Məhkəmə qərarları › İş №3(008)-6534/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6534/2025

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6534/2025 27.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-1, bağ evi, 804D ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şabanov Şəxs hər ay 136,60 manat pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair məhkəmə qərarını icra etməyərək ümumilikdə icra sənədi üzrə 8874,40 manat aliment borcunu ödəməməklə AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi şöbənin icraatına 15 yanvar 2025-ci il tarixdə daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə borclunun barəsində axtarış elan edilmişdir. Daha sonra axtarış icra olunaraq borclu icra şöbəsinə təmin edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Aliment üzrə hesablanmış 8874,40 manat məbləği isə o, 12 sentyabr 2017-ci il tarixdən 2024-cü ilin oktyabr ayına qədər olan dövr üzrə hesablayaraq həmin məbləğdən borclunun təqdim etdiyi qəbzlər əsasında ödənilmiş pul vəsaitlərini çıxmaqla aliment borcunun nə qədər olmasını müəyyən etmişdir. Borclu qeyd edilən məbləği ödəməməsini həmin dövrdə tələbkarla barışaraq bir yerdə yaşadıqları ilə əsaslandırmışdır. Tələbkarı o, görməmiş, yalnız yazılı qaydada şikayət və müraciətlər edir. İcra sənədinin əvvəllər geri qaytarılmasından, ümumiyyətlə əvvəllər icra şöbəsində belə bir icra işinin olmasından məlumatı yoxdur. İnzibati xəta haqqında protokolu müdafiə edərək borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 2017-ci il də tələbkarla nikahları pozulmuşdur. Həmin vaxta kimi onlar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-1, bağ evi, 804D ünvanında yaşamışlar. 2019-cu ildən onlar barışaraq yenidən bir yerdə yaşamağa başlamışlar. Ayrı yaşadıqları müddət üçün o, aliment ödənişlərini həyata keçirmişdir. Birgə yaşadıqları dövrdə isə ailəni o, saxlamış, uşağın tələbatlarını qarşılamış, onun geyim, qida, dərmanlarını almış, ona görə rəsmi qaydada heç bir aliment ödənişi həyata keçirməmişdir. Bunu etməli olduğunu düşünməmişdir. Onların bir yerdə yaşamasını onların qohumları da təsdiq edə bilər. Bundan başqa bunu uşağın burada 145 nömrəli məktəbdə oxuması da təsdiq edir. Uşağın məktəbə rahat gedib gəlməsi üçün bir müddət məktəbə yaxın ünvanda kirayədə yaşamışlar. Sonra maddi imkanlarının yaxşı olmaması səbəbindən yenidən əvvəl yaşadıqları ünvanda yaşamışlar. Tələbkar özü işləmədiyi halda onların ailəsinə kim baxmışdır. Tələbkarın bunu təsdiqləyəcək hansı sübutu vardır. 2024cü ilin oktyabr ayında tələbkar mediasiyaya müraciət edərək aliment tələb etmiş, alimentin 230 manat olması ilə bağlı razılığa gəlmişlər. Bundan sonra da o, aliment ödənişlərini həyata keçirmişdir. Tələbkar hazırda birgə yaşadıqları dövr üçün aliment tələb edir. Həmin dövrdə onlar ailə kimi birgə yaşadıqları və özü ailənin, uşağın ehtiyaclarını qarşıladığı üçün o, aliment ödəməmişdir. Ondan icra məmuru da aliment ödəməyi tələb etməmişdir. Ona görə də tələbkarın həmin dövr üçün aliment tələb etməsini düzgün hesab etmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Bununla bağlı elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə təqdim edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasını və borclu Şabanov Şəxs barəsində ən ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan başqa zərərçəkmiş şəxs elektron məhkəmə informasiya sistemi vasitəsilə işin mahiyyəti üzrə aşağıdakı məzmunda ərizələr yerləşdirmişdir. xx.xx.2026-cı il tarixdə əlyazma ərizə təqdim edərək bildirmişdir: 2017-ci ilin yanvarın 21-dən 2019-cu ilin yanvarın 29-na kimi ayrılıb gəlmişəm. 2019-cu ilin fevral ayında getmişəm, alimentdən imtina etməmişdirm, buna baxmayaraq alimenti ödəməmişdir. Ora gedəndən 3, 4 ay qala onlarda kəndə gedirdim, yollarda qalmışam. Yola getmirdi, hər gün içkili gəlirdi, 2021-ci ilin sentyabr 15-dən kirayə ev tutub orada bir yerdə qaldıq, 4 aydan sonra dedi ki, yorulmuşam, sizi daha saxlaya bilmirəm. Gedib yaşayın ya Vişnyovkada, ya da kəndə gedin. Mən də gəldim fevral ayında uşağı qəsəbə məktəbinə qoydum, sürücüyə ayda 100 manatdan veririk. Bir ay çatdıra bilmədim. Uşaq atasından 100 manat istədi, atası da dedi ki, anan gedib xidmətçi işləyib səni saxlasın, o illərdə də aliment göndərmədi. Məndə 2024-cü ilin oktyabr ayında şikayət etdim və noyabr ayından alimenti göndərməyə başladı, iki ay 230 bir yerdə ödədi, sonralarda 130+100, 100+50+50+30 belə verməyə başladı. Uşağın eşitməsində qüsur var. Buna görə qulaq aparatları almalı olduq. Birinci dəfə qardaşım aldı, birini özləri nənəsi aldı. İkinci dəfə faizlə 5600 manata aldıq. Onda da uşağın pensiya pulundan hər ay 200 manat məndən alırdı, özü də 40 manat üstünə qoyub ödəmişdir. 4 ayda yenə ata nənəsi verdi. Üçüncü dəfə mən özüm aldım. 1 aparatı 1300 manatdan nağd, 2-ci aparatı nisyə hər ay özüm ödədim. 450+450+440+ manat, heç bir kömək etmədən anamın pensiyasından ödədim. Uşağın atası yayda bir dəfə yanına gəlib, bir də mən Bakıya gedəndə, uşaq zəng edib ki, məni apar Vişnyovkaya öz evlərinə. Özü 28-də işləyə-işləyə qardaşı gəlib uşağı metronun yanından götürüb aparıb Vişnyovkaya bir gecəlik. Ata özünə heç bir əziyyət vermir, onun üçün ancaq araq və siqaret olsun, onun yadında heç uşaq yoxdur. Məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxslə telefon vasitəsilə əlaqə saxlanılan zaman zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, məhkəməyə ünvanladığı əlyazma ərizəsində göstərdiyi kimi 2019-cu ilin fevral ayında 3-4 aylıq bir müddəti borclu ilə bir yerdə yaşamışlar, lakin sonradan o, yenə ayrılıb Qubaya ata evinə getmişdir. Bir yerdə yaşadıqları zaman da borclu ailəyə baxmamışdır. O, heç vaxt alimentdən imtina etməmişdir. Ona görə də hesablanmış aliment ona ödənilməlidir. Bir yerdə kirayədə yaşamışlar. 4 aydan sonra borclu ona ailəyə baxa bilməməsini deyib, çıxıb getməsini bildirmişdir. Həmin müddətdə uşaq məktəbdə oxumamışdır. O, Qubaya qayıtmış, uşaq əvvəlcə Qubada qəsəbə məktəbində oxumuş, sonra isə Digah kəndində məktəbə getmişdir. O, bu müddət ərzində alimentlə bağlı icraya şifahi şəkildə müraciət etmişdir. Şifahi müraciətləri nəticəsiz qalmışdır. Borclu isə alimenti ödəyəcəyinə söz verdiyi üçün o, gözləmişdir. Rəsmi olaraq aliment ödənilməsi ilə bağlı müraciəti 2024-cü ilin noyabr ayında etmişdir. Həmin vaxt ona icra sənədinin geri qaytarılması məlum olmuş, yenidən Quba Rayon Məhkəməsinə müraciət edərək işin icraya yönəldiməsini tələb etmiş, bundan sonra sənədin icrası Sabunçu rayon icra şöbəsinə göndərilmişdir. O, bir daha bildirir ki, alimentdən heç vaxt imtina etməmiş, bununla bağlı rəsmi qaydada müracəti olmamışdır. xx.xx.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistem vasitəsilə yenidən əlyazma ərizə təqdim edərək bildirmişdir ki, əvvəlki məhkəmə iclasında əlyazma formasında təqdim olunmuş yazılar ona məxsus deyildir. Həmin yazılar anası tərəfindən yazılmışdır. Anası keçmiş müəllimədir, onun asan imza nömrəsi anasında qalmış və o, əlyazma şəklində yazdığı izahatları xəbəri olmadan onun “Asan imza”sı ilə məhkəməyə göndərmişdir. Hazırda öz əlyazmasını təqdim edir və əvvəlki məhkəmə iclasında təqdim olunmuş həmin əlyazma sənədinin sübut kimi nəzərə alınmamasını xahiş etmişdir. Həmin tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə yeni ərizə təqdim edərək bildirmişdir ki, əvvəlki məhkəmə iclasında əlyazma formasında təqdim olunmuş yazılar ona məxsus deyildir. Həmin yazılar anası tərəfindən yazılmışdır. Anası keçmiş müəllimədir və onun “ASAN imza” nömrəsi onda olmuş və o yazını göndərmişdir. Məhkəmə iclasının yaxın tarixdə təyin olunması və vaxt azlığı səbəbindən anasının təqdim etdiyi sənədlə tanış olmaq imkanı olmamış və onun məlumatı olmadan bir başa göndərilmişdir. O, yalnız anasından, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə ərizə verilməsini xahiş etmişdir. Lakin anası öz təşəbbüsü ilə əlyazma şəklində bəzi izahatlar yazmış və onları onun ASAN imzası vasitəsilə imzalayaraq məhkəməyə təqdim etmişdir. Həmin sənədlərin məzmunu ilə əvvəlcədən tanış olmamışdır. Sonradan oxuduqda bəzi məlumatların düzgün olmadığını müəyyən etmişdir. Qeyd edir ki, həmin əlyazma nə onun tərəfindən yazılmış, nə də məzmunu ona məxsusdur. Bu səbəbdən həmin sənədin sübut kimi nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə iclası zamanı edilən zəngə də o evdə olmadığı üçün anası cavab vermişdir. O, onlarla əlaqədar məsələlərdən tam məlumatlı olmadığı üçün verilən suallara cavab verə bilməmiş və telefonu söndürmüşdür. Nəzərinizə çatdırıram ki, uşaqları hazırda Quba rayonu Qırmızı Qəsəbədə adlanan Qəsəbədə yerləşən 2 saylı tam orta məktəbin 7-ci sinfində təhsil alır. Uşağın təhsili və sağlamlığı ilə əlaqədar olaraq boşandıqdan sonra 2020-2021-ci il tədris ili üçün (Loqeped müalicəsi üçün) o oğlu ilə birlikdə Bakı şəhəri, Qara Qarayev qəsəbəsində kirayə yaşamışdır. 2020-ci ildə bütün dünyanı sarar COVİD 19 Pandemiyası və maddi vəziyyəti ilə əlaqədar kəndə qayıtmağa məcbur olmuşdur. Həmin tədris dövrü uşaq ZOOM platforması üzərindən təhsilini davam etdirmişdir. Qeyd etməlidir ki, nə kirayədə yaşadığı dövrdə, nə də ondan əvvəl və sonra cavabdeh Şabanov Şəxs ilə barışmamış və birlikdə ailə həyatı yaşamamışlar. O heç vaxt alimentdən imtina etməmişdir. Qara Qarayevdə kirayədə yalnız övladı ilə birlikdə yaşamışdır. Həmin dövrdə maddi çətinliklər səbəbindən kirayə haqqını ödəməkdə çətinlik çəkdiyini cavabdehə bildirmiş və aliment öhdəliyini yerinə yetirməsini tələb etmişdir. Lakin cavabdeh aliment ödəməkdən imtina edərək ya Vişnyovka qəsəbəsinə gəlib onunla birlikdə yaşamağını, ya da kəndə qayıtmağını bildirmişdir. Maddi imkanı olmadığından kəndə qayıtmağa məcbur olmuşdur. Cavabdeh Şabanov Şəxs uşağının eşitmə problemi olduğu üçün hər 4 ildən bir yeni qulaqcıq almalı olduğunu bildirərək (bir cüt qulaqcıq 5- 6 min manat dəyərindədir) ondan dəfələrlə alimentin ödəməsini xahiş etsə də, o nəinki borcu olan alimenti ödəyir. Hətta uşağı məktəb tətilləri zamanı baba-nənə yanına apardığı zaman belə ödəməli olduğu alimenti həmin günləri hesablayıb alimentən çıxaraq ödəməyə başlamışdır. Alimentin ödənilməməsi ilə bağlı dəfələrlə Sabunçu Rayon İcra Şöbəsinə şifahi müraciətlər etmişdir. Lakin cavabdehin atası ona yalvararaq xahiş etmiş, 2019-cu ildən yığılan borc üzrə şikayət etməməyini və ödənişlərin tədricən ediləcəyini bildirmişdir. O da alimentin ödəniləcəyini ümid edərək bir müddət gözləmiş və təkrar şifahi müraciətlər etmişdir. Hüquqi məlumatsızlıq səbəbindən yazılı müraciətin zəruri olduğunu bilmədiyi üçün həmin vaxt rəsmi qaydada şikayət etməmişdir. 2024-cü ildə vəkillə məsləhətləşdikdən sonra alimentin icrası üçün yazılı qaydada müraciət etməli olduğunu öyrənmişdir. Müraciət etdikdə məlum olmuşdur ki, icra sənədi Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Çoxsaylı müraciətlərimdən sonra icra sənədinin icrasına başlanılmışdır. Qeyd edir ki, aralarında heç vaxt faktiki barışıq və birgə ailə həyatı olmamışdır. Cavabdehin bu barədə verdiyi izahatlar yalnız aliment öhdəliyindən yayınmaq məqsədi daşıyır. Aralarında xx.xx.2024-cü il tarixli, 01988 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən aliment məbləğinin artırılaraq aylıq 230 manat məbləğində ödənilməsi razılaşdırılmışdır. Cavabdeh yalnız onun yazılı müraciət etdiyini bildikdən sonra, 2024-cü ildən etibarən alimenti qismən ödəməyə başlamışdır. Xüsusilə qeyd edir ki, həmin barışıq sazişi yalnız gələcək dövr üzrə aliment məbləğinin artırılmasına aiddir. Bu saziş əvvəlki illər üzrə yığılıb qalmış aliment borcunu əhatə etmir və cavabdehi həmin borcdan azad etmir. Cavabdehin 2019-cu ilin oktyabr ayından etibarən aliment borcu formalaşmış və bu günədək tam ödənilməmişdir. 2025-ci ilin noyabr ayında cavabdeh uşağı 15 gün müddətində öz yanında saxlamış və həmin müddət üçün alimentin yarısını köçürmüşdür. Halbuki aliment aylıq öhdəlikdir və uşağın müvəqqəti olaraq digər valideynin yanında qalması borcu aradan qaldırmır. Cavabdeh hər dəfəsində uşağın onun yanında qaldığı müddət üçün aliment ödənişlərini kəsmişdir. Uşağın bütün gündəlik xərcləri, təhsil və sağlamlıqla bağlı ehtiyacları, o cümlədən alınmış tibbi aparatların ödənişləri onun tərəfindən, əsasən uşağın pensiyası hesabına qarşılanmışdır. Cavabdeh bu xərclərdə faktiki olaraq iştirak etməmiş və heç bir əlavə maddi dəstək göstərməmişdir. Təkrar şəkildə qeyd edir ki, o, heç vaxt aliment ödənişindən imtina etməmişdir. Ona görə də, ona məxsus olmayan əlyazma sənədin sübut kimi qəbul edilməməsini, Şabanov Şəxs barəsində inzibati qaydada ən ağır tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistem vasitəsilə yenidən ərizə təqdim edərək bildirmişdir ki, Şabanov Şəxs barəsində inzibati xəta haqqında işin baxılması üçün məhkəmə iclası xx.xx.2026-cı il tarixə, saat 10:30-a təyin olunmuşdur. Hazırda səhhəti ilə bağlı ciddi problemlərim mövcud olduğundan, məhkəmə iclasında şəxsən iştirak etməyi mümkün olmayacaqdır. Əvvəlki ərizələrində də qeyd etdiyim kimi bir daha bildirir ki, Şabanov Şəxs məhkəmə qətnaməsi çıxarıldıqdan sonra 2019-cu ilə qədər aliment ödənişlərini həyata keçirmişdir. Lakin 2019-cu ildən etibarən heç bir əsaslı və üzrlü səbəb olmadan aliment ödənişlərini qəsdən dayandırmışdır. Nəticədə uzun müddət ərzində aliment öhdəliyinin icra edilməməsi səbəbindən xeyli miqdarda borc formalaşmışdır. Bildirir ki, Şabanov Şəxs məhkəmə iclaslarında həqiqətə uyğun olmayan, əsassız və yalan izahatlar verməklə aliment öhdəliyindən yayınmağa çalışmışdır. Onun barışma ilə bağlı irəli sürdüyü iddialar tamamilə həqiqətə uyğun deyildir. Bir daha qəti şəkildə bəyan edir ki, biz heç vaxt barışmamışıq və bir ailə kimi birgə yaşamamışıq. Xüsusilə vurğulayır ki, o, aliment hüququndan heç vaxt imtina etməmişdir. Hətta fərz edilsə belə ki, tərəflər arasında hansısa münasibətlərin bərpası olmuşdur (ki, bu hal mövcud deyildir), bu, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyini aradan qaldırmır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası məhz Şabanov Şəxs birbaşa vəzifəsidir və onun alimentdən imtina etmədiyi müddətdə həmin öhdəlik qüvvədə qalır. Birgə yaşayıb-yaşamamağı faktı aliment öhdəliyinin icrasını dayandırmaq üçün hüquqi əsas təşkil etmir. Şabanov Şəxs uzun müddət ərzində aliment öhdəliyini yerinə yetirməməsi uşağın maddi təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, Şabanov Şəxs barəsində qanunla nəzərdə tutulmuş ən ağır inzibati qaydada tənbeh tətbiq edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında telefon vasitəsilə E.Quliyev adına 145 nömrəli tam orta məktəbin müəlliməsi X1 ilə əlaqə saxlanılan zaman sonuncu bildirmişdir ki, 18 avqust 2012-ci il tarixdə doğulmuş Şabanov Linard Şəxs oğlu sorğuda qeyd edilən tarixlərdə 145 nömrəli tam orta məktəbdə təhsil almışdır. Həmin şagirdin müəlliməsi olmuşdur. Təhsil aldığı dövrdə uşağı məktəbə anası və ya ata babası aparıb, gətirmişdir. Uşağın atasını bir, iki dəfə kənardan görmüş, lakin ünsiyyəti olmamışdır. Məktəbdə online qaydada dərslər İİ sinfin 2-ci yarısı və İİİ sinifdə keçirilmişdir. Bundan sonra dərslər əvvəlki qaydada əyani şəkildə keçirilmiş və uşaq dərslərdə bilavasitə iştirak etmişdir. Məktəbdə olan sənədlərdə uşağın ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-1, bağ evi, 804D qeyd edilmişdir. Uşağın konkret olaraq hansı ünvandan dərsə gəlməsi barədə məlumatı olmamışdır. Dərslər online qaydada keçirilən müddətdə uşağın hansı ünvandan dərsə qoşulması barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-1167/2017 saylı icra sənədinə əsasən nikah pozularkən tərəflərin birgə nikahından 18 avqust 2012-ci il tarixdə doğulmuş Şabanov Linard Şəxs oğlu anası Zərərçəkmiş şəxs yanında saxlanılması, 18 avqust 2012-ci il tarixdə doğulmuş Şabanov Linard Şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şabanov Şəxs hər ay sabit pul məbləğində 136.6 manat aliment tutularaq, Zərərçəkmiş şəxs ödənilməsi, Şabanov Şəxs 20 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 2(027)-1167/2017 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Azadveg qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(008)- 6534/2025 saylı qərarının ləğv edilməsi və iş üzrə əlavə araşdırmanın aparılması üçün materialın Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmənin ünvanladığı sorğuya E.Quliyev adına 145 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, Şabanov Linard Şəxs oğluna (xx.xx.2012-ci il təvəllüdlü) ondan ötəri ki, o, həqiqətən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək (İ-İV siniflər) E.Quliyev adına 145 nömrəli tam orta məktəbdə təhsil almışdır. Məhkəmənin ünvanladığı sorğuya E.Quliyev adına 145 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, Şabanov Linard Şəxs oğluna (xx.xx.2012-ci il təvəllüdlü) ondan ötəri ki, o, həqiqətən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək (İ-İV siniflər) E.Quliyev adına 145 nömrəli tam orta məktəbdə təhsil almışdır. Həmin şagirdin ibtidai sinif müəllimi X1 həqiqətən pandemiya zamanı online qaydada dərslərdə iştirak etdiyini təsdiqləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, tərəflərin 2017-ci il tarixdə nikahlarının pozulması, 2017-ci il tarixdən 2019cu il tarixədək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aliment ödənişlərini həyata keçirməsi işin mübahisəsiz halıdır. Bunu zərərçəkmiş şəxs özü də ərizələrində göstərmişdir. İşin mübahisəli halı isə 2019-cu ildən sonra tərəflərin birlikdə yaşaması və birlikdə yaşadıqları dövrdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin uşağın tələbatlarını ödəməsi ilə bağlıdır. Tələbkar məhkəmə iclasında iştirak etməsə də məhkəməyə ünvanladığı ərizəsində və məhkəməyə verdiyi izahatında 2019-cu ildə 3-4 aylıq müddəti borclu ilə birlikdə yaşadıqlarını təsdiq etmiş, daha sonra Quba rayonuna getdiyini və uşağın orada təhsil aldığını bildirmişdir. Borclu isə uşağın onunla birlikdə yaşadığını, 145 nömrəli məktəbdə təhsil aldığını bildirmişdir. Bununla bağlı 145 nömrəli tam orta məktəbə sorğu verilmiş və həqiqətən də 2019-2023-cü illlərdə uşağın həmin məktədə təhsil alması bildirilmişdir. Bundan başqa məhkəmə iclasında 145 nömrəli tam orta məktəbdə uşağa dərs deyən müəllimə ilə telefon vasitəsilə əlaqə saxlanılmış, o, uşağın həmin məktəbdə sorğuda göstərilən tarixlərdə təhsil almasını, uşağı məktəbə anası və ya ata babasının aparıb-gətirməsini, uşağın atasını bir iki dəfə görməsini, uşağın ünvanı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin qeyd edildiyini bildirmişdir. Bütün bunlar isə borclunun bildirdiyi kimi tərəflərin həqiqətən 2019-cu ildən birgə yaşaması faktını təsdiq edir. Tələbkarın sonradan məhkəməyə ərizələr yazaraq ilkin olaraq göndərdiyi ərizənin onun tərəfindən yazılmaması, məhkəməyə izahat verənin özü deyil anasının olması ilə bağlı arqumentlərini məhkəmə inandırıcı hesab etməməklə işin həqiqi hallarının gizlədilməsinə cəhd kimi qiymətləndirir. Telefon vasitəsilə əlaqə saxlanılan zaman tələbkar ərizədə hər bir şeyi göstərdiyini, ərizəni özünün yazdığını bildirmişdir. Digər mübahisəli hal ilə bağlı məhkəmə qeyd edir ki, tələbkar birgə yaşadıqları dövrdə borclunun uşağın tələbatlarını ödəməməsi ilə bağlı mövqeyini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin həmin vaxt uşağın maddi tələbatlarının kim tərəfindən qarşılanması ilə bağlı sualına cavab verə bilməmiş, alimentdən imtina etmədiyini əsas gətirmişdir. Eyni zamanda tələbkar 2019-cu ildən 2024-cü ilədək icra şöbəsinə şifahi şəkildə müraciət edərək aliment tələb etdiyini bildirsə də, konkret olaraq hara müraciət etməsi, kiminlə əlaqə saxlamasını göstərməmişdir. Tələbkarın şikayətinə əlavə etdiyi xx.xx.2017-ci il tarixli qərardan görünür ki, icra sənədinin Quba Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmış və icra sənədi Sabunçu Rayon İcra şöbəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Yəni icra şöbəsində həmin dövrdə icrada olan bir icra sənədi mövcud olmamışdır ki, tələbkarın müraciəti əsasında da ona cavab verilməsi mümkün olsun. İş materiallarından, eyni zamanda tələbkarın özünün də bildirməsindən belə məlum olur ki, o, 2024-cü ildə Quba Rayon Məhkəməsinə müraciət edərək işin yenidən icraya yönəldilməsini tələb etmiş, Quba Rayon Məhkəməsi tərəfindən həmin icra sənədi xx.xx.2025-ci il tarixdə yenidən icraya yönəldilmişdir. İXM-nin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. Maddənin dispozisiyasında qeyd edilən “üzrsüz səbəbdən icra etməmə” həmin inzibati xətanın birbaşa qəsdlə törədilməsi qənaətinə gəlməyə əsas verir. İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə bu birbaşa qəsdlə törədilən inzibati xətadır. Yəni şəxsin qəsdi hüquqazidd hərəkət törətməyə yönəlmiş olmalıdır. İşin məhkəmə iclasında müəyyən olunmuş halları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin belə bir qəsdinin olması müəyyən olunmamışdır. Borcluya tələbin könüllü icra olunması, bunu etmədiyi halda barəsində məcburi icra tədbirlərinin görüləcəyinə dair xəbərdarlığın edilməsi müəyyən edilməmişdir. Şəxsin nikahları pozulduqdan sonra ayrı yaşadıqları dövrdə aliment ödəməsi, eyni zamanda 2024-cü ildə ayrıldıqdan sonra yenidən aliment ödənişlərini həyata keçirməsi onun aliment ödəməkdən yayınmaq niyyətinin olmadığını göstərir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsdən hazırda tələb edilən aliment borcu 2017-ci ildə icra edilmədən geri qaytarılan icra sənədi üzrə borcu nəzərdə tutur. Hansı ki həmin dövr üzrə (2017-2024) borcludan icra şöbəsi tərəfindən icra sənədinin könüllü icra olunması tələb olunmamış, icra olunmadığı təqdirdə tələbin məcburi qaydada təmin olunacağı barədə xəbərdar olunmamış, icra sənədinin icra olunmamasının səbəbləri araşdırılmamış, izahatı alınmamışdır. Bütün bunlara baxmayaraq borclunun qərəzli olaraq icra sənədinin icrasından yayınması qənaətinə gəlinərək İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi həmin protokol 2025-ci ildə yenidən icraya yönəldilmiş icra sənədi üzrə 5 illik müddət üçün alimentin ödənilməməsini nəzərdə tutur. İş materiallarına xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş əlavə olunsa da onun borclu tərəfindən alınmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Daha sonra isə borclu barəsində axtarış verilmişdir. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, borclunun icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Aliment ödənilməməsində ifadə olunan hərəkətsizliyin birmənalı olaraq məhkəmə qərarının icrasından qəsdən yayınma kimi qiymətləndirilməsi maddənin dispozisiyasında qeyd edilən “üzrsüz səbəb” əlamətinin müəyyənləşdirilməsi zərurətini və onun əhəmiyyətini heçə endirir. Həmçinin məhkəmə tələbkarın aliment hüququndan heç vaxt imtina etməməsi, hətta fərz edilsə belə ki, tərəflər arasında hansısa münasibətlərin bərpası olmuşdur, bunun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyini aradan qaldırmaması ilə bağlı mövqeyinə münasibət bildirərək qeyd edir ki, uşağın uzun müddət ərzində borclu tərəfindən maddi təminatsız qalmasını iddia edən tələbkar bu müddət ərzində uşağın mənafeyinə xidmət edən hüquqdan istifadə edən şəxsə bununla bağlı heç bir dövlət qurumuna müraciət etməməsinə dair mövqeyini ağlabatan hallarla əsaslandırmamışdır. Tərəflərin 2019-cu ildən 2024-cü ilə qədər birgə yaşadıqları nəzərə alınsa həmin dövrdə tələbkarın bildirdiyinə əsasən uşağın maddi tələbatlarının təmin edilməməsi halında, uşağın mənafeyinə xidmət edən hüquqa sahib olan şəxsi, yəni tələbkarı bu hüququndan istifadə etməməsinə dair mövqeyini ağlabatan hallarla əsaslandırmağı zəruri edir. Məhkəmə hesab edir ki, tələbkarın alimentdən imtina etməməsi qanuni görünsə də bu hüquqdan uzun müddət ərzində istifadə edilməməsinin səbəbi əsaslandırılmadığı halda hüquqdan sui-istifadə edilməsi ilə nəticələnə bilər. Tərəflər ailə münasibətlərini bərpa edib birgə yaşadıqları, uşağın maddi tələbatları təmin edildiyi halda yenidən həmin dövr üzrə aliment tələb edilməsi ədalətsiz üstünlük əldə edilməsi mənasına gəlinir. Ona görə də məhkəmə hesab edir ki, burada sübut etmə yükü yalnız aliment ödəmək vəzifəsi müəyyən olunmuş tərəfin deyil, bu hüququndan uzun müddət ərzində istifadə etməyən tərəfin də üzərinə düşür. Hüquqdan sui-istifadə etmədə insan formal olaraq qanunu pozmur, amma hüququ elə şəkildə istifadə edir ki, bu davranış ədalətə və hüququn ruhuna uyğun olmur. Beləliklə məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar ilə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq yayınması öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar