Məhkəmə qərarları › İş №3(008)-6401/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6401/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6401/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Nuri Nihal Yusif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Daşqın Əhmədovun iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditi aparılmamışdır. Bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Uçot siyasəti şöbəsinin müdiri F.Ə.Abdullayeva tərəfindən xx.xx.2024-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Daşqın Əhmədov izahat verərək bildirmişdir ki, şirkətin 2021 ci il üzrə audit rəyini xx.xx.2024-cü il tarixdə, 2022-ci il üzrə audit rəyini xx.xx.2024-cü il tarixdə, 2023-cü il üzrə audit rəyini xx.xx.2024-cü il tarixdən yazılıb hazırlanmışdır. Lakin mühasibatlıq əməkdaşlarının səhlənkarlığından həmin rəylər vaxtında Maliyyə Nazirliyinə təqdim olunmamışdır. Həmin rəylər Maliyyə Nazirliyinə təqdim olunmuşdur. Məhkəmədən göstərilənlərə əsasən "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 2022-ci il üzrə audit rəyindən görünür ki, "xxxx" MMC-nin 2022-ci il üzrə maliyyə hesabatlarının auditi xx.xx.2024-cü il tarixdə həyata keçirilmişdir. “Audit.gov.az” saytından əldə olunmuş çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən 2022-ci il üzrə audit rəyi xx.xx.2024-cü il tarixdə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparılmamasına görə AR İXM-nin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC barəsində başlanılmış inzibati xəta haqqında işə baxılmasına dəvət olunmuşdur. Eyni zamanda 2022-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin Nazirliyə təqdim edilməsi təklif olunmuşdur. 2022-ci ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə məlumatdan çıxarışdan görünür ki, "xxxx" MMC həmin siyahıya daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. AR İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş audit rəyindən də görünür ki, "xxxx" MMC tərəfindən barələrində inzibati xəta haqqında protokol tərtib olunana qədər 2022-ci ilin maliyyə hesabatlarına dair audit rəyi alınmışdır. Yəni "xxxx" MMC-nin əməlində məcburi auditdən yayınma halı yoxdur. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar