Məhkəmə qərarları › İş №3(008)-6554/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6554/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6554/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, İdarə etdiyi 99HG888 dövlət nömrə nişanlı aftomobil Dövlət yol polis əməkdaşı kiçik çavuş X4 tərəfindən (99YP451) 17.11,2025-il tarixində,saat 01:18:00 radələrində sxlanılmışdı. Əsgərov Azad vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun idarə etdiyi maşını bir əsas olmadan cərimə meydançasına aparmışdır. Barəsində inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə olunmağı barədə protokol tərtib edilib. (342.2.2.) normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi). DYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub. Protokolda da xətanın mahiyyəti haqqında hər hansı bir qeyd yazılmayıb. Yəni hansı avadanlığın quraşdırılması və ya dəyişdirilməsi müəyyən edilməyib”. Onun idarə etdiyi avtomobildə heç bir avadanlığ quraşdırılmamışdır. Yol polisi əməkdaşının ona tətbiq etdiyi protokol tamami ilə qanunsuzdur. Yol polisi əməkdaşının nöqsan tutduğu məqam işıqların standartlara uyğun olmamasıdır. Onun sözlərinə görə bütün işıqlar əlavə avadanlıqdır. Qanunvericilikdə onun maşınında olan işıqlarla bağlı istinad olunası bir məqam yoxdur. Həmin maşın hər il də texniki baxışdan keçir. Texniki baxışdan keçəndə də, maşını sürəndə də heç vaxt hər hansı əlavə avadanlıq olması barədə ona bildirilməyib. "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin 3-cü bəndində qeyd olunur ki, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Həmçinin, qanun ön fənərlərin ağ, sarı, narıncı rənglərdən başqa digər rəngdə olmasını qadağan edir. İşıqqaytarıcılar isə mütləq ağ rəngdə olmalıdır. Arxa fənərlərdə isə geriyə hərəkət fənəri yalnız ağ, qeydiyyat nişanı işığı yalnız ağ, arxa “stop’lar yalnız qırmızı, dönmə və duman fənərləri narıncı və sarı rəngdə olmalıdır. “Avtomobil, avtobus, trolleybus, traktor, qoşqu və yərımqoşqulardakı işıq cihazları, onların yerləşməsi, sayı, rəngi, görünmə bucağı” haqqında dövlət standartında sıra ilə qeyd olunub. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən avtomobildə standartlar pozulmaqla avadanlıqların yığılması və ya çıxardılması qadağandır. Standart dedikdə isə söhbət avtomobilin konstruksiyasında nəzərdə tutulan avadanlıq siyahısından gedir və bu avadanlıqlar birbaşa təhlükəsizliyə təsir etdiyi üçün müvafiq normativ aktlar qəbul olunmuşdur. Lakin bir neçə avadanlıq da var ki, onun quraşdırılmasında heç bir problem yaşanmır. Azərbaycan Respublikası “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” beynəlxalq Müqaviləyə qoşulub. Həmin müqaviləyə qoşulan dövlətlər BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan razılaşdırılmış qaydaları (yəni avtomobillərə aid texniki şərtləri və standartları) tanımalı və tətbiq etməlidirlər. Avtomobillərdə işıq cihazlarına dair standartlar isə AİK-in 48 saylı qaydalarında müəyyən edilib. Avtomobilində olan işıq qadağan olunan cihazlar kateqoriyasına daxil deyil. Yol polisinin cihazı varsa və yoxlayıb görürsə ki, burada kustar üsulla quraşdırılma yoxdur, bu zaman sürücünün cərimə olunmasından söhbət getməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:18-də Bakı, Əli Vəliyev, 119 ünvanında “VAZ 21214 MİNİK” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edərkən nəqliyyat vasitələrinin sürücləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi nəticəsində X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X3 izahatında bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərarla ona 150 manat məbləğində cərimə cəzası təyin edilmiş və hadisənin görüntüləri ona təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən xx.xx.2025-ci il tarixdə, saat 01:18-də Bakı, Əli Vəliyev, 119 ünvanında “VAZ 21214 MİNİK” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması ilə bağlı X2 inzibati tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüyə baxış zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamış, normativ tələblər pozulmaqla hansı avadanlığın quraşdırılması və ya avadanlığın dəyişdirilməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol və qərarda da nəqliyyat vasitəsinə hansı normativ tələblərin pozulması ilə hansı avadanlığın quraşdırılması göstərilməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X1 İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmamış, Bakı şəhər X8 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən pozuntuya yol verilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar