Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-63/2023 06.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əhmədova Göyçək Vahid qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində yoxlama zamanı sidiyində narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin polis sahə inspektoru X2 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə “Asan 3” xidmətinə şəxsiyyət vəsiqəsini dəyişmək üçün getmiş, orada mülki öhdəliklərini yerinə yetirmədiyi üçün asan xidmətin polis əməkdaşları tərəfindən 12-ci PŞ-yə məlumat verilmişdir. Daha sonra Şəxs 12-ci PŞ-yə dəvət etmişlər. Polis şöbəsində Şəxs narkotik vasitənin təsiri altında olmasından şübhələnildiyi üçün o, tibbi müayinəyə göndərilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində yoxlama zamanı sidiyində narkotik vasitə aşkar edilmişdir. Bu səbəbdən də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, həqiqətən də narkotik vasitələrin istifadəçisidir. Sonuncu dəfə bir həftə əvvəl markotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində yoxlama zamanı sidiyində həmin narkotik vasitə aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan Abbulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş tutma haqqında protokoldan məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Abbulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 32 saylı rəyindən görünür ki, Şəxs sidiyində AMP (+), THC (+), MTD (+) və MOP (+) aşkar edilmişdir. Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məcburi müalicəyə ehtiyacı olmasını və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati həbsin başlanğıcı isə şəxsin hüquqlarının məhdudlaşdırıldığı 05 yanvar 2023-cü il tarixdən, saat 19:00-dan hesablanmalı və Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 05 yanvar 2023-cü il tarixdən, saat 19:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində qərar Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verildiyi vaxtdan icra edilsin. Qərarın icrası barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi üçün isə Bakı şəhəri Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-63/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-63/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver