Məhkəmə qərarları › İş №3(008)-6316/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6316/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6316/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 452.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş 12 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, ünvan 2 yerləşən Şəxs MMC-yə məxsus aptekdə həkim resepti əsasında buraxılan dərman vasitəsinin reseptsiz satışı aşkar olunmuşdur. Həmin fakt 12 noyabr 2025-ci il tarixdə saat 10:57-də aşkar edilmişdir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (AR İXM) 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş 12 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsassız şəkildə tərtib edilmiş, həmçinin sözügedən protokol AR İXM 100-cü maddəsinə uyğun deyildir. Belə ki, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda Səhiyyə Nazirliyi tərəfindən sözügedən inzibati xətanın törədilməsinə dair heç bir sübut təqdim edilməmiş, həmçinin qeyd olunan inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir. Sözügedən protokolda hüquqi şəxsin nümayəndəsi kimi təqdim edilən X1 İXM-nin 64.2-ci maddəsinə əsasən hüquqi şəxsin adından nümayəndə qismində çıxış edə bilməsi ilə əlaqədar səlahiyyətli edilməsinə dair heç bir sənəd əlavə edilməmişdir. "xxxx" MMC-yə məxsus hər bir aptek təşkilatı, həmçinin yoxlamanın həyata keçirildiyi ünvan 1 ünvanında yerləşən aptek təşkilatı da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elektron resept sisteminə qoşulmuşdur. Sözügedən inzibati xəta haqqında protokola əlavə edilən sənədlər içərisində resept təqdim edilməklə buraxılmalı dərman vasitəsi "Driptan 5 mq N30" dərman vasitəsinin reseptsiz buraxılmasını sübut edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elektron resept sistemindən çıxarış mövcud deyildir. Məhkəmədən inzibati xəta haqqında icaata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, həqiqətən də Salman Abdullayev aptekdə 2017-ci ildən əczaçı vəzifəsində çalışır. Həmin vaxt əczaçı Aktda tanış olmadan imzalamışdır. Protokolu tərtib etmiş şəxs Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, protokolu tərtib etmiş şəxs Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 12 noyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 yerləşən Şəxs MMC-yə məxsus aptekdə həkim resepti əsasında buraxılan dərman vasitəsinin reseptsiz satışı aşkar olunmuşdur. Həmin fakt 12 noyabr 2025-ci il tarixdə saat 10:57-də aşkar edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. KY252448308 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 27 oktyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə məxsus ünvan 2 yerləşən aptekdə aparılacaq plan üzrə (növbəti) yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” PHŞ-nin planlı(növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-28-1/3-2-1310/2025 saylı qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Şəxs MMC-yə məxsus ünvan 2 yerləşən aptekin fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2025-ci il tarixdə AEM-in əməkdaşları tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. X4 PHŞ-nin Baş Direktoru Murad Süleymanov tərəfindən təsdiq edilmiş yoxlama suallarının siyahısından görünür ki, yoxlayıcı orqan tərəfindən Şəxs MMC-yə məxsus ünvan 2 yerləşən aptekdə aparılacaq yoxlama zamanı istifadə olunacaq yoxlama suallarının siyahısı tərtib edilərək təsdiq edilmişdir. 12 noyabr 2025-ci il tarixli Ə-357 saylı Yoxlama Aktına əsasən sözügedən aptekdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitəsinin (driptan 5 mg, N30) reseptsiz buraxılması faktı aşkar edilmişdir. 06 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, X3, həqiqətən, xx.xx.2017-ci il tarixindən bu günə kimi Şəxs MMC-nin ünvan 2 yerləşən aptekində “əczaçı” vəzifəsində çalışır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AF №000950 sertifikasiya şəhadətnaməsindən görünür ki, X3 13 dekabr 2022-ci il tarixdə əczaçıların (ali) sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. №238370, fiskal İD BsQtu4i2gZdq ödəniş qəbzindən görünür ki, ünvan 2 yerləşən Şəxs MMC”yə məxsus olan aptekdə 12 noyabr 2025-ci il tarixdə saat 10:57 radələrində əczaçı X3 tərəfindən “driptan” dərman məhsulu satılmışdır. İş materialları ilə Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı toplanmış sübutlarla kifayət qədər təsdiq olunur. Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 13.4-cü (əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən resept əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli Əlavəsinin Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının 1.8-ci bəndinə əsasən həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. 12 noyabr 2025-ci il tarixli Ə-357 saylı Yoxlama Aktına əsasən sözügedən aptekdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitəsinin (driptan 5 mg, N30) reseptsiz buraxılması faktı aşkar edilmiş və qeyd edilən halı əczaçı Salman Abdullayev tanış olaraq öz imzası ilə təsdiq etmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-nin 452.1-ci maddəsi ilə olan inzibati xəta ticarət qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir. İXM-nin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İş materiallarından görünür ki, hadisə ünvan 2 ünvanında yerləşən VÖEN **********, hüquqi şəxs Şəxs MMC-yə məxsus aptekdə baş vermişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixil Qərarında qeyd edilmişdir ki, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyini icra etməli olduğu yer hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 22, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC(VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar