Məhkəmə qərarları › İş №3(008)-6392/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6392/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6392/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, xx.xx.1994-cü il tarixdə Xanlar, Balçılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olan, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 4 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30-da idarə etdiyi "xxxx" ASC-yə məxsus “HONDA İNSİGHT” markalı, **-YZ-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman manevr qaydasını pozub, təhlükəsiz şərait yaratmayıb, yolu keçən piyadanı vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 17:30 radələrində, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi ilə üzü Zabrat qəsəbəsi istiqamətində sağ tərəfdən 3cü zolaqla təxminən 20-30 km/saat sürətlə hərəkətdə olarkən yolun sağ kənarında yerləşən “ARAZ” marketinin yaxınlığında təxminən 1-2 metr məsafədə yolun sağ hissəsindən sol hissəsinə doğru adi yerişlə yolu keçən kişi cinsli piyadanı gördükdə əyləcdən istifadə etsə də, hadisənin qarşısını ala bilməyib, idarə etdiyi avtomobilin ön hissəsi ilə vurmuş, zərbədən piyada avtomobilin qarşına doğru yerə yıxılaraq YNH–i baş vermişdir. Hadisə zamanı avtomobildən düşüb ona yaxınlaşaraq xəsarət alması barədə maraqlanmışdır. O özünü Zərərçəkmiş şəxs kimi kimi təqdim edib ciddi xəsarətinin olmamasını bildirərək, işlədiyi “LASSA” təkər mağazasına doğru getmişdir. Bundan sonra hadisə yerindən avtomobilə əyləşib çıxıb getmişdir. Daha sonra həmin şəxslə əlaqə saxlayıb vəziyyətini soruşmuşdur. O, vəziyyətinin yaxşı olduğunu heçnəyə ehtiyacının olmadığını bildirmişdir. Həmin şəxsin ondan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarının surətindən məlum olur ki, vətəndaş Zərərçəkmiş şəxs yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 2341 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sol dirsək oynağının sıyrıqla müşayiət olunan dərialtı hematoması və sol aşıq-baldır oynağı nayihəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2024-ci il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2034-cü il tarixədək qüvvədə olan B1, B, C1, C kateqoriyalı BC145882 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati tənbeh tətbiq edilərkən inzibati məsuliyyəti yüngülləşdirən hal hesab olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tərəflərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar