Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6300/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Ağdam rayonu, Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 14 noyabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(013)-1524/2021 saylı icra sənədindən görünür ki, 10 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X1 xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, hazırki icra işi başqa icra məmurunun icraatında olmuş, o, xəstə olduğundan bugün özü tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcra işindən göründüyü kimi, Şəxs tərəfindən bu günədək 800 manat məbləğində aliment ödənişi edilmiş, bu gün də borclu tərəfindən 300 manat məbləğində ödəniş edilmişdir. Hazırda qalıq borc 1000 manat təşkil edir. Tələbkar borcun tam ödənilməsini tələb etdiyindən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. O, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən 800 manat məbləğində, bu gün isə 300 manat məbləğində ödəniş etmişdir. O, özü usta kimi fəaliyyət göstərir. Bir müdddət işi olmadığından aliment ödənişini edə bilməmiş və nəticədə 1300 manat məbləğində aliment borcu yaranmışdır. Bu gün o, həmin borcdan 300 manat məbləğində ödəniş etmiş və 01 ay ərzində qalıq 1000 manat borcu da ödəyəcəkdir. Onun alimenti vaxtında ödəməmə səbəbi üzürsüz olmamış və işsiz olmasından irəli gəlmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(013)-1524/2021 saylı icra sənədindən görünür ki, 10 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X1 xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 15 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(013)-1524/2021 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs 14 noyabr 2022-ci il tarixli icra şöbəsində verdiyi izahatından görünür ki, o, alimenti tam olaraq işsizliyi səbəbindən ödəyə bilməmiş, bu günədək 750 manat məbləğində ödəniş etmişdir. İcra işində olan qəbzlərdən görünür ki, bu günədək Şəxs tərəfindən tələbkara 800 manat, bu gün isə 300 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə baxışı zamanı icra məmuru Şəxs tərəfindən məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş məbləğdən əvvəl 800 manat, bu gün isə 300 manat olmaqla, ümumilikdə 1100 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə iclasında usta kimi fəaliyyət göstərdiyini, bir müddət işi olmadığından alimenti ödəyə bilmədiyini, bu gün də aliment borcundan 300 manat məbləğində ödəniş etdiyini, yaxın zamanda borcu tam ödəyəcəyini, yığılan borcun əsas hissəsinin məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra deyil, əsas hissəsinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən məhkəmə qətnaməsi çıxan tarixədək yığılan borc olduğunu bildirmiş və göstərilən xüsusatlar icra məmuru tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmamaqla maddi vəziyyətinin imkan verdiyi məbləğdə qətnamə ilə müəyyən edilmiş məbləğdən 800 manat məbləğində, bu gün də icra şöbəsində 300 manat məbləğində ödəniş etmişdir ki, bu hal özü Şəxs tərəfindən icra sənədinin icra edilməmə səbəblərinin qərəzli və üzürsüz xarakter daşımamasına, əksinə maddi vəziyyəti ilə əlaqədar onun icra sənədini tam icra edə bilmədiyinə dəlalət edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun işsiz olmasına, günəmuzd işlər görməsinə baxmayaraq aliment məbləğində ödənişlər etməsi müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən təxmini 01 il müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (şəxsin ötən müddət ərzində izahatının alınması, ona icra sənədini icra etmədiyi təqdirdə məsuliyyət daşıyacağı barədə xəbərdar olunması, işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə aliment məbləğinin yarıdan çox hissəsini ödəməsi təmin olunduğundan, onun tam məbləği ödəyə bilməməsinin səbəbi işsiz olmasından irəli gəldiyindən, icra məmuru tərəfindən icra sənədinin icrası üçün qanunla müəyyən edilmiş bütün imkanlardan istifadə edilmədən inzibati xəta haqqında protokol tərtib edildiyindən və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6300/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6300/2022
14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver