Məhkəmə qərarları › İş №3(008)-6524/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6524/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6524/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Minəli oğlunun iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda “Sağlam Addım” Reabilitasiya Mərkəzi, Pirşağı 4 ünvanında müalicə almaqla yaşayan Şəxs Minəli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 14 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9195/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs Minəli oğlundan 136.60 manat sabit pul məbləğində aliment X1 xeyrinə ödənilməlidir. Borclu işsiz olduğu üçün ödəniş etməmişdir. İcra sənədi üzrə 13659 manat məbləğində borcu qalmışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icra məmuru Şəhram Şəmmədli icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs Minəli oğlundan qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Minəli oğlu Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Minəli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Minəli oğlu izahat verərək bildirmişdir ki, indiyə kimi dəfələrlə uşağa yardım göstərmiş lakin bunu əlbəəl etdiyindən təsdiq edəcək sübutlarının olmadığını buldirmiş, hazırda icra vərəqəsi üzrə borcundan qərarın elan edildiyi gün min manat ödəməyi və sonrakı aylarda alimenti ödəyəcəyinə təminat verərək, barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkəmə tərəfinfən rəsmi şəkildə telefon danışıqları aparılan zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, hazırda Şəxs Minəli oğlu ilə razılığa gələrək, qərarın elan edildiyi gün ona min manat pul verilməsi və hər ay vaxtlı- vaxtında aliment ödənilməsini ilə bağlı razılığa gəlmişlər, buna görə də onun barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsi xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9195/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs Minəli oğlundan 01 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçun 14 avqust 17-ci il tarixdən hesablanmaqla hər ay 136.60 manat sabit pul məbləğində aliment va vazzadə Minəli Tural oğlunun üç yaşına çatanadək ananın saxlanılması uçun 50 (alli) manat bit pul məbləğində aliment X1 xeyrinə tutulması qeyd edilmişdir; icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs Minəli oğluna göndərilmişdir Tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, 2(008)-9195/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur. Borcun axtarışı haqqında xx.xx.2018-ci il traixli qərardan görünür ki, borclu Şəxs Minəli oğlu barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs Minəli oğlu tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs Minəli oğlu hazırda zərərçəkmiş şəxslə razılığa gəlmiş, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsinə razılıq vermişdir. Şəxs Minəli oğlu icra sənədi üzrə borcundan dərhal min manat və sonrakı aylardan vaxtlıvaxtında aliment borcunu ödəməklə bağlı zərərçəkmiş şəxs X4 ilə məhkəmə iclasında razılığa gəlmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs Minəli oğlu tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Minəli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Minəli oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar