Məhkəmə qərarları › İş №3(008)-6391/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6391/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6391/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ağayeva Aytac Elşən qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan respublikası vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 23 oktyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 23 oktyabr 2025-ci il tarixdə Şəxs tərəfindən “Hyundai Sonata minik” markalı, 77TF073 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilmişdir. Məhkəmə iclasında iştriak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 23 oktyabr 2025-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə YPX əməkdaşları tərəfindən alkotester aparatına iki dəfə nəfəs verməsi tələb olunmuşdur. Hər iki ölçmə zamanı sərxoşluq dərəcəsinin müxtəlif nəticə verməsi qeydə alınmışdır. Hər iki ölçmə zamanı nəticələrin bir-birindən fərqli olduğuna görə YPX əməkdaşlarının təklifi ilə tibbi müayinədən keçməyə razılaşmış və Respublika Narkoloji Mərkəzinə göndərilmişdir. Narkoloji müayinə nəticəsində, onun sərxoşluq dərəcəsinin 0.936 promil olduğu müəyyən edilmişdir. O, gündəlik olaraq nəqliyyat vasitəsindən istifadə etməyə məcburdur (işə getmək, ailə üzvlərinin ehtiyaclarını təmin etmək və digər şəxsi səbəblərdən). Bu səbəbdən, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı inzibati tədbir tətbiq olunmamasını, bunun əvəzində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 23 oktyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, 23 oktyabr 2025-ci il tarixdə Şəxs tərəfindən “Hyundai Sonata minik” markalı, 77TF073 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 23 oktyabr 2025-ci il tarixli, 2/2578 nömrəli aktdan görünür ki, Şəxs 23 oktyabr 2025-ci il tarixdə keçirilmiş tibbi müayinə zamanı sərxoş vəziyyətdə olmuşdur. (0.936 promil) Nəqliyyat vasitəsinin xüsusi duracağa yerləşdirilməsi barədə 23 oktyabr 2025-ci il tarixli aktdan görünür ki, “Hyundai Sonata minik” markalı, 77TF073 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xüsusi mühafizə olunan duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun özünün iş materiallarında olan yazılı etirafedici izahatı ilə yanaşı, sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair tibbi müayinə aktına əsasən sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını (iş materiallarında olan yazılı izahatından görünür), məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar