Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6445/2023 04.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevin katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2023-cü il tarixli, EQ 17707270 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2023-cü il tarixli, EQ 17707270 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2023-cü il tarixli, EQ 17707270 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, o, məhkəmə ilə əlaqə saxlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, şikayət ərizəsində yazılanları müdafiə etdiyini və şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə göndərmişdir. Məhkəməyə şikayətə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X2 barəsində AR İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2023-cü il tarixli, EQ 17707270 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 27 oktyabr 2023-cü il tarixli, EQ 17707270 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 25 sentyabr 2023-cü il tarixdə, saat 07:11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində “Toyota Camry” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdam keçirmədən idarə etdiyinə görə AR İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İnzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkildən görünür ki, Toyota Camry” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil 25 sentyabr 2023-cü il tarixdə binanın qarşısında dayandırılmış vəziyyətdə olduğu vəziyyətdə avtomobilin fotoşəkli çəkilmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarında olan və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi zamanı istinad olunmuş fotoşəkli tədqiq edərək həmin fotoşəklin avtomobilin idarə edildiyi zaman deyil, binanın qarşısında parklanmış vəziyyətdə olduğu zaman çəkildiyini nəzərə alaraq həmin vəziyyətdə inzibati xəta hadisəsinin baş verməsinin istisna olunduğu qənaətinə gəlir. Belə ki, AR İXM-nin 339.1-1-ci maddəsinin tərkibinin yaranmasının mühüm şərti kimi, yəni maddənin dispozisiyası birmənalı şəkildə inzibati xəta hadisəsinin yaranmasını nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edilməsi ilə əlaqələndirmişdir. Hazırkı halda isə inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkildə avtomobilin idarə edilmədiyi, binanın qarşısında parklanmış vəziyyətdə dayandığı açıqaşkar görünür ki, həmin vəziyyətdə inzibati xəta hadisəsinin baş verməsindən söhbət gedə bilməz. Əks yanaşma, ümumiyyətlə idarə edilməyən (avtomobilin probleminin olması səbəbindən, sürücünün Respublika hüdudlarından kənarda olması, səhhəti və ya digər səbəblərdən uzun müddət həmin avtomobili ümumiyyətlə idarə etməməsi) hər hansı avtomobilin texniki baxış müddəti çatdıqdan sonra texniki baxışdan keçirilmədiyi halda hər 20 gündən bir eyni yerdə dayanmış avtomobilin sürücüsü barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə nəticələnə bilər ki, bu da qanunazidd olmaqla yolverilməzdir. Məhkəmə qeyd edir ki, AR İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati xəta hadisəsinin baş verməsinin ən mühüm və birinci şərti avtomobilin texniki baxışdan keçmədən məhz idarə olunmasıdır. Qanunverici istənilən halda, yəni idarə olunub-olunmamasından asılı olmayaraq sürücünü üzərinə məsuliyyət qoyulmasını labüd hesab etmiş olsa idi, inzibati xəta hadisəsinin baş verməsini maddənin dispoziyasında “idarə etməyə görə” ifadəsini göstərmədən hər bir halda avtomobilin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirməməsi ilə əlaqələndirmiş olardı. Odur ki, X1 İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2023-cü il tarixli, EQ 17707270 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2023-cü il tarixli, EQ 17707270 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6445/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6445/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver