısı olduğundan müharibədən sonra aldığı xəsarətlərlə bağlı ağırlarının qarşısını almaq üçün narkotik vasitədən istifadə etmişdir. Özü qazidir və medalları var. Son zamanlar ümumiyyətlə narkotik vasitədən istifadə etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* saylı, 11 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkoloji dispanserdə yoxlama zamanı narkotik vasitə qəbul etməsi aşkar edilmişdir. AZA 018033 saylı, 10 noyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 noyabr 2022-ci il tarixdə, saat 12:00-da tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 noyabr 2022-ci il tarixli, 6686 saylı rəyindən görünür ki, Şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 206-cı maddəsi ilə təqsirli olması iş materialları öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında izahatı alınmış barəsində inzibati qaydada icraat aparılan şəxs əvvəllər narkotik vasitə olan marixuandan istifadə etdiyini, lakin uzun zamandır ki, artıq istifadə etmədiyini göstərmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli rəyində Şəxs kannabioidlərdən istifadə etmə hallarının olması, lakin hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması qeyd olunmuşdur. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş və iş üzrə yekun nəticəyə gəlmək üçün həlledici sübut növlərindən biri hesab edilən ekspert rəyində mücərrəd formada Şəxs narkotik vasitədən istifadə etmə hallarının olması göstərilsə də, onun ən son təxmini hansı tarixdə və ya rəyin verilməsindən neçə gün əvvəl narkotik vasitədən istifadə etməsi göstərilməmiş və hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması qeyd olunmuşdur ki, bu hal özü verilmiş ekspert rəyinin yekun nəticəyə gəlmək üçün yetərli olmamasına dəlalət edir. Nəzərə alınsa ki, hazırda Şəxs hazırda narkomaniya xəstəliyin heç bir əlaməti aşkar edilmir, onun istifadə etmə halının isə şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün qanunla nəzərdə tutulmuş 03 aylıq müddətdən neçə gün və ya ay əvvəl istifadə etməsini müəyyən etmək mümkün deyil, belə halda şəxsin AR İXM-nin 206-cı maddəsi ilə narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə Şəxs AR İXM-nin 206-cı maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar