Məhkəmə qərarları › İş №3(008)-6530/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6530/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6530/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də menecer işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 27, 2-ci massiv, 2-ci döngə, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1713/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməyərək ümumilikdə icra sənədi üzrə 7425,39 manat məbləğində borcunu ödəməməklə AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1713/2024-030 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə "xxxx" MMC-dən 4377,55 manat məbləğində əsas borc, 2947,94 manat məbləğində ƏDV borcu, 100 manat dövlət rüsumu, ümumilikdə 7425,39 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Borclu hüquqi şəxsin direktoru 2947 manat şirkətin hesabına ödəniş etdiyini bildirmişdir. Lakin bunun hazırki iş üzrə ödəməyə aid olub-olmamasını hələki müəyyənləşdirə bilməmişik. Hüquqi şəxsin hesabında pul vəsaiti yoxdur. xx.xx.2025-ci il tarixdə icra sənədi geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə icra sənədinin geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədinin icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə qaytarılması qərara alınmışdır. Şəxs rəsmi olaraq iş yerinin olması barədə icra şöbəsində məlumat olmadığından bu istiqamətdə tədbir görülməmişdir. Tələbkar borcunun tam şəkildə ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 2947 manat ödəniş etmişdir. Hazırda işləyir, təxminən 1300 manata yaxın əmək haqqı vardır. Daha sonra ödəniş edə bilməməsi şirkətin digər borclarını ödəməsi ilə bağlı olmuşdur. Şirkətin hesablarına da məhdudiyyət qoyulmuşdur. Bundan başqa "xxxx" MMC-nin rəhbər şəxslərinin anbardan 76143,51 AZN dəyərində qida məhsullarını talaması ilə bağlı Nizami Rayon Prokurorluğuna və digər qurumlara şikayətlə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcdan yayınmır. Onunla bağlı heç bir narazılığı yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1713/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, "xxxx" MMC-dən 4377,55 manat məbləğində əsas borc, 2947,94 manat məbləğində ƏDV borcu, 100 manat dövlət rüsumu, ümumilikdə 7425,39 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1713/2024-030 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu "xxxx" MMC-yə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Tələbin könüllü icrası haqqında xx.xx.2024-ci il tarixli bildirişdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1713/2024-030 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, bu müddətdə tələb üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmiş və bu bildiriş Şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 8-2(113)-154/2025 saylı qərardadından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1713/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədinin icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə qaytarılması qərara alınmışdır. Müxtəlif banklardan daxil olmuş məktublardan görünür ki, inkasso sərəncamları hüquqi şəxsin hesabında pul vəsait olmadığı üçün icra olunmamışdır. Elektron məhkəmə informasiya sistemində Şəxs barəsində olan gəlir məlumatlarından görünür ki, "xxxx" MMC-də menecer vəzifəsində işləyir, aylıq əmək haqqı 1650 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs rəsmi iş yeri var, aylıq əmək haqqı 1650 manat təşkil edir. Yəni tələbin əmək haqqına yönəldilməsi yolu ilə məhkəmə qərarının icrasının təmin edilməsi mümkündür. Lakin icra məmuru tərəfindən tələbin onun əmək haqqı hesabına ödənilməsi təmin edilməmişdir. Yəni protokol tərtib edən orqan tərəfindən icra sənədi üzrə tələbin təmin olunması üçün onun tərəfindən zəruri olan bütün tədbirlər görülmədən hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcra sənədinin icrasının digər məcburi icra tədbirləri vasitəsilə təmin etmək mümkün olduğu halda şəxsin inzibati məsuliyyətə cəlb olunması ədalətli olmamaqla qanunçuluq prinsipinin tələblərinə də ziddir. Belə ki, İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətin tətbiq olunmasında məqsəd məhkəmə qərarının icrasını təmin etməkdir. Qanunvericilikdə də məhkəmə qərarının icrasının təmin edilməsi üçün bir sıra məcburi icra tədbirləri nəzərdə tutulmuşdur və məhkəmə qərarının icrasının həmin məcburi icra tədbirləri vasitəsilə məsələn tələbin əmək haqqına yönəldilməsi, şəxsin əmlakına yönəldilməsi, bank hesablarında olan pul vəsaitinə yönəldilməsi və.s vasitələrlə təmin edilməsi mümkündürsə bu vasitələrdən istifadə olunaraq məhkəmə qərarının icrası təmin edilməlidir. Şəxsin inzibati məsuliyyətə cəlb olunması məhkəmə qərarının icrasının təmin etmək məqsədilə nəzərdə tutulan ən son tədbirdir. AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasında inzibati cərimə ilə yanaşı ən sərt tənbeh tədbiri olan inzibati həbs növündə inzibati tənbeh tədbiri də nəzərdə tutulmuşdur. Məhkəmə qərarının icrasının məcburi icra tədbirləri vasitəsilə təmin etmək mümkün olduğu halda şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına və ya digər tənbeh tədbilərinin tətbiq olunmasına ehtiyac yoxdur. Ona görə də məhkəmə hesab edir ki, şəxsin barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməzdən öncə səlahiyyətli orqan məhkəmə qərarının icrasının təmin edilməsi üçün bütün zəruri tədbirləri görməlidir. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar