Məhkəmə qərarları › İş №3(008)-6401/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6401/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6401/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızı katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 26 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1127/2020 saylı 25 avqust 2025-ci il tarixli icra sənədi üzrə 3480 manat məbləğində aliment borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs barəsində olan icra işi digər icra məmurunun icraatında olmuş, 2020-ci ildə barəsində axtarış elan edilmişdir. Bugün Şəxs axtarışla gətirildiyindən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Hal hazırda övladları yetkinlik yaşına çatmışdır. Zərərçəkmiş şəxsi müəyyən etmək mümkün olmamış, istifadəsində olan hər iki mobil nömrə işləməmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Zenfira Əliyeva ilə rəsmi olaraq boşandıqdan sonra övladları Zenfira Əliyeva ilə birlikdə yaşamışlar. Zenfira Əliyeva ondan aliment istəmədiyini ona bildirmiş, bu barədə razılaşmışlar, İki övladı ailəlidir və ayrı yaşayırlar, balaca övladının 19 yaşı var. Onun aliment borcunun olması barədə məlumatı olmamışdır. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2(007)- 1127/2020 saylı icra sənədindən görünür ki, X3 ilə Şəxs arasında xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanılmış və 448 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2003-cü il təvəllüdlü X8, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2020-ci il tarixdən başlayaqraq hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 420 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmuşdur. ndan xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il İcraata başlamaq haqqında 27 avqust 2020-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında 27 avqust 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2(007)- 1127/2020 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Borclunun axtarışı haqqında 27 avqust 2020-ci il tarixli qərardab görünür ki, borclu xx.xx.1975-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs alimünt ödəməli övladları hazırda yetkinlik yaşına çatmışdır. Şəxs barəsində 2020-ci ildə axtarış elan edilmiş, keçən 5 il ərzində zərərçəkmiş şəxsin bu barədə müraciəti olmamış, hazırdada zərərçəkmiş şəxs tapılaraq aliment borcunun hazırda ödənilib ödənilməməsi aydınlaşdırılmamışdır. Şəxs zərərçəkmiş şəxslə hələ çoxdan borcla bağlı razılığa gəldiklərini bildirmişdir. Bunu təkzib edən hər hansı hal isə məhkəmə tərəfindən müəyyən edilməmişdir. Əks halda keçən dövr ərzində aliment borcunun ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs tərəfindən icra məmuruna müraciət olmalı idi ki, bu halı təsdiq edən hər hansı sənəd iş materiallarında olmamışdır. Göründüyü kimi, Şəxs icra vərəqəsinin icrasından hazırda qərəzli olaraq yayınması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda hər hansı tələbin üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyildir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar