Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6306/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi ilə, X1nun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Bakı şəhər İdarəsi xx.xx.2025-ci ildə MN ******* nömrəli protokolla İXM 539.3-cü maddəsiylə 1300 manat (min üç yüz manat) məbləğində cərimə olunmuşdur. Sözügedən qərarla razı deyil. Hesab edir ki, həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərarda qeyd edilmişdir ki, onun tərəfindən ƏM-nin 15.2-ci maddəsinə əsasən rəhbərlik etdiyi "xxxx" MMC-nin sənədlərini 7 iş günü ərzində X12 Xidmətinin Bakı şəhəri İdarəsinə təqdim edilməmişdir. X8 və Əliyev İxtiyar 8 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-dən etdikləri şikayətdən xx.xx.2025-ci il tarixdə imtina etmişlər. Qərarla razı olmadığını inzibati xətanı törətmədiyini bildirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci ildə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab edir və onun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X5 bildirmişdir ki, şikayət edən şəxlər sonra onların yanında DƏMX-nin qaynar xəttinə zəng edib şikayətdən imtina etdiklərini bildirmişlər. Ona görə də hesab edir ki, onlar tərəfindən əmək qanunvericiliyinin pozulmasına yol verilməmiş və İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan pozuntu da yoxdur. Şikayət verən şəxlər gəlib məhkəmədə özləri də bunu təsdiq edə bilərlər. Həmçinin hazırki iş üzrə bildirir ki, şirkətə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hər hansı rəsmi bildiriş daxil olmamış, bu barədə məlumat verilməmişdir. Müfəttişliyin təqdim etdiyi qəbzdə qeyd eidlən “Muxtarov” adlı şəxsi tanımır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında izahatında bildirmişdir ki, şikayət edən şəxslərin sonradan şikayətlərindən imtina etməsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən qurumu şirkət tərəfindən qanunvericiliyin tələblərinin pozulmasına yol verib-verməməsini aydınlaşdırmaqdan və bu istiqamətdə araşdırma aparmaqdan məhrum etmir. Müfəttişlik tərəfindən həm poçt vasitəsilə, həm də elektron kabinetlərinə sorğu məktubu göndərilmişdir. Bununla bağlı sənədlər tərəfimizdən məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və şikayətçi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 və X6 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən hüquqi şəxsə xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 65723/2025 saylı məktub ünvanlanmış, lakin tələb olunan sənədlər təqdim olunmamışdır. X2 tərəfindən AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 1300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X12 Xidməti tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış məktubdan görünür ki, X4 və X6 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə X12 Xidmətinə daxil olmuş müraciətinə baxılmış və AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən vətəndaşa aid məktubda qeyd edilən sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Poçt göndərişlərinin izlənilməsinə dair çıxarışdan görünür ki, SS 963990632az ştrix kodlu sifarişli məktub xx.xx.2025-ci il tarixdə göndəriciyə geri qaytarılmışdır. DƏMX-nin təqdim etdiyi qəbzdə xx.xx.2025-ci il tarixi, "xxxx" MMC-yə ünvanlandığı, qəbul edənin isə “Muxtarov Ə.Ə” olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X3 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, maddənin dispozisiyasından göründüyü kimi hüquqi şəxs və ya vəzifəli şəxs o halda həmin maddə ilə inzibati məsuliyyətə cəlb oluna bilər ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsin, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməsin. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarından məlum olur ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq sənədlərin təqdim edilməsinə dair hüquqi şəxsə ünvanlanmış 24 iyul 2025-ci il tarixli məktubu hüquqi şəxs tərəfindən təhvil alınmamış, məktub göndəriciyə geri qaytarılmışdır. Hüquqi şəxsə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun çatdırılmasına dair təqdim edilmiş qəbzdə isə “Muxtarov Ə.Ə” adlı şəxsin məktubu qəbul etdiyi qeyd edilmişdir. Həmin şəxsin kim olması məlum deyil, məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsi “Muxtarov” adlı şəxsi tanımadığını bildirmişdir. Həmin qəbzdə məktubun hansı ünvana göndərildiyi də qeyd edilməmişdir. Çünki xx.xx.2025-ci il tarixli məktubda iki ünvan qeyd edilmişdir. AR İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bundan başqa məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın avtomatlaşdırılmış elektron informasiya sistemi üzərindən hüquqi şəxsin elektron kabinetinə məlumat yerləşdirilməsinə dair mövqeyinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə olunmuş və elektron kabinet vasitəsilə yerləşdirilməsi iddia olunan həmin məktub protokola dəvət olmuşdur, bu sənədin məzmununda da qeyd edilmişdir. Hüquqi şəxs barəsində tərtib edilən inzibati xəta haqqında protokolda isə hüquqi şəxsə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-65723/2025 saylı məktubun göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsinin tələb edilməsinə istinad olunmuşdur. Yəni inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsasını avtomatlaşdırılmış sosial informasiya sistemi üzərindən göndərilən məktub deyil, məhz protokolda göstərilən yuxarıda qeyd edilən məktublar təşkil etmişdir. Beləliklə məhkəmə iclasında həmin məktubun hüquqi şəxsin direktoru tərəfindən alınması müəyyən olunmadığından, hüquqi şəxsin rəhbərinin məlumatının olmadığı halda zəruri sənədlərin təqdim edilməsi kimi bir öhdəliyi də faktiki olaraq yaranmış olmur. Bu isə vəzifəli şəxsin əməlində ona istinad olunan AR İXM-nin 539.3-cü maddəsinin tərkibinin olmadığını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda; inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar ləğv edilməli və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 inzibati xəta törətməsi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X16.
Məhkəmə qərarları › İş №3(008)-6306/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6306/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver