Məhkəmə qərarları › İş №3(008)-6373/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6373/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6373/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 23 noyabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(008)-5969/2021 saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə cavabdeh Şəxs 56000 ABŞ dollları əsas borc və öhdəliyin icrası müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8,166 ABŞ dolları borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddaçı X2 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 icra sənədinin onun icraatına yeni daxil olduğunu, iddiaçının öz pulunu tələb etdiyini, borclunun bu gün icra şöbəsinə axtarışla gətirildiyini, onun izahatının alındığını, yaxın zamanda borcu ödəyəcəyini bildirdiyini göstərmişdir. Sədrlik edənin sualına cavab verən icra məmuru sadəcə tələbkar tələb etdiyinə görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etdiyini, tələbin könüllü icrası barədə bildirişin borcluya təqdim edilmədiyini, ilk dəfə olaraq bu gün izahatının alındığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. İcra tələbinin könüllü icrası barədə bildiriş ona təqdim edilməmişdir. Heç vaxt icra məmurunun çağırışlarından yayınmamış, hər hansı sənəd və ya çağırış almadığından bu günədək icra şöbəsinə yaxınlaşmamışdır. Bu gün isə o, icra şöbəsinə özü polis əməkdaşlarının məlumatı əsasında gəlmişdir. Yaxın zamanda qeyd olunan icra vərəqəsinin icrasını təmin edəcəkdir. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(008)- 5969/2021 saylı icra sənədinə əsasən məhkəmə qətnaməsi ilə cavabdeh Şəxs 56000 ABŞ dollları əsas borc və öhdəliyin icrası müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8,166 ABŞ dolları borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddaçı X2 ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 20 may 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(008)-5969/2021 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “Borclunun axtarılması haqqında” 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Şəxs ünvan 1 ünvanında yaşamadığından barəsində axtarış elan edilmişdir. Şəxs tərəfindən 23 noyabr 2022-ci il tarixli izahatlardan görünür ki, o, icra məmurunun sualına cavab olaraq məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş borcu iyun ayına qədər ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icra yönəldilməsi və icraata başlama barədə qərarın, o cümlədən, tələbin könüllü icrası barədə bildirişin Şəxs tərəfindən alınmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə baxışı zamanı Şəxs tələbin könüllü icrası barədə bildirişi almadığını bildirmiş, icra məmuru isə həmin halı təsdiq edərək Şəxs icra sənədinin icraya yönəldilməsi barədə məlumat verilmədiyini, onun ilk dəfə olaraq bugün, yəni 23 noyabr 2022-ci il tarixdə icra şöbəsinə gəldiyini bildirmişdir. Göründüyü kimi, həm iş materialları, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də icra məmurunun izahatları ilə Şəxs tələbin könüllü icrası barədə bildirişi almadığı və belə olan halda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği ödəməkdən yayınmadığı öz təsdiqini tapmışdır ki, bu da Şəxs əməlində inzibati xəta tərkibinin olmasını istisna edir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədinin icraya yönəlməsindən məlumatlı olması, icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs nəinki maddi imkanının olduğu halda məhkəmə qətnaməsini icra etməməsi, heç borclunun məhkəmə qətnaməsinin icraya yönəldilməsindən məlumatlı olması öz təsdiqini tapmamış, əksinə ona hələ də tələbin könüllü icrası barədə bildirişin verilməməsi, bu günədək izahatının alınmaması, hər hansı xəbərdarlıq edilməməsi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(008)-5969/2021 saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 06 ay müddət keçmiş, lakin icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (tələbin könüllü icrası barədə bildirişin təqdim edilməsi, şəxsin ötən müddət ərzində izahatının alınması, ona icra sənədini icra etmədiyi təqdirdə məsuliyyət daşıyacağı barədə xəbərdar olunması, işlə təmin olunması üçün Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar