Məhkəmə qərarları › İş №3(008)-6451/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6451/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6451/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1980-cı tarixdə Rusiya FR, Ryazan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 27 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(108)- 3362/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs tərəfindən X4 25.000 (iyirmi beş min) manat məbləğində kompensasiya ödənilməmişdir. Nəticədə, borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahatında kompensasiyanın ödənilməmə səbəbi kimi tələbkar tərəfin mübahisəli evi satmaqda problem yaratması qeyd edilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 bildirmişdirki, Bakı Apellyasiya Məhkəməsinin 2(108)-3362/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs tərəfindən X4 25.000 (iyirmi beş min) manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 2 ünvanında yerləşən 100 saylı mənzildən (yeni ünvan: AZ 1040, ünvan 339, M11 m²) istifadə hüququna xitam verilməsi müəyyən edilmişdir. Qərara əsasən, kompensasiya məbləğinin ödənilməsi ilə X3 mənzilə olan istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməli idi. Lakin icra orqanı tərəfindən borclu şəxsə dəfələrlə qərar və bildirişlər göndərilməsinə baxmayaraq, məhkəmə qərarı icra edilməmişdir. Bununla əlaqədar olaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4994/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs 500 (beş yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Buna baxmayaraq, indiyədək kompensasiya məbləğinin ödənilməsi yenə də həyata keçirilməmiş, məhkəmə qərarının icrası yubanmışdır. Tələbkar tərəf X5 tərəfindən məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar həm icra şöbəsinə, həm də Ədliyyə Nazirliyinə dəfələrlə müraciətlər ünvanlanmışdır. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, məhkəmə və icra orqanları tərəfindən istənilən dövlət qurumuna sorğu ünvanlana bilər, lakin hazırda üzərinə qoyulmuş kompensasiya məbləğini ödəmək üçün real maddi imkanı mövcud deyil. Qeyd olunan icra sənədi üzrə tələbkar tərəf onun atasıdır. O atasının sosial şəbəkə vasitəsilə bir xanımla tanış olaraq onunla birgə yaşamaq niyyətində olduğunu bildirməsi ilə bağlı etiraz etdikdən sonra, atası tərəfindən fiziki zorakılığa məruz qalmış, döyülərək yaşadığı evdən küçəyə atılmışdır. Hazırda mübahisə predmetini təşkil edən əmlakın mülkiyyətçisi məhz özüdür. Buna baxmayaraq, atası mütəmadi olaraq həmin ünvana gələrək onun yaşayışına müdaxilə edir, bəzi hallarda qapını sındırır, kommunal xətləri, o cümlədən elektrik enerjisini kəsməklə ona təzyiq göstərir. Həmçinin qeyd edir ki, kompensasiya məbləğini tam şəkildə ödəyə bilməməsi qərəzli şəkildə icradan yayınma ilə deyil, obyektiv çətinliklərlə əlaqədardır. Belə ki, o evi dəfələrlə satmaq istəsə də, atası qeydiyyatda olduğu üçün buna maneə yaratmış, məqsədli şəkildə alıcıları hədələməklə əmlakın mübahisəli olması təəssüratı yaratmış, buna görə də alıcılar son anda əmlakı almaqdan imtina etmişlər. Belə ki, atası evi almaq istəyən bütün alıcılara billdirir ki, evi alsalar qapıda oturaraq girişçıxışlarına imkan verməyəcəkdir. Hazırda da evi almaq istəyən alıcılar var, lakin atası qərəzli şəkildə maneə törətməyə davam edir. Əmlak satlmadığı müddətdə onun 25000 manat kompensasiya məbləğini ödəməsi mümkün deyildir. O evdən çıxan kimi atası gələrək evin qapısının kilidini sındıraraq, onu evə buraxmır və o məcbur küçədə qalır. Əvvəllər də bir dəfə buna görə bir neçə gün küçədə qalmaq məcburiyyətində qalmışdır. Bu halların yaşanmaması üçün işə də gedə bilmir. İşləsəydi hissə-hissə kompensasiya məbləğindən ödəniş edərdi. Üzərinə qoyulmuş öhdəliyin icrasının hazırkı şəraitdə mümkünsüz olmasının və bunun tələbkarın hərəkətləri ilə birbaşa əlaqəli olmasını və icra məmuru Rəşad Mustafayevin də bu hallardan birinin şahidi olmasını nəzərə alaraq bu halın qəsdən icradan yayınma kimi qiymətləndirilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq icra məmuru X2 bildirmişdir ki, bəli tələbkar özü qərəzli şəkildə əmlakın satışına maneə yaradır. Hətta, bir dəfə mülkiyyətçi Şəxs və onun atası X5 icra şöbəsinin binasında otaqların birində evin alqı–satqısı ilə bağlı alıcı ilə danışırdılar. Amma sonda alıcılar əmlakı almaqdan imtina etdilər və səbəbi kimi tələbkar X5 ilə anlaşmadıqlarını bildirdilər. Tələbkar iddia edir ki, 25000 manat ona kirayə haqqı üçün nəzərdə tutulmuş kompensasiyadır və ev satıldıqda pulunun yarısı ona verilməlidir. Buna görə də evin satışına qərəzli şəkildə maneə yaradır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 27 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs tərəfindən X4 25.000 (iyirmi beş min) manat məbləğində kompensasiya ödənilməmişdir. Nəticədə, borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahatında kompensasiyanın ödənilməmə səbəbi kimi tələbkar tərəfin mübahisəli evi satmaqda problem yaratması qeyd edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3362/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs tərəfindən X4 25.000 (iyirmi beş min) manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 2 ünvanında yerləşən 100 saylı mənzildən (yeni ünvan: AZ 1040, ünvan 339, M11 m²) istifadə hüququna xitam verilməsi müəyyən edilmişdir. Qərara əsasən, kompensasiya məbləğinin ödənilməsi ilə X3 mənzilə olan istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməlidir. Şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirilyi Bakı Şəhər Sabunçu Rayon İcra Şöbəsinə ayrı-ayrı vaxtlarda yazdığı izahatda qeyd edir ki, o borcun məbləğindən xəbərdar olsa da, icra sənədi üzrə icra vərəqəsi üzrə heç bir ödəniş həyata keçirə bilməmişdir və dəqiq nə zaman ödəyəcəyi ilə bağlı məlumat verə bilməyəcək. Bunun səbəbi kimi isə işsiz olduğunu və tələbkar tərəfin işləməsinə və evi satmasına mane olduğunu göstərmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 09 fevral 2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3362/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 09 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar və tərəflərin izahatları göstərir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(108)-3362/2023 saylı icra vərəqəsinə əsasən Şəxs üzərinə X4 25.000 manat kompensasiya ödəmək və bununla paralel olaraq sonuncunun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi öhdəliyi qoyulmuşdur. Qərarın məzmunundan aydın olur ki, kompensasiyanın ödənilməsi ilə istifadə hüququna xitam eyni vaxtda icra edilməli idi. Lakin iş materialları və məhkəmə iclasında müəyyən edilmiş hallar onu göstərir ki, kompensasiya məbləğinin ödənilməməsi Şəxs qəsdən icradan yayınması ilə deyil, obyektiv və ondan asılı olmayan səbəblərlə bağlıdır. Belə ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs izahatında kompensasiya məbləğini ödəmək üçün yeganə real imkanın mənzilin satılması olduğunu, lakin tələbkar X3 qərəzli davranışları nəticəsində bu satışın mümkün olmadığını ətraflı izah etmişdir. Onun sözlərinə görə, tələbkar əmlakın alıcılarını məqsədli şəkildə hədələyərək və mübahisəli vəziyyət yaratmaqla alqı-satqıya mane olmuş, bu səbəbdən də alıcılar son anda əmlakı almaqdan imtina etmişlər. Bu hal məhkəmə iclasında dindirilmiş icra məmuru X1 ifadəsi ilə də tam təsdiqini tapmışdır. İcra məmuru bildirmişdir ki, tələbkar özü əmlakın satışına maneə yaradır, hətta icra şöbəsinin binasında alıcı ilə aparılan danışıqlar zamanı tərəflər arasında razılaşma əldə olunmaması məhz tələbkarın davranışları ilə əlaqədar olmuşdur. İcra məmurunun izahatı göstərir ki, tələbkar kompensasiya məbləğini kirayə haqqı kimi qiymətləndirir və ev satılacağı təqdirdə əldə ediləcək vəsaitin bir hissəsini tələb etmək məqsədilə satış prosesinə qərəzli şəkildə müdaxilə edir. Eyni zamanda müəyyən edilmişdir ki, Şəxs mənzilin mülkiyyətçisi olduğu halda, tələbkar tərəfindən mütəmadi olaraq onun yaşayışına müdaxilə edilir, qapının sındırılması, kommunal xətlərin kəsilməsi kimi hərəkətlərlə ona təzyiq göstərilir. Bu hallar onun normal yaşayış və əmək fəaliyyətini mümkünsüz etmiş, nəticədə kompensasiya məbləğini mərhələli şəkildə ödəmək imkanını da faktiki olaraq aradan qaldırmışdır. Qeyd olunan bütün hallar onu göstərir ki, Şəxs üzərinə qoyulmuş məhkəmə qərarının icrasının mümkünsüzlüyü bilavasitə tələbkarın öz hərəkətləri ilə səbəbli əlaqədədir. Belə olan halda, şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla şəxsin məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs qətnamə üzrə müəyyən edilmiş məbləğdən maddi imkanın və iş yerinin olmaması səbəbi ilə ödəyə bilməməsinin üzürsüz səbəblərlə bağlı olmasının müəyyən edilməsini nəzərə alınmaqla yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar