Məhkəmə qərarları › İş №3(008)-6382/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6382/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6382/2025 25.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 29 avqust 2003-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr, nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 25 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində fəaliyyət göstərən “Bakıxanov OBA 9” mağazasına müştəri qismində daxil olan Şəxs mağazanın satış vitrinindən 10 ədəd “Sobranie” markalı siqareti oğurlamışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov ticarət mərkəzinin yaxınlığından X1 tərəfindən Daxili İşlər Nazirliyinin “102” Xidməti – Zəng Mərkəzinə zəng edilərək “OBA” marketdən 10 qutu tütün məmulatının oğurlanması barədə məlumat verilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yaşayan X1 13-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində fəaliyyət göstərən “Bakıxanov OBA 9” mağazasına müştəri qismində daxil olan naməlum şəxs 10 ədəd “Sobranie” markalı siqareti götürərək kassaya yaxınlaşmadan mağazanı tərk etmişdir. Hadisə nəticəsində mağazaya 50 (əlli) manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan oğurluq əməlini Şəxs törətmişdir. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə aparılmışdır. Faktla bağlı Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Şamil Kamilov küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasının alt hissəsində fəaliyyət göstərən “OBA” marketə daxil olmuşdur. Mağazada bir neçə qida məhsulunu götürərək ödəniş kassasına yaxınlaşmış və əlavə olaraq 10 ədəd “Sobranie” markalı siqaret qutusunu da götürmüşdür. O, aldığı məhsulların ödənişini etmək məqsədilə post-terminal vasitəsilə kartla ödəniş etməyə cəhd etmiş, lakin kartdan vəsaitin çəkilməsi mümkün olmamışdır. O, ikinci dəfə kartı terminala yaxınlaşdırsa da, ödəniş yenə həyata keçirilməmişdir. O, kassirə mobil telefonunun avtomobildə olduğunu və telefon vasitəsilə ödəniş edəcəyini bildirmiş, kassir isə buna etiraz etməmişdir. O, mağazadan çıxarkən onu orada gözləyən tanışı nə baş verdiyini soruşmuş, tanışına baş verənləri izah etmişdir. Tanışı ona digər mağazaya getməyi təklif etmiş, o əvvəlcə bu təkliflə razılaşmasa da, sonradan tanışı ilə birlikdə həmin ərazidən uzaqlaşmışdır. Bir qədər aralandıqdan sonra siqaretlərin cibində qaldığını görmüşdür. Tanışı ona siqaretləri geri qaytarmağı təklif etsə də, o siqaretləri qaytarmamış, ciblərinin kiçik olması səbəbilə siqaretləri saxlaması üçün tanışına vermişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olduqları vaxt polis əməkdaşları onlara yaxınlaşmış, həmin anda tanışı qaçaraq ərazidən uzaqlaşmışdır. Polis əməkdaşları ona barəsində oğurluq faktı ilə bağlı məlumat daxil olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək könüllü şəkildə 13-cü Polis Şöbəsinə gəlmişdir. Törətmiş olduğu hərəkətinə görə peşmançılıq keçirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 25 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində fəaliyyət göstərən “Bakıxanov OBA 9” mağazasına müştəri qismində daxil olan Şəxs mağazanın satış vitrinindən 10 ədəd “Sobranie” markalı siqareti oğurlamışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA 016999 nömrəli, 24 noyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 noyabr 2025-ci il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş, Şəxs inzibati təsir tədbirlərinin görülməsi qərara alınmışdır. Şəxs Pois Şöbəsində verdiyi izahatdan görünür ki, o, törətdiyi inzibati xətanı etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatı, şəxsin iş materiallarında olan yazılı izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşman olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunmaqla inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə əsasən ictimai işlər yüz altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Tənbeh tədbirinin əvvəli Şəxs həmin tənbehin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə İcra və probasiya idarəsinə tapşırılsın. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar