Məhkəmə qərarları › İş №3(008)-6558/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6558/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6558/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi ilə, X1nın iştirakı ilə, X1nın barəsində Sabunçu RPİ-nin 14-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 25 sentyabr 2025-ci il tarixində, təxminən saat 22:30 radələrində qonşusu Vahabova İnci ünvanına küçə şəraitində, digər qonşuların iştirakı ilə şərəf və ləyaqətini alçaldan ifadələr səsləndirmişdir. O, onun xarici ölkələrdə “pozğun fəaliyyətlə” məşğul olduğu barədə böhtan xarakterli iddialar irəli sürülmüşdür. Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 Çağrı Xətti vasitəsilə şikayət etmişdir. Ertəsi gün, 26 sentyabr 2025-ci il tarixində Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə (bundan sonra “Bölmə”) hadisə ilə bağlı şikayət ərizəsi təqdim etmişdir. Müraciətinin hüquqi xarakterini nəzərə alaraq bu növ şikayətlərin icraatının Daxili İşlər Nazirliyinin səlahiyyətində olmadığını əsas gətirən Bölmə əməkdaşları heç bir tədbir görməmiş və ona bununla bağlı məlumat verməmişlər. Qısa müddət sonra qonşusu Vahabova İnci barəsində, 2019-cu ildən bəri şəxsi yaşayış mülkündə (dörd tərəfi daş hasarla əhatə olunan həyətyanı sahə) sanitariya tələblərinə uyğun qaydada saxladığım, 4 ədəd orta və kiçik ölçülü təhlükəli cinsdən olmayan itlərindən “səs-küy”, “antisanitariya” və “təhlükə” iddiaları ilə əks olunan şikayət ünvanlamışdır. Bu müraciət barədə 30 sentyabr 2025-ci il, saat 11:48-də bölmənin sahə X4 zəng edərək bildirmişdir və həmin tarixdə o, yaşayış ünvanında baxış keçirmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli, 38 nömrəli Qərarı ilə müəyyən olunmuş, heyvanların saxlanılması və sanitariya-gigiyena qaydalarına nəzarəti həyata keçirən səlahiyyətli qurumlar, Dövlət Baytarlıq Xidməti və X7 Orqanlarıdır. Göründüyü kimi DİN-nin nəznində olan Bölmə əməkdaşı səlahiyyəti xaricində bir müraciətin icraatına cəlb olunmuşdur Yoxlanış zamanı hər hansı bir pozuntu aşkarlamayaraq, xətanı yalnız itlərin sayı ilə əlaqələndirən Adilzadə Cavid, izahat almaq məqsədilə 08 oktyabr 2025-ci il tarixində onu Bölməyə çağırmışdır. İtlərin sayının 4 olmasının inzibati xəta üçün əsas olduğunu bildirmək yalnışdır. Yaşayış yerlərində heyvanların saxlanması şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları ilə tənzimlənir. Qaydaların 2.1-ci maddəsində göstərilir ki, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Göründüyü kimi itlərin sayı ilə bağlı məhdudiyyət “çoxmərtəbəli binaların ayrıca mənzillərində” yaşayan şəxslərə münasibətdə tətbiq edilməlidir. O isə sanitariya qaydalarına riayət edərək itləri şəxsi həyət evində saxlayır. Belə olan halda onun bu hərəkəti inzibati xəta üçün əsas ola bilməzdi. Bölmədəki görüş vaxtı ona barəsində inzibati protokolun tərtib olunacağı bildirilsə də, İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsində qeyd olunduğu kimi “protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməlidir” hüquq və vəzifələri ona izah edilməmişdir. Həmçinin protokolla tanış olmağı üçün ona surəti təqdim olunmamışdır. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 101.1 -ci maddəsinin tələbinə uyğun olaraq inzibati xəta haqqında protokol dərhal deyil 10 oktyabr 2025-ci il tarixində saat 11:05-də İnzibati Xətalar Məcəlləsinin 290.1.1 -ci maddəsinə (“ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə”) istinadən tərtib edilmişdir. Nəticədə xx.xx.2025-ci il tarixli EPQ №1960545 saylı qərarla mənə 200 (iki yüz) manat cərimə tətbiq edilmişdir. Bununla bağlı ona 14 oktyabr 2025-ci il tarixində, saat 09:57 radələrində yalnız WhatsApp vasitəsilə məlumat verilmişdir. X9 Məcəlləsinin 57.1 -ci maddəsinin tələbinə əsaslanaraq, protokol və qərarın surətinin ona təqdim olunması üçün dəfələrlə müraciət etməyinə baxmayaraq, sənədlərin (protokol və qərar) elektron qaydada tərtib olunduğu, çap edilməsi mümkün olmadığı iddia olunaraq ona təqdim olunmamışdır. Qeyd olunan məqamları təsdiq edən “WhatsApp” danışıqları və 102 Çağrı Mərkəzi ilə danışıqlar qoşmada elektron daşıyıcıda təqdim edilmişdir. Protokol və qərarı dəfələrlə istəməyimə baxmayaraq bölmə əməkdaşları hər dəfə müxtəlif bəhanələrlə onları ona verməkdən yayınmışlar. Belə olan halda sənədlərin alınması üçün X10 müraciət edərək ona bununla bağlı köməklik göstərmələrini xahiş etmişdir. Müraciətinin Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırılması nəticəsində və onların dəstəyi ilə öncədən çap edilməsi mümkün olmadığı iddia edilərək ona təqdim edilməyən EPQ №1960545 nömrəli xx.xx.2025 tarixli inzibati tənbeh vermə haqqında qərarın və EXP № ******* nömrəli, xx.xx.2025-ci tarixli protokolun surətini 27 noyabr 2025-ci il tarixində Adilzadə Cavid şəxsən özü Bölmədə ona təqdim etmişdir.Protokolu nəzərdən keçirdikdə onun tərtibi zamanı ciddi nöqsanlara yol verildiyi, qanunvericiliyə uyğun olaraq daxil edilməsi tələb edilən məlumatların yazılmadığı aşkar edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.5-ci maddəsində protokolda göstərilməli məlumatlar arasında inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti də vardır. Protokolda bu məlumatlardan yer barədə məlumatlar qeyri-dəqiq göstərilmişdir. Xətanın mahiyyəti barədə isə ümumiyyətlə heç bir məlumat daxil edilməmişdir. Belə olan halda törədilməsi iddia edilən inzibati xətanın nədən ibarət olduğunu və harada baş verdiyini müəyyən etmək mümkün deyildir. Eyni zamanda protokolda inzibati xətanın hansı sübutlar əsasında təsdiqini tapdığı da qeyd edilməmişdir Protokolda qeyd olunan tarix polis əməkdaşının ifadələri ilə ziddiyyət təşkil edir. Belə ki, inzibati xətanın törədildiyi yer və vaxt qeydləri (“Respublika paytaxtı, Küçə, 10 oktyabr 2025-ci il, səhər (6- 12), Maştağa qəsəbəsi”) reallığı əks etdirmir. Çünki, 10 oktyabr 2025ci il tarixində o, saat 06:00- 08:00 arası evdə olmuş, saat 08:00 radələrində evdən çıxmış və 09:14-də işlədiyi ünvan 1 ünvanında yerləşən “Caspina Plaza” binasına daxil olmuşdur. Bunu təsdiq edən iş yerindən davamiyyətlə bağlı arayışın surətini qoşmada təqdim etmişdir. Sənədin əslini və zərurət yaranarsa, təşkilata məxsus təhlükəsizlik kameralarının görüntüləri də məhkəmədə təqdim edə bilər. Əgər protokolda əksini iddia edən hal varsa, bölmədən həmin günə dair video- görüntülərin təqdim olunmasını xahiş etmişdir. Məhkəmədən Sabunçu RPİ-nin 14-cü Polis Bölməsi əməkdaşının barəsində tərtib etdiyi EPQ №1960545 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, həyət evində yaşayır, həyət dörd tərəfdən hasarlanmış vəziyyətdədir, saxladığı itlərin pasportu vardır, heç bir təhlükəsi yoxdur, daimi həkim müayinəsindən keçirir. Həmin itləri həyət evində yaşadığı həyətdə saxlayır. NK-nin qaydalarında ev heyvanlarının saxlanması ilə bağlı məhdudiyyət yalnız çoxmərtəbəli binanın mənzillərinə aiddir. Ona görə hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Məhkəmədən barəsində qəbul edilmiş EPQ №1960545 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ №1960545 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinə əsasən, it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni: ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə- iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X2 barəsində Sabunçu RPİ-nin 14-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ №1960545 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda X2 Azərbaycan Respublikası İXMnin 290.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə yol verməsinə görə barəsində 200 manat məbləğində cərimə tətbiq edildiyi qeyd edilmişdir. X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda X2 Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Halbuki AR İXM-nin 100.5.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmçinin həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar; qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməlidir. Hazırki iş üzrə mübahisə predmeti olan qərarda qeyd edilən məlumatlar göstərilməmişdir. X3 tərəfindən AR İXM-nin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə istinad olunsa da, onun hərəkətlərində qeyd edilən maddədə nəzərdə tutulan hansı hərəkətlərə, pozuntuya yol verilməsi qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinə əsasən, it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni: ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X3 tərəfindən harada ev heyvanı saxlaması, yaxud qidalandırması, yaxud gəzdirməsi qeyd edilməmişdir. Halbuki bu yerin müəyyən olunması əməlin qeyd edilən maddə ilə tövsif edilməsi baxımından əhəmiyyət kəsb edir. Yəni, məhz qadağan edilmiş yerdə ev heyvanın saxlanması, gəzdirilməsi, qidalandırılmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Ona görə ilk növbədə həmin yerin hara olduğu müəyyən edilməli, daha sonra həmin yerin qadağan olunmuş yer hesab olunub-olunmaması istiqamətində qiymətləndirmə aparılmalıdır. AR İXM-də bu yerlər göstərilməsə də, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı vardır. Belə ki, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları”nın təsdiq edilməsi haqqında 9 mart 2011-ci il tarixli Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının 4.4-ü bəndinə əsasən ev heyvanlarının saxlanması ilə bağlı aşağıdakılar qadağandır: insanın həyatı və sağlamlığı üçün təhlükəli olan vəhşi heyvanların, ilanların çoxmərtəbəli binaların mənzillərində və malikanə tipli evlərdə saxlanması; ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması; ev heyvanlarının ictimai iaşə müəssisələrində, qida məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaqlar üçün sosial xidmət müəssisələrində saxlanması və gəzdirilməsi; baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması; şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması. Qaydalardan da görünür ki, ev heyvanlarının saxlanması ilə bağlı qadağan edilmiş konkret yerlər var. Hazırki iş üzrə nə inzibati xəta haqqında protokolda, nə inzibati tənbeh vermə haqqında qərarda qaydalarda göstərilən qadağan edilmiş yerlərdən hansında ev heyvanın saxlanması, qidalandırılması, gəzdirilməsi qeyd edilmişdir. Bundan başqa həmin qaydalarda 2.1-ci bəndinə əsasən baytarlıq, sanitaiyagigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Qaydalardan da göründüyü kimi ev heyvanlarının saxlanması ilə bağlı məhdudiyyət çoxmənzilli binalarla bağlıdır. Hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs məhkəmə iclasında həyət evində yaşadığını, itlərdə həyətdə saxladığını, həyətin dörd tərəfdən hasarlanmış olduğunu bildirmişdir. Qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübut etmək vəzifəsi qərar qəbul edən orqanın üzərinə düşür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 əməlində ona istinad edilən inzibati xəta tərkibinin olması müəyyən olunmadığından onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunvericiliyin tələbinə əsasən inzibati xətanın olub-olmamasının, inzibati xəta törədən şəxsin təqsirinin müəyyən edilməsi yalnız iş üzrə əldə edilmiş mötəbər sübutlarla mümkündür. Yəni bu halları təsdiq edən mötəbər sübutlar olmadan yalnız şəxsi mülahizələrə, ehtimallara dayanaraq şəxsi məsuliyyətə cəlb etmək olmaz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində Sabunçu RPİ-nin 14-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ №1960545 nömrəli qərar ləğv edilməli və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Sabunçu RPİ-nin 14-cü PB tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ №1960545 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar