Məhkəmə qərarları › İş №3(008)-6387/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6387/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6387/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan respublikası vətəndaşı, evli, Füzuli rayonu, Füzuli şəhəri, Rabitəçilər evi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 22 oktyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 22 oktyabr 2025-ci il tarixdə Şəxs tərəfindən “HOWO ZZ 3317N3567W YÜK” markalı, 99HE932 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilmişdir. Məhkəmə iclasında iştriak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, “HOWO ZZ 3317N3567W YÜK” markalı, 99HE932 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yük daşıma fəaliyyəti göstərir. 22 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı yolu ilə hərəkətdə olarkən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və sərxoşluq vəziyyəti yoxlanılmışdır. Yoxlama aparıldıqdan sonra polis əməkdaşı ona sərxoşluq dərəcəsinin 0,5 promil olduğunu bildirmiş, lakin bu barədə hər hansı rəsmi sənəd təqdim etməmişdir. O, polis əməkdaşına bir gün əvvəl spirtli içki qəbul etdiyini bildirmiş, lakin həmin vaxt sərxoş olmadığını vurğulamışdır. Daha sonra onun idarə etdiyi avtomobil müvafiq duracağa yerləşdirilmiş və o, tibbi müayinəyə müraciət edərək sərxoşluq dərəcəsini yoxlatdırmışdır. Həmin müayinə nəticəsində sərxoş olmamasına dair rəsmi tibbi sənəd verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 22 oktyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, 22 oktyabr 2025-ci il tarixdə Şəxs tərəfindən “HOWO ZZ 3317N3567W YÜK” markalı, 99HE932 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilmişdir. 22 oktyabr 2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün tətbiq edilmiş xüsusi texniki vasitənin nəticəsini özündə əks etdirən qəbzdən görünür ki, həmin tarixdə, saat 11:03 radələrində Şəxs alkoqol sərxoşluğu vəziyyəti 0,909 promill həddində olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 22 oktyabr 2025-ci il tarixli, 1/11333 nömrəli aktdan görünür ki, Şəxs 22 oktyabr 2025-ci il tarixdə, saat 12:43-də keçirilmiş tibbi müayinə zamanı ayıq vəziyyətdə olmuşdur. (0.000 promil) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" X1 3-28- 40/2-837/2025 nömrəli, 10 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq qanda alkoqolun miqdarı 1 saata orta hesabla 0,1-0,2 promill azaldığını nəzərə alaraq, iki müayinə arasında keçən vaxt ərzində alkoqolun konsentrasiyasının 0 enməsi ehtimalı azdır. “Respublika Narkoloji Mərkəzi” X1də ölçmə vasitəsi olaraq alkotestrdan istifadə olunur və yoxlama şəhadətnaməsi” Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq akkreditasiya olunmuş yoxlama laboratoriyası tərəfindən verilmişdir. Yoxlama aparılan cihazın son kalibrləmə tarixi xx.xx.2025- ci il tarixli 0345/8-2025 nömrəli şəhadətnamə ilə təsdiq edilmişdir. 1-ci müayinəni (xx.xx.2025- ci il tarixdə saat 10:54-də keçirilən) aparan cihazın standartlara uyğunluğunun yoxlanılması məsləhət görülür. Məhkəmə qeyd edir ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı xüsusi texniki vasitənin nəticəsi iş üzrə şəxsin təqsirliliyini sübut edən yetərli sübut hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iş materiallarında olan sübbutlarla AR İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin olmaması müəyyən edilmişdir. İnzibati xəta haqqında 22 oktyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən, 22 oktyabr 2025-ci il tarixdə Şəxs tərəfindən “HOWO ZZ 3317N3567W YÜK” markalı, 99HE932 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilmişdir. 22 oktyabr 2025-ci il tarixdə saat 11:03-də Şəxs alkoqol sərxoşluğu vəziyyətini müəyyən etmək üçün tətbiq edilmiş xüsusi texniki vasitə ilə aparılmış ölçmənin nəticəsi 0,909 promil alkoqol miqdarını göstərmişdir. Lakin 22 oktyabr 2025-ci il tarixdə saat 12:43-də aparılmış tibbi müayinə aktına əsasən, Şəxs ayıq vəziyyətdə olmuş və qanında alkoqol miqdarı 0,000 promil müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X1 10 dekabr 2025-ci il tarixli 3-28-40/2-837/2025 nömrəli məktubunda göstərilir ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq qanda alkoqol miqdarı orta hesabla 1 saata 0,1–0,2 promil azalır. Bu halda, iki müayinə arasında keçən vaxt (təxminən 1 saat 40 dəqiqə) ərzində alkoqolun tamamilə 0 olması ehtimalı çox aşağıdır. “Respublika Narkoloji Mərkəzi” X1də ölçmə vasitəsi olaraq alkotestdən istifadə olunmuşdur və cihaz akkreditə olunmuş laboratoriya tərəfindən kalibrlənmişdir (son kalibrləmə tarixi xx.xx.2025, 0345/8-2025 nömrəli şəhadətnamə). Lakin, protokolda qeyd olunan 1-ci ölçməni aparan cihazın həmin tarixdə standartlara uyğunluğunun yoxlanılması məsləhət görülmüşdür ki, bu da cihazın dəqiqliyi və etibarlılığı ilə bağlı müəyyən şübhələr yaradır. İnzibati xəta faktının sübutu üçün ölçmələrin dəqiqliyi və etibarlılığı əsaslı rol oynayır. Təqdim olunan hallara görə, 1-ci və 2-ci ölçmələr arasında ciddi uyğunsuzluq mövcuddur və cihazın standartlara uyğunluğu tam təsdiqlənmədiyindən sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etmə faktı etibarlı şəkildə sübut olunmur. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, inzibati xəta haqqında protokolda müvafiq xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar öz əksini tapmamışdır. Halbuki, AR İXM-nin 100.5.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar