Məhkəmə qərarları › İş №3(008)-6532/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6532/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6532/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin sahə rəisi X1, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 2004-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, natamam orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 01 dekabr 2022-ci il tarixli protokola əsasən Şəxs 14 noyabr 2022-ci il tarixdə, saat 12:48 radələrində X3 aldadaraq kredit təşkilatının rəhbəri olduğunu bildirərək ona “Meqastore” marketdə olan “Milli Ön” termanalı vasitəsi ilə 200 manat pul göndərməsini bildirmiş, həmin şəxs 200 manat pulu göndərdikdən sonra həmin pulu mənimsəmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin sahə rəisi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs inzibati xəta haqqında protokolda göstərilən əməli etiraf etmiş, zərərçəkmiş şəxs isə pulun tam olaraq geri qaytarılmadığı təqdirdə şikayətçi olduğunu bildirmişdir. Göstərilənlərin nəzərə alınaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, onun dələduzluq etməsinə səbəb anasının xəstə olması olmuşdur. Belə ki, onun anası ilə atası ayrılmış, anası sinir xəstəsi olduğundan onun müalicə üçün İrana getməsi, dərmanlarının alınması üçün pul lazım olduğundan o, da başqa şəxsləri aldadaraq onların pullarını ələ keçirmək və anasına dərman almaq qərarına gəlmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 14 noyabr 2022-ci il tarixdə, saat 12:48 radələrində X3 aldadaraq kredit təşkilatının rəhbəri olduğunu bildirərək ona “Meqastore” marketdə olan “Milli Ön” termanalı vasitəsi ilə 200 manat pul göndərməsini bildirmiş, həmin şəxs 200 manat pulu göndərdikdən sonra həmin pulu mənimsəmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə vurulmuş zərər 200 manat olduğundan cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs AR İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün materiallar sahə inspektoruna göndərilmişdir. AZA 017129 saylı, 30 noyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 noyabr 2022-ci il tarixdə, saat 17:00-da tutulmuşdur. Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, o, zərərçəkmiş şəxsi aldadaraq onun 200 manat məbləğində pulunu ələ keçirməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək peşman olmasını (AR İXM 32.1.1), inzibati xətanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini (AR İXM 32.1.2) onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunmaqla inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. AR İXM-nin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Tənbeh tədbirinin əvvəli Şəxs həmin tənbehin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə İcra və probasiya idarəsinə tapşırılsın. Şəxs məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar