Məhkəmə qərarları › İş №3(008)-6405/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6405/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6405/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, X2 qızının katibliyi, hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 00100-02449/24 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 33AGT420/33TT704 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********9224 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/022130 nömrəli xx.xx.2024cü il tarixli raporta əsasən, Şəxs MMC-nin ünvanına dövlət nömrə nişanı 33AGT420/33TT704 olan nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması’’ dair çıxarışdan görünür ki, 33TT704 nömrəli nəqliyyat vasitəsində Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-ci il tarixdə saat 17:25 radələrində “Qırmızı Körpü" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 33AGT420/33TT704 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Araşdırma zamanı şirkətin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, 14-15 avqust tarixlərində sistemdə nasazlıq olmuşdur. 28 avqust 2024-cü il tarixli 3-33-1100/2- 005311/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Rəqəmsal İdarəetmə Baş İdarəsinə müraciət olmuşdur. Cavab olaraq isə bildirilmişdir ki, 14 avqust 2024-cü il tarixində 01:43-dən – 13:21-dək, 15 avqust 2024-cü il tarixində saat 10:56dan 13:48-dək gömrük xidmətinin X1 Sistemində texniki səbəbdən dayanmalar müşahidə edilmişdir. Lakin, Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 17:09 radələrində “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Həmin vaxt isə sistemdə heç bir dayanma halı müşahidə olunmamışdır. Həmçinin qısa idxal bəyannaməsini maşın sərhədi keçməmişdən 1 saat qabaq və yaxud bir müddət əvvəl yəni bir ay qabaq da vermək olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, onun təmsil etdiyi MMC-nin inzibati xətanın baş verməsində təqsiri olmamışdır. "xxxx" MMC tərəfindən 16 avqust 2024-cü il tarixində 33AGT420/33TT704 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklərin **********9224 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin təqdim olunmamasına səbəb 14 və 15 avqust tarixlərində gömrük xidmətinin X1 Sistemində texniki səbəbdən dayanmalar olmuşdur. Bu da Rəqəmsal İdarəetmə Baş İdarəsinin Bakı Baş Gömrük İdarəsinə ünvanlanan cavab məktubunda öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nə də işin təxirə salınması barədə hər hansısa bir vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Rəqəmsal İdarəetmə Baş İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinin 28 avqust 2024-cü il tarixli, 3-33-1100/2-005311/2024 nömrəli məktubuna olan cavabdan görünür ki, 14 avqust 2024-cü il tarixində saat 01:43-dən-13:21-dək, 15 avqust 2024-cü il tarixində isə saat 10:56-dan – 13:48-dək gömrük xidmətinin X1 Sistemində texniki səbəbdən dayanmalar müşahidə edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, cavab məktubu və işin digər materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında materialda olan sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş EP ******* saylı, 06 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolla əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar