Məhkəmə qərarları › İş №3(008)-6319/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6319/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6319/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 17 noyabr 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 13 020(on üç min iyirmi) ABŞ dolları məbləğində vəsaiti 20 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13 020(on üç min iyirmi) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 21 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, təmsil etdiyi hüquqi şəxs tərəfindən 20 oktyabr 2023-ci il tarixdə Bankda olan hesabından 13020 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Həmin məbləğ qarşılığında məhsullar pulun köçürülməsindən 02 il müddət keçmədən ölkəyə gətirilmiş, Şəxs MMC tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bununla bağlı **********1818 saylı Gömrük Bəyannaməsini məhkəməyə təqdim etmişdir. Həmin GB-dən də görünür ki, xx.xx.2023-cü il tarixdə 9479,34 ABŞ dolları ümumi invoys dəyəri olan taxta material ölkə ərazisinə daxil olmuşdur. Sadəcə olaraq həmin GB-də çatdırılma kodu səhvən 120 olaraq, yəni sonradan ödəniş qeyd edilmişdir. Lakin onun çatdırılma kodu 100 olaraq qeyd edilməli idi. Həmin GB hazırda da açıq qalmışdır. Odur ki, qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə yazılı məlumat verərək bildirmişdir ki, icraatınızda olan "xxxx" MMC barəsində tərəfimizdən tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(008)- 6319/2025 saylı inzibati işin məhkəmə araşdırması zamanı təqdim olunmuş **********1818 sorğu nömrəli YGB-yə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin YGB üzrə qalıq bəbləğ 9479.34 ABŞ dolları təşkil edir və qeyd edilən məbləğ həddində mallar ölkəyə müvafiq olaraq xx.xx.2023-cü il tarixində idxal edilmişdir. Lakin təqdim olunmuş YGB-nin köçürmə şərtləri avans ödənişinə uyğun olmadığı üçün tərəfimizdən qəbul edilməmişdir. Belə ki, YGB-nin çatdırılma şərti 120 olaraq qeyd olunmuşdur, yəni sonradan ödəniş olaraq, lakin hazırda baxılan işdə ödəniş avans olaraq aparılmışdır. Buna görə də təqdim olunan YGB əslində 100 və ya 110 kodu ilə rəsmiləşdirilməli idi. Odur ki, iş üzrə inzibati tənbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırıq. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati işə tərəfin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 17 noyabr 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 020(on üç min iyirmi) ABŞ dolları məbləğində vəsaiti 20 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13 020(on üç min iyirmi) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 21 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. "xxxx" ASC tərəfindən AR Mərkəzi Banka ünvanlanmış 24 oktyabr 2025-ci il tarixli KB- 244/2-2572/2025 saylı məktubundan görünür ki, Şəxs MMC hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 13 020 ABŞ dolları xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İş materiallarında olan OX2 xx.xx.2023 saylı ödəniş tapşırığından görünür ki, Şəxs MMC bankda olan hesabından 13 020 ABŞ dolları məbləğində vəsaiti 20 oktaybr 2023-cü il tarixdə xaricə köçürmüşdür. Əlavə edilmiş 779 saylı xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, “Qomeldrev” şirkəti ilə Şəxs MMC arasında məhsulların tədarükü ilə bağlı razılaşma imzalanmışdır. Təqdim edilmiş **********1818 saylı Gömrük Bəyannaməsindən görünür ki, xx.xx.2023cü il tarixdə 9479,34 ABŞ dolları ümumi invoys dəyəri olan şam ağacı materialından olan taxta tədarükçü “Qomeldrev” şirkəti tərəfindən göndərilmiş, idxalçı Şəxs MMC-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 26 fevral 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2021-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Belə ki, Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitsəinin 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasının: GB-nin 44-cü qrafasında məlumatların göstərilməsi zamanı istifadə olunan sənəd növlərinin Təsnifatı Xarici iqtisadi sövdələşmənin həyata keçirilməsi zamanı bağlanan müqavilə (kontrakt, saziş və s.) 4011 bənddə nəzərədə tutulmuşdur. **********1818 saylı Gömrük Bəyannaməsindən görünür ki, 9479,32 ABŞ dolları dəyərində taxta xx.xx.2023-cü il tarixdə ölkə ərazisinə idxal edilmişdir. **********1818 saylı Gömrük Bəyannaməsinin 44-cü qrafasının 4011 bəndində müqavilənin nömrəsi 779 saylı tarixi xx.xx.2022-cü il qeyd edilmişdir. Protokola əlavə edilmiş OX2 nömrəli ödəniş tapşırığının köçürmənin məzmunu olan 70ci qrafada müqavilənin nömrəsi və tarixi(779 saylı tarixi xx.xx.2022-cü) eynilik təşkil etmişdir. Eyni zamanda **********1818 saylı Gömrük Bəyannaməsinin 31-ci qrafası malların təsvirində (Eyniləşdirmə vasitələri və nömrələr, konteynerlərin nömrəsi, malların miqdarı və növü) tədarükçünün OAO “Qomeldrev” Belarus Respublikası olması müəyyən olunur ki, ödəniş tapşırığında (59-cu qrafa) xeyrinə göndərilmiş eyni şirkət olması müəyyən olunur. Göründüyü kimi Şəxs MMC tərəfindən 20 oktyabr 2023-ci il tarixdə bank hesabından 13 020 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş və ödənişin aparıldığı gündən 2 il ərzində vəsait hesabına alınan avadanlıq ölkə ərazisinə idxal edilmişdir. Məhkəmə hesab edir ki, **********1818 saylı Gömrük Bəyannaməsində malların təsviri, müqavilənin nömrəsi, tarixi, göndərən və idxalçı eynilə xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə eynilik təşkil etmiş, yalnız çatdırılma şərtləri 100 və 110 kodu əvəzinə 120 kodu altında qeyd edilmişdir. Belə ki, Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitsəinin 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasının: GB-nin 20-ci qrafasında(şatdırılma şərtləri) «100»-malın dəyəri əvvəlcədən tam ödənilmişdir; «110»-malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir; «120» - malın dəyərinin idxaldan sonra ödəniləcəyi tərəflər arasındakı sövdələşmə ilə nəzərdə tutulduqda və malın dəyəri idxaldan sonra ödənildikdə; qeyd edilir. Məhkəmə iclasında MMC-nin nümayəndəsi **********1818 saylı Gömrük Bəyannaməsində çatdırılma şərtinin avans olaraq ödənilməli olduğu halda səhvən 120 olaraq, yəni idxaldan sonra ödəmə kimi qeyd edilməsini bildirmiş, bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mərkəzi Bankın nümayəndəsi məlumat yazaraq təqdim olunmuş YGB-nin köçürmə şərtləri avans ödənişinə uyğun olmadığı üçün tərəfimizdən qəbul edilməmişdir. Belə ki, YGBnin çatdırılma şərti 120 olaraq qeyd olunmuşdur, yəni sonradan ödəniş olaraq, lakin hazırda baxılan işdə ödəniş avans olaraq aparılmışdır. Buna görə də təqdim olunan YGB əslində 100 və ya 110 kodu ilə rəsmiləşdirilməli idi. Odur ki, iş üzrə inzibati tənbeh tətbiq edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş **********1818 saylı Gömrük Bəyannaməsində məlumatlar eynilik təşkil etmiş, yalnız çatdırılma şərtinin malın dəyəri idxaldan sonra ödənildikdə qeyd edilməsi texniki səbəb olaraq qəbul edilməklə nəzərə alınmalıdır. Təqdim edilmiş **********1818 saylı Gömrük Bəyannaməsindən müəyyən olunur ki, qalıq məbləğ 3 540.66 ABŞ dolları(13020-9479.34) təşkil edir. Qalıq məbləğ 3 540.66 ABŞ dolları Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaratmır. Həmin qaydalara əsasən geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda məsuliyyət yaranır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 13 020 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 20 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçmədən müvafiq gömrük bəyannaməsini banka təqdim etməsinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs(VÖEN:**********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar