Məhkəmə qərarları › İş №3(008)-6364/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6364/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6364/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, X3 nümayəndəsi, vəkil X1, X5 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X5 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN1871524 saylı inzibati tənbeh verilməsi haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN1871524 saylı inzibati tənbeh verilməsi haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Şahid şirkətdə işlədiyi müddətdə xəsarət alması və işəgötürənə müraciət etməsi və ya ilkin tibbi yardım alması ilə bağlı hər hansı məlumat mövcud deyildir. İşçi qərarda qeyd edilən müddətdə xx.xx.2024-cü il tarixində əmək funksiyasını davam etdirmişdir. Həmin gün üçün büllüten açdırılması və ya icazə alaraq əmək funksiyasını icra etməkdə çətinlik çəkməsi barədə işəgötürənə müraicət etməmişdir. Əgər həmin gizlədilmə halı və ya həkim rəyi, diaqnoz və digər hallar mövcud olsaydı, inzibati araşdırma həmin dönəmdə başlanılaraq müvafiq inzibati icraat aparılardı. Sənədlərə baxdıqda işçinin əmək funksiyasını icra etdiyi dönəmdə xəsarət alması və bədbəxt hadisənin iş vaxtında baş verməsi DƏMX tərəfindən sübuta yetirilməmişdir. İş üzrə qəbul edilmiş qərardan görünür ki, işçinin xəsarət alması xx.xx.2024-cü il tarixdə baş vermiş, lakin inzibati iş üzrə qərar 1 il 4 ay sonra qəbul edilmişdir. Belə olan halda inzibati orqan İXM-nin 38-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. İş materiallarına diqqət etsək işçi xx.xx.2025-ci il tarixində AR ƏM-nin 68.2-ci a bəndinə əsasən öz xahişi ilə işdən çıxmışdır və işəgötürən hər hansı mübahisəsi olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında 27 saylı qərarının 28 fevral 2000-ci il tarixli 1.3-cü maddəsində qeyd edilmişdir ki, istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İnzibati xəta haqqında iş üzrə icraatı aparan orqan iş üzrə əhəmiyyət kəsb edən halları lazımi qaydada araşdırmadan, həmin halları sübuta yetirmədən əsassız olaraq inzibati məsuliyyət müəyyən edən qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən X5 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1871524 saylı inzibati tənbeh verilməsi haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi vəkili X2 izahatında şikayətin məzmununa uyğun izahat verərək hadisənin baş verməsini təsdiq edilməməsini, həmçinin iş üzrə müddətinin keçməsini qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə iş üzrə şahid işləyərkən işdə xəsarət almasını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Əgər işçi istehsalatda xəsarət alsaydı işlədiyi müddətdə bu barədə bir dəfə də olsun məlumat verməli idi. Hadisə alması xx.xx.2024-cü il tarixdə baş vermiş, həmin tarixdən xx.xx.2025-ci il tarixədək işçi əmək funksiyasını davam etdirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1871524 qərarı ilə Ebrahım Samadı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, 1800 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, inzibati xətanın törədilməsi Şahid izahatı, onun tərəfindən təqdim edilmiş tibbi sənədlərlə təsdiq olunur. Baş vermiş inzibati xəta uzanan xarakterli inzibati xətadır və inzibati orqana vətəndaşın müraciət etməsindən sonra 2025-ci ilin sentyabr ayında məlum olmuşdur. Bu səbəbdən də inzibati orqan tərəfindən protokol və qərar verilərkən müddət başa çatmamışdır. Həmin qərar əsaslı və qanunidir. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid izahatında göstərmişdir ki, "xxxx" mağazasının Nəsimi ərazisində yerləşən ticarət mərkəzində 2024-cü ilin fevral ayından işə başlamışdır. 30 iyul 2024-cü il tarixdə mağazada depoya ət gətirmək üçün gedərkən pilləkənlərdən düşəndə ayağını burması nəticəsində xəsarətlər almışdır. Xəsarət alması barədə iş yeri müdriyyətinə məlumat vermiş və icazə alaraq tibb müəssisələrindən müayinədən keçmişdir. “X7” MMC-dən müayinədən keçmiş və ona sağ diz oynağının prepatelyar bursiti, medial meniskin arxa buynuzunun İİ dərəcəli degenerasiyası qoyulmuşdur. Bundan sonra müdiriyyətinin razılığı ilə işdən icazə verilməklə bir neçə xəstəxandan müayinədən keçmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə !X8”dan arayış da almışdır. Ayağında ağrılar uzun müddət olmuş, belə şəraitdə iş qabiliyyəti olmamışdır. Şirkət tərəfindən onun kartına bir neçə dəfə tibbi yardımla bağlı pul köçürülmüşdür. Uzun müddət işə çıxmamış, işə çıxsa da əmək qabiliyyətini davam etdirə bilməmişdir. Nəhayət iş yerindən ona bildirmişlər ki, uzun müddət işə çıxmadığı üçün öz ərizəsini yazıb işdən azad olunsun, yoxsa işə götürən tərəfindən maddə ilə işdən çıxarılacaqdır. O da razılaşaraq ərizə verib işdən azad olunmuşdur. Ona verilmiş suallara cavabında göstərmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə işdə olarkən baş vermişdir. Əgər elədirsə o uzun müddət işə çıxmamış, lakin iş yerindən onun kartına tibbi xidmətlər üçün pul vəsaiti niyə köçürülmüşdür. O hazırda əmək qabiliyyətini davam etdirə bilmir, o səbəbdən də ƏƏSMN-nə pensiya düzəldilməsi ilə əlaqədar müraciət etmişdir. Yıxılması barədə iş yerinin müdiriyyətinin məlumatı olmuş və ona maddi və tibbi yardımlar göstərmişlər. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Bazarstore MMC-nin sabiq işçisi Şahid xx.xx.2024-cü il tarixdə əmək funksiyalarını icrası zamanı xəsarət almış, işəgötürən Ebrahım Samadı tərəfindən hadisə barədə DƏMX-nə məlumat verilməmiş gizlədilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X5 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN1871524 saylı inzibati tənbeh verilməsi haqqında qərardan görünür ki, Ebrahım Samadı barəsində İXM-nin 555.1-ci maddəsinə əsasən 1800 manat inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2025-ci il tarixdə sistemə daxil edilməklə işçi Şahid ilə əmək müqaviləsinə ƏM-nin 68.2 a bəndi ilə xitam verilmişdir. Təqdim edilmiş tibbi sənədlər, arayışdan görünür ki, Şahid Muğammat oğlu 2024-cü ilin iyul ayının sonu sağ diz oynağında ağrılar, hərəkət məhdudluğu, ağırlıq hissi şikayətləri ilə müraciət etmiş, həmin xəsarətləri pilləkəndən düşərkən ayağı dizdən burxulub almışdır. Sağ diz oynağı medial və lateral menisklərin İİ dərəcəli degenerasiyası. Dizaltı nahiyənin beker kistası.bursit diaqnozu ilə təyinat verilərək ambulator müalicəyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə-min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin vəzifəli şəxsi Ebrahım Samadı həmin işçisi Şahid xx.xx.2024-cü tarixində iş vaxtı xəsarət alması ilə nətəcələnmiş bədbəxt hadisə barədə məlumatı qanunvericiliyin tələblərinə uyğun olaraq hadisə baş verən gün yəni xx.xx.2024-cü tarixində vermədiyindən onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Lakin qərar qəbul edən inizbati orqan öz qərarını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə deyil, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qərar qəbul edildiyindən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi AR İXM-nın 53-cü maddəsinin tələblərinə görə istisna olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelenum 09 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Belə təfsir həm də faktiki olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına imkan yaradır. Belə hallarda inzibati məsuliyyətə cəlbetmə müddəti hətta cinayət məsuliyyətinə cəlbetmə müddətindən də artıq ola bilər. Məhkəmə iclası zamanı işin mübahisəsiz halıdır ki, hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Məhkəmə hesab edir ki, İXM-də xüsusi norma olaraq qeyd edilmişdir ki, hətta inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi inzibati xəta pozuntusu üçün qanunvericilikdə məsuliyyətə cəlb edilmə ilə bağlı qısaldılmış müddətlər nəzərdə tutulmuşdur. Əks halda hallarda inzibati məsuliyyətə cəlbetmə müddəti hətta cinayət məsuliyyətinə cəlbetmə müddətindən də artıq ola bilər. Bu inzibati xətanın cinayət məsuliyyətinə nisbətən az ictimai təhlükəliliyi ilə əlaqədardır. Hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş-inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Göründüyü kimi, inzibati xətanın törədildiyi andan qərar qəbul edilənədək qanunvericilikdə nəzərdə tutulmuş 04 aylıq müddət keçmiş, bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Bu halda, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X5 Xidmətinin nümayəndəsi hazırki xətanın uzanan inzibati xəta olmasını qeyd edərək məsuliyyətə cəlb etmə müddətinin keçmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelenum 28 mart 2024-cü il tarixli qərarında göstərilmişdir ki, uzanan inzibati xətanın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, o, əməlin törədilməsi ilə bitmir, əməl(hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Uzanan inzibati xəta inzibati xətanı törədən şəxsin özünün xətanın dayandırılmasına yönəlmiş hərəkəti və ya inzibati xətanın kənardan müdaxilə nəticəsində dayandırılması məqamında başa çatır. Hazırki iş üzrə 555.1-ci maddəsinin dispozisiya şərtinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə məsuliyyət yaranır. Məhkəmə X5 Xidmətinin nümayəndəsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, şəxsin məsuliyyəti hadisə baş verən gün faktın gizlədilməsi və ya müvafiq orqana məlumatın verilməməsi ilə əməl bitmiş, uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilməmişdir. Hazırki vəziyyətdə hadisənin baş verməsindən təxminən bir il dörd aydan artıq vaxt keçmiş, buna baxmayaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 17 noyabr 2025-ci il tarixli MN ******* saylı qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsilə müəyyən edilmiş müddət keçdiyindən ləğv olunmalı, Ebrahım Samadı barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 17 noyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar