Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6355/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş materiala əsasən AZ 1092, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditini aparmamaqla AR İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, şirkət tərəfindən 2023-cü il üzrə maliyyə hesabatı 2024-cü ildə aparılmamışdır. Buna heç bir etirazları yoxdur. Lakin bütün illik maliyyə hesabatları son hesabat müddəti ilin mart ayında bitir, yəni həmin vaxta kimi verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən orqan isə xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanunvericilikdə inzibati məsuliyyətə cəlb olunma müddəti 4 ay nəzərdə tutulmuşdur. Protokol tərtib edən orqan həmin müddəti keçirdikdən sonra protokol tərtib etmişdir. Halbuki həmin müddət keçəndən sonra protokol tərtib edən orqan tərəfindən heç bir tədbir görülə bilməzdi. Bundan başqa inzibati xəta haqqında işə baxılması üçün təyin olunan vaxtda şirkətin səlahiyyətli nümayəndəsi olaraq Maliyyə Nazirliyinə yaxınlaşsa da, onun fikri dinlənilməmiş, ona bildirilmişdir ki, onsuzda onlar məcburi auditi etməyiblər, iştirak edib etməmələrindən asılı olmayaraq protokol tərtib olunub məhkəməyə göndəriləcəkdir. Halbuki qanunvericiliyin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsinin səlahiyyətli nümayəndəsinin izahatı alınmalı, hüquq və vəzifələri izah olunmalı, protokol ona təqdim edilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən orqan bunları etməməklə prosesual pozuntuya yol vermişdir. Bundan başqa hesab edir ki, burada məsuliyyətə cəlb edilməli olan hüquqi şəxs deyil, onun vəzifəli şəxsi olmalıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən auditin həyata keçirilməsini təmin etmək idarəedici orqanın rəhbərinin səlahiyyətinə aid olan məsələdir. İnzibati xəta haqqında protokolda əsaslandırılmayıb, nəyə görə vəzifəli şəxs deyil, hüquqi şəxs barəsində protokol tərtib olunub. Halbuki vəzifəli şəxs olaraq məsuliyyət daha yüngüldür. Göstərilənlərə əsasən hüquqi şəxs barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, onların gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, AZ 1092, ünvan 1 ünvanında fəaliyyət göstərən ŞəxsMMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə xx.xx.2025-ci il tarixdə, saat 10:15-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı bildirilmiş və təşkilatın 2023-cü il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin mövcud olduğu təqdirdə həmin rəyin qeyd olunan tarixədək Nazirliyə təqdim olunması xahiş olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Audit xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilir ki, audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir və məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki material üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs təşkilati-hüquqi forma baxımından Məhdud Məsuliyyətli Cəmiyyətdir. Bu cür hüquqi şəxslər üçün auditin məcburi keçirilməsini nəzərdə tutan norma isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsidir. Həmin maddəyə əsasən Məhdud Məsuliyyətli Cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Maddənin məzmunundan göründüyü kimi, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olan digər təsərrüfat subyektləri (orta və iri sahibkarlar) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidirlər. “Audit.gov.az” elektron səhifəsindən çıxarışdan görünür ki, Şəxs MMC-nin (VÖEN- **********) 2023-cü il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyi mövcud deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-462/2025 nömrəli məktubu ilə təqdim edilmiş 2023-cü ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətləri barədə məlumatdan (siyahıdan) çıxarışdan görünür ki, Şəxs (VÖEN-**********) MMC həmin siyahıya daxildir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı mövqeyinə münasibət bildirərək qeyd edir ki, AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə Şəxs MMC-nin barəsində 2023-cü il üzrə maliyyə hesabatının auditinin 2024-cü ildə həyata keçirilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yəni, Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatının auditini 2024-cü ilin dekabr ayının 31-dək həyata keçirməli idi, xx.xx.2025-ci il inzibati xətanın törədildiyi gün hesab olunur və həmin tarixdən 1 il müddətində hüquqi şəxs məsuliyyətə cəlb oluna bilər. Çünki İXM-nin 464-cü maddəsi, yəni məcburi auditdən yayınma vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara aid olmaqla həmin maddəyə görə inzibati məsuliyyətə cəlb etmə müddəti 1 ildir. Ona görə də Şəxs MMC-nin AR İXM-nin 464-vü maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq onların izahatının alınmaması, hüquq və vəzifələrinin izah olunmaması, protokolun təqdim edilməməsinə dair mövqeyi ilə bağlı bildirir ki, bu hüquqi şəxsin məsuliyyətə cəlb olunması üçün maneə deyil. Çünki bu işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətməməklə hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmasını istisna etmir. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi özü də məhkəmə iclasında bildirmişdir ki, şirkət tərəfindən 2023-cü il üzrə maliyyə hesabatının auditi 2024-cü ildə aparılmamışdır. AR İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6355/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6355/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver