Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6546/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi ilə, şikayətçi X4 iştirakı ilə, şikayətçi X4 barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X5 Vadimoviç şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarına görə mən X6 əsassız olaraq AR İXM- nin 606.3cü maddəsi ilə 300 manat cərimə yazılmışdır. Mənim barəmdə qərarda yazılmışdır ki, guya mən təkrar tibbi müayinədən yayınmışam, lakin əslində belə olmamışdır, mənə təkrar tibbi müayinə barədə heç bir məlumat verilməmişdir. Eyni zamanda mən uzun müddətli hərbi xidmətdən möhlət hüququm vardır, yəni tibbi müayinədən yaynmağıma heç bir lüzum da yox idi. Qeyd olunan maddəyə əsasən, mənim barəmdə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin AR İXM-nin 606.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarın verilməsi və 300 manat cərimə tədbiq olunması əsassızdır. Ona görə ki, qərarda yazılanların heç bir əsası yoxdur, qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. Mənə bu barədə heç bir SMS, bildiriş və ya başqa bir məlumat verilməmişdir. Bildirir ki, o qərarla razı deyil, inzibati xəta törətməmişdir. Hesab edir ki, onun barəsində Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Belə olan halda onun 300 manat məbləğində cərimələməyi nəyə əsaslanmışdır. Qeyd edir ki, qərarın surəti ona təqdim edilməmiş, onun izahatı alınmamış və protokolla tanış edilməmişdir. Bu barədə ona hər hansı bir bildiriş və sms gəlməmişdir. Ona görə də hesab edir ki, o qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edildiyindən barəsində qəbul olunmuş qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, onun valideynləri yoxdur, yetimdir. Ondan başqa qardaşı və azyaşlı bacısı vardır. Qardaşı işləyir. O, isə evdə bacısında baxır. Ona Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin heç bir bildiriş, sms gəlməmişdir. xx.xx.2025-ci il tarixdə ev telefonlarına həmin idarədən zəng gəlmiş və onu xx.xx.2025-ci il tarixə idarəyə dəvət etmişlər. Orada ona “mygov” vasitəsilə məlumat yerləşdirdiklərini, nəyə görə təkrar müayinədən gəlib keçmədiyini bildirmişlər. O, isə bununla bağlı ona heç bir məlumat verilmədiyini, onların qeyd etdiyi “mygov” tətbiqindən istifadə etmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə telefon vasitəsilə əlaqə saxladıqları üçün gəldiyini, həmin vaxt da əlaqə saxlanılsa idi, məlumatı olsa idi, gələcəyini bildirmişdir. Eyni zamanda ona cərimə yazmamağı məlumatı olan kimi, yəni onu idarəyə çağıran kimi xx.xx.2025-ci il tarixdə gəldiyini bildirmişdir. 300 manat cərimənin onun maddi vəziyyətinə pis təsir edəcəyini bildirmişdir. Lakin onlar bütün bunları nəzərə almamış və barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Eyni zamanda bildirir ki, o, təkrar tibbi müayinədən keçmişdir. Ona xx.xx.2025-ci il tarixdə hərbi bilet verilmişdir. Buna qədər ona heç bir rəsmi sənəd verilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X7 təkrar tibbi müayinədən yayındığına görə Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu faktın “mygov” sms bildirişi ilə təsdiq edildiyi qeyd edimişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X1 barəsində Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda X7 təkrar tibbi müayinədən yayındığına görə Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu faktın “mygov” sms bildirişi ilə təsdiq edildiyi qeyd edilmişdir. Yəni protokoldan görünür ki, şəxsin tibbi müayinəyə təkrar çağırılması “mygov” vasitəsilə həyata keçirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, çağırışın bu şəkildə aparılmasının nəyə əsaslandığı məlum deyil. Belə ki, şəxsə rəsmi qaydada təkrar tibbi müayinəyə çağırılması ilə bağlı məlumat verilməli idi. “Hərbi vəzifə və hərbi xidmət haqqında AR Qanununun 6.2-2-ci maddəsinə əsasən tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların hansı müddətdə tibbi müayinədən keçməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəlməli olması barədə çağırış vərəqəsi vasitəsilə məlumatlandırılırlar. “Mygov” Azərbaycanın rəqəmsal hökumət platformasıdır. Hökumətlə vətəndaş arasında körpü yaradan bu platforma bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsal formada vətəndaşa çıxış imkanı yaradır. Yəni bu platforma vətəndaşın istəyinə, iradəsinə uyğun olaraq ona rəqəmsal sənəd və məlumatları rahatlıqla əldə etmək imkanı verir. Dövlət orqanlarının bu platforma vasitəsilə sənəd yerləşdirməsi şəxs üçün hər hansı öhdəlik yaratmır. Təkrar tibbi müayinə ilə bağlı şəxsin ünvanına rəsmi qaydada bildiriş göndərilməli idi ki, şəxsin məlumatı olsun və şəxs buna əməl etmədiyi halda onun təkrar tibbi müayinədən yayınıb-yayınmaması ilə bağlı araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməli idi. Çünki İXM-nin 606.3-cü maddəsindən də görünür ki, şəxs bu maddə ilə inzibati məsuliyyətə o, halda cəlb oluna bilər ki, üzrlü səbəblər olmadan müayinəyə gəlməsin. Yəni, şəxsin nəzərdə tutulan vaxtda müayinəyə getməməsi hələ özlüyündə həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün kifayət deyil. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan şəxsin müayinəyə gəlməməsinin üzrlü səbəbdən olub-olmamasını araşdırmalıdır. Maddənin dispozisiyasında qeyd edilən üzrlü səbəb olmadan gəlməmə həmçinin onu deməyə imkan verir ki, bu qəsdən törədilən inzibati xətadır. Yəni şəxsin qəsdi məhz təkrar tibbi müayinədən yayınmağa yönəlmiş olmalı və bu inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən sübut olunmalıdır. Məhkəmə iclasında X7 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə onların evinə SX-nin Sabunçu Rayon İdarəsindən zəng gəlmiş, onu xx.xx.2025-ci il tarixə idarəyə dəvət etmiş, o da idarəyə yaxınlaşmış və ona nəyə görə təkrar tibbi müayinəyə gəlmədiyi barədə soruşulduqda təkrar tibbi müayinəyə gəlməli olması vaxtı barədə məlumatı olmadığını, ona bununla bağlı heç bir bildiriş daxil olmadığını, mygov dan istifadə etmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol X7 tərəfindən imzalanmışdır. Bu isə onun dediklərinin həqiqət olduğunu göstərir. Yəni şəxs xx.xx.2025-ci il tarixdə olan çağırışa getmişdirsə, onda əvvəl də ona məlumat verilmiş olsa idi, müayinə üçün idarəyə yaxınlaşardı. Bundan başqa şəxsə verilmiş ******* saylı hərbi biletdən görünür ki, həmin sənəd AR SHXÇDX-nin Sabunçu Rayon İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmişdir. Qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübut etmək vəzifəsi qərar qəbul edən orqanın üzərinə düşür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 istinad edilən inzibati xətanı törətməsində təqsiri müəyyən olunmadığından onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunvericiliyin tələbinə əsasən inzibati xətanın olub-olmamasının, inzibati xəta törədən şəxsin təqsirinin müəyyən edilməsi yalnız iş üzrə əldə edilmiş mötəbər sübutlarla mümkündür. Yəni bu halları təsdiq edən mötəbər sübut olmadan yalnız şəxsi mülahizələrə, ehtimallara dayanaraq şəxsi məsuliyyətə cəlb etmək olmaz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar ləğv edilməli və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli
Məhkəmə qərarları › İş №3(008)-6546/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6546/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver