Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6490/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edib Zərərçəkmiş şəxs iddialarının əsassız olduğunu, onun iddialarının böhtan xarakterli olduğunu, bununla yanaşı, onun X5 ərizə ilə müraciət edərək ilkin müraciətinin baxılmamış saxlanılmasını tələb etməsinə baxmayaraq həmin müraciətin baxılmamış saxlanılmadığını və əsassız olaraq qərar qəbul edildiyini qeyd edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 avqust 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X9 məhkəməyə təqdim etdiyi materialda olan “Whatsapp” yazışmaları ilə Zərərçəkmiş şəxs fərdi sahibkar Könül Adıgözəlovanın adına olan mağazalarda əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsinin təsdiq olunduğunu qeyd edərək mübahisələndirilən 15 avqust 2024-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X2 qanunla müəyyən Wedilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, bununla yanaşı, onun şikayət ərizəsində göstərdiyi mobil telefon nömrəsi ilə əlaqə saxlanılan zaman Elnur adlı şəxs telefona cavab verərək Könül Adıgözəlovanın xalası oğlu olduğunu, şikayətçinin rayonda olduğunu və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs məlumat verilərək onun məhkəmə iclasında iştirak etməsinin zəruri olması bildirilsə də, o, rayonda olduğunu qeyd edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən məhkəmə iclasında onunla telefon vasitəsi ilə əlaqə saxlanılmış, o, həqiqətən də “SHERON” butik bağlandıqdan sonra onun yerində açılmış “Aleksandra” mağazasında və “Terzi Baku” mağazasında əmək müqaviləsi olmadan işlədiyini, sonradan məzuniyyətlə bağlı rəhbərliklə arasında mübahisə yarandığından işdən çıxdığını, ona son ödənişlər edilmədiyindən şikayət verdiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs Məlik adlı şəxsin mağazalarda faktiki rəhbər olduğunu, onun mağazanın müdiri Könül Adıgözəlovanın qardaşı olduğunu və Könülün yerinə işləri idarə etdiyini, əmək münasibətləri ilə bağlı bütün məsələləri Məlik adlı şəxslə danışdıqlarını, Rəcəb adlı şəxsin Məlikin köməkçisi olduğunu, şikayət ərizəsi verdikdən sonra ona ödənilməli olan məbləğlər mağaza tərəfindən ödənildiyindən X10 Xidmətinə müraciət edərək şikayət ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqdim etdiyi “Whatsapp” yazışmalarında olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış, həmin şəxs adının Məlik olduğunu, Könül Adıgözəlovanın onun bacısı olduğunu, mağazada VÖEN bacısının adına olsa da, onun da payının olduğunu və idarəetməni özünün həyata keçirdiyini, Zərərçəkmiş şəxs onlara məxsus mağzalarda çalışdığını, lakin sonradan işdən çıxdığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq həmin şəxs mühasibatlıqda olan əməkdaşın səhlənkarlığı səbəbindən Zərərçəkmiş şəxs ilə bağlanmış əmək müqaviləsi bildirişinin qeydiyyata alınmadığını, onun bir müddət əmək müqaviləsi bildirişi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyini, həqiqətən də Zərərçəkmiş şəxs ilə yazışmalar apardığını, Rəcəb adlı şəxsin də həmin mağazada çalışdığını göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqdim etdiyi “Whatsapp” yazışmalarında olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış, həmin şəxs adının Rəcəb olduğunu, əvvəllər “Şeron” mağazasında işlədiyini, hazırda orada işləmədiyini, Zərərçəkmiş şəxs da həmin mağazada çalışdığını, lakin onunla əmək müqaviləsinin bağlanılıbbağlanılmamasından məlumatsız olduğunu bildirmişdir. Məhkəmə izahatları dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X1 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən Zərərçəkmiş şəxs 01 sentyabr 2023-cü il tarixdən 05 may 2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da X1 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında 07 avqust 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X4 tərəfindən Zərərçəkmiş şəxs 01 sentyabr 2023-cü il tarixdən 05 may 2024cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş onunla ***-***-**-** mobil nömrəsi arasında aparılmış “Whatsapp” yazışmalarından görünür ki, 05 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən ***-***-**-** mobil nömrəsinə (Məlik adlı şəxsə) “May ayı 1-5dək” hesabat (Həmin hesabat kağızında ümumi satışın 2889 manat, posterminalın 616, modelin 100, polisin 10, taksinin 15, Sabina maaşın 300, mağazanın 6 olması qeyd olunmuşdur) göndərilmiş, bundan sonra Məlik adlı şəxs ona “300 də sabah sən götür yaz adıma” deyə cavab yazmışdır. Yenidən həmin nömrə ilə aparılmış digər 25 may 2024-cü il tarixli yazışmaların mətni bu məzmunda olmuşdur: Zərərçəkmiş şəxs: “ Sizinlə öz məzuniyyətim haqqında danışmaq istəyirdim. Şükür ki, artıq 1 ildən çoxdur ki, sizinlə çalışıram. 10 gün qalıq məzuniyyətimi hissələrə bölüb sizin icazənizlə götürmək istəyirəm. Birdən götürmək istəmirəm, həm işə təsir olmasın, həm də bölmək istəyirəm, çünki mayın sonu və iyun aylarında vacib ailə tədbirlərim var hansıda ki mütləq iştirak etməliyəm”. ***-***-**-** mobil nömrənin sahibi: “Ancaq iyul ayının 15-dən sonra ola bilər məzuniyyət, səndə 10 gün qalmışdı. Həmidə, Sevinc, Könül sən çıxa bilərsiz, o da ancaq iyul ayının 15-dən sonra”. Zərərçəkmiş şəxs: “Mən getməmək kimi şansım yoxdur. Məlik bəy, mən sizdən çox xahiş edirəm və istəyirəm məni düzgün başa düşəsiniz və mənim situasiyamı düzgün anlayasınız. Mən bilirəm ki, işdə ciddi məsələlər çoxdu, elə onu da fikirləşib məzuniyyəti bölmək istəyirəm ki, işə təsir olmasın”. ***-***-**-** mobil nömrənin sahibi: “Səkinə bu qədər yazmaq mənasızdır”. Zərərçəkmiş şəxs: “İcazənizlə bu günləri götürmək istəyirəm- 27-28 may, iyun 2, 14, 15, 27, 28, 29. Bu tarixlər çox vacibdirlər mənim üçün Məlik bəy”. ***-***-**-** mobil nömrənin sahibi: “Belə şeyə görə heç ağız açmayın. Kefdəsize deyirəm ya mən çox yumşaq hərəkət edirəm sizlə ki. Heç mallar gəlib çıxmayıb sezon gedir iş qalıb ancaq dincəlmək fikrindəsiz”. Zərərçəkmiş şəxs: “Mən sizi başa düşürəm Məlik bəy,ancaq mən bu günləri sizdən dincəlmək üçün xahiş etmirəm, bu günlərdə uşağın son zəngi var, universitetə qəbul imtahanı var, vipusknoyu var”. ***-***-**-** mobil nömrənin sahibi: “Mənasızdı bu qədər yazmaq əgər mümkün olsaydı deyərdim get. Səkinə, işdə olmaq lazımdı. Bu qədər. Sezon ayıdı, mal gələcək, məşğul olmaq lazımdı” Zərərçəkmiş şəxs: “Mən özüm işin prosesin içindəyəm və bütün vacibliyi, ciddiyi bilirəm, hiss edirəm”. ***-***-**-** mobil nömrənin sahibi: “Bu qədər lazım deyil, xoş deyil sənə gəlmə heç. Sən məni artıq narahat edirsən. Mən artıq sənlə işləyə bilmirəm ele bil”. Zərərçəkmiş şəxs: “İnanın Allaha, Məlik bəy, bu mənimçün ciddi olmasaydı dəfələrlə düşünüb, götür-qoy edib sizə yazmazdım. Mən neçə günlərdi bunu fikirləşirəm”. ***-***-**- ** mobil nömrənin sahibi: “Səkinə, birdəfəlik get”. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş onunla ***-***-**-** mobil nömrəsi arasında aparılmış “Whatsapp” yazışmalarının məzmunu bu məzmunda olmuşdur: Zərərçəkmiş şəxs: “Salam Rəcəb bəy, Necəsiniz? 2 dəfə zəng etdim açmadınız”. ***-***- **-** mobil nömrəsinin sahibi səs yazısı göndərdikdən sonra Zərərçəkmiş şəxs: “Zəhmət olmasa həll edin gözləyirəm. Tamam, Rəcəb bəy, gözləyirəm zəhmət olmasa unutmayın bu gün”. Bundan sonra ***-***-**-** mobil nömrəsinin sahibi tərəfindən Zərərçəkmiş şəxs pulun göndərilməsinə dair qəbzlərin fotoşəkilləri və səs yazısı göndərilmiş, Zərərçəkmiş şəxs: “Axşamınız xeyir, Rəcəb bəy. Tamam, amma bu günə həll edin xahiş edirəm” (xx.xx.2024-cü il tarixli yazışmalar). 22 iyun 2024-cü il tarixli yazışmaların məzmunu isə bu formada olmuşdur: Zərərçəkmiş şəxs: “Salam Rəcəb bəy, necəsiniz? Qalan hissəni nə vaxt göndərəcəksiniz?” ***-***-**-** mobil nömrəsinin sahibi tərəfindən səs yazısı göndərildikdən sonra Zərərçəkmiş şəxs: “Oldu gözləyirəm”. 23 iyun 2024-cü il tarixdə ***-***-**-** mobil nömrəsinin sahibi tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə pulların göndərilməsinə dair qəbzlərin fotoşəkilləri göndərilmiş, Zərərçəkmiş şəxs: “Salam Rəcəb bəy necəsiniz? Bunlardır siz atdığınız?” ***-***-**-** mobil nömrəsinin sahibi: “Axırıncı qalığı da atdım. İnşallah yupkanı dükana çatdırarsız”. Zərərçəkmiş şəxs: “Çox sağ olun, gördüm. Narahat olmayın göndərəcəm”. ***-***-**-** mobil nömrəsinin sahibi: “Salam Səkinə xanım. Yupkanı göndərdiz maqazinə?”. Zərərçəkmiş şəxs: “Salam Rəcəb bəy, kuryerlə yollayacağam”. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, yuxarıda göstərilən izahatları təhlil edib iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, X4 tərəfindən AR İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda göstərilən “Whatsapp” yazışmalarından açıq-aydın görünür ki, Zərərçəkmiş şəxs Məlik adlı şəxsin rəhbərliyi altında işlərin yerinə yetirilməsinə cəlb edilmiş, onunla həmin şəxs arasında əmək münasibətləri mövcud olmuş, həmin şəxs Könül Adıgözəlovanın adından idarəetməni həyata keçirmiş (bunu Məlik adlı şəxs özü də təsdiq etmişdir), tərəflər arasında açıq-aşkar əmək münasibətlərinin olmasına baxmayaraq (məzuniyyətin qalığından istifadə etməsi üçün Zərərçəkmiş şəxs Məlik adlı şəxsdən icazə alması, onun məzuniyyətinin 10 gün hissəsinin qalması, bu halın onun artıq 2024-cü ilin məzuniyyət günlərinin qalan hissəsini istifadə etməsinə dəlalət etdiyini, 05 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən ***-***-**-** mobil nömrəsinə (Məlik adlı şəxsə) “May ayı 1-5-dək” hesabat (Həmin hesabat kağızında ümumi satışın 2889 manat, posterminalın 616, modelin 100, polisin 10, taksinin 15, Sabina maaşın 300, mağazanın 6 olması qeyd olunmuşdur) göndərilmiş, onunla Zərərçəkmiş şəxs arasında əmək müqaviləsi bağlanılmamış, tərəflər arasında aparılmış yazışmalardan Zərərçəkmiş şəxs məhz geyim mağazasında çalışması və tərəflər arasında geyim malları ilə yazışmalar aparılması müəyyən edilmişdir ki, bu da Zərərçəkmiş şəxs şikayət ərizəsində göstərdiyi xüsusatların təsdiq edilməsinə və onun Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dəlalət edən hallardır. X4 tərəfindən verilmiş şikayət ərizəsində Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş “Whatsapp” yazışmaları ilə onun iddialarının əsassız olması göstərilsə də, məhkəmə iclasında həmin yazışmaların məzmunundan tərəflər arasında olan münaisbətlərin məhz əmək münasibətləri olması mübahisəsiz şəkildə müəyyən olunmuş, həmin yazışmaların aparıldığı mobil nömrələrlə açıq məhkəmə iclasında əlaqə yaradılmış, ***-***-**-** mobil nömrəsinin sahibi adının Məlik olduğunu, Könül Adıgözəlovanın onun bacısı olduğunu, mağazada VÖEN bacısının adına olsa da, onun da payının olduğunu və idarəetməni özünün həyata keçirdiyini, Zərərçəkmiş şəxs onlara məxsus mağzalarda çalışdığını, lakin sonradan işdən çıxdığını, mühasibatlıqda olan əməkdaşın səhlənkarlığı səbəbindən Zərərçəkmiş şəxs ilə bağlanmış əmək müqaviləsi bildirişinin qeydiyyata alınmadığını, onun bir müddət əmək müqaviləsi bildirişi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyini, həqiqətən də Zərərçəkmiş şəxs ilə yazışmalar apardığını göstərmiş, digər-***-***-**-** mobil nömrəsinin sahibi isə adının Rəcəb olduğunu, əvvəllər “Şeron” mağazasında işlədiyini, hazırda orada işləmədiyini, Zərərçəkmiş şəxs da həmin mağazada çalışdığını, lakin onunla əmək müqaviləsinin bağlanılıb-bağlanılmamasından məlumatsız olduğunu bildirmişdir. Göründüyü kimi, sözügedən “Whatsapp” yazışmaları Zərərçəkmiş şəxs iddialarının yanlış olduğunu deyil, əksinə tamamilə doğru olduğunu göstərməklə həmin hallar ***-***-**-** mobil nömrəsinin sahibi tərəfindən tam təsdiq edilmişdir ki, bu da şikayətin ilk dəlilinin əsassız olmasına dəlalət edir. Verilmiş şikayətin digər dəlili qismində Zərərçəkmiş şəxs X5 ərizə ilə müraciət edərək ilkin müraciətinin baxılmamış saxlanılmasını tələb etməsinə baxmayaraq həmin müraciətin baxılmamış saxlanılmaması və əsassız olaraq qərar qəbul edilməsi olmuşdur ki, həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, işçinin əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və bununla da müvafiq inzibati xətanın törədilməsi müəyyən edildikdən sonra işçinin şikayətinin olmaması və ya şikayətin baxılmamış saxlanılması barədə müraciət etməsi müvafiq inzibati xətanın törədilməsini aradan qaldırmamaqla inzibati araşdırmanın davam etdirilməməsi və ya şəxsin inzibati məsuliyyətdən kənarda qalması üçün əsas ola bilməz. Bununla yanaşı, məhkəmə tərəfindən Zərərçəkmiş şəxs ilə əlaqə saxlanılan zaman onun hansı səbəbdən sonradan şikayətinin baxılmamış saxlanılması barədə ərizə ilə səlahiyyətli orqana müraciət etməsi soruşulmuş, o, şikayət ərizəsi verdikdən sonra ona ödənilməli olan məbləğlər mağaza tərəfindən ödənildiyindən X10 Xidmətinə müraciət edərək şikayət ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyini bildirmişdir. Həqiqətən də məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, Zərərçəkmiş şəxs onunla əmək müqaviləsi bağlanmadan mağazada işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı şikayət ərizəsi ilə 12 iyun 2024-cü il tarixdə X8 Xidmətinə müraciət etmiş, 19, 22 və 23 iyun tarixlərdə ***-***-**-** mobil nömrəsinin sahibi tərəfindən Zərərçəkmiş şəxs müəyyən məbləğdə pulların göndərilməsinə dair qəbzlər göndərilmiş və 15 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs X8 Xidmətinə müraciətin baxılmamış saxlanılması barədə ərizə ilə müraciət etmişdir ki, bu da Zərərçəkmiş şəxs iddialarının əsaslı olmasına, o, şikayət verdikdən sonra ona ödənilməli olan məbləğlərin ödənilməsinə və onun məhz bu səbəbdən səlahiyyətli orqana müraciətin baxılmamış saxlanılması barədə ərizə ilə müraciət etməsinə dəlalət edir. Məhkəmə qeyd edir ki, əgər Zərərçəkmiş şəxs Könül Adıgözəlovanın şikayət ərizəsində göstərdiyi kimi hər hansı işlərin yerinə yerinə yetirilməsinə cəlb edilməmiş olsa idi, ona X10 Xidmətinə şikayət verdikdən sorna mağaza tərəfindən hər hansı məbləğdə ödəniş edilməz, onunla mağazaya aidiyyəti şəxslər arasında çoxsaylı yazışmalar aparılmazdı (Belə ki, yazışmalardan və qəbzlərdən həmin danışıqların və ödənişlərin məhz 2024-cü ilə aid olması açıq-aşkar görünməkdədir). Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, X4 tərəfindən AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X1 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6490/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6490/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver