Məhkəmə qərarları › İş №3(008)-6563/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6563/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6563/2025 15.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, X1 iştirakı ilə, X1 DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30531325 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30531325 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Baş X9 İdarəsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli EQ30531325 nömrəli elektron qərarından verdiyi şikayət, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 3(008)-5931/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilmişdir. Həmin məhkəmə qərarına əsasən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30531325 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilib və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixində Baş X9 İdarəsi inzibati xəta haqqında EQ30531325 nömrəli elektron qərarı qüvvədə saxlayaraq, həmin qərarı yenidən vermişdir. Bildirmişdir ki, Baş X9 İdarəsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli EQ30531325 nömrəli elektron qərarı əsassızdır və məhkəmə tərəfindən ləğv olunmalıdır. Belə ki, o xx.xx.2025-ci il tarixində 90RA804 qeydiyyat nişanlı Toyota Rav-4 minik avtomobili ilə Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunda Navahi qəsəbəsindən çıxaraq Bakı şəhəri istiqamətində hərəkət edən zaman, qarşı yoldan gələn yol-patrul xidməti (YPX) avtomobili sürət hədinin aşılması ilə bağlı barəsində inzibati xəta haqqında EQ30531325 nömrəli elektron protokol tərtib edilərək, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi - yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə 2 bal, 50 manat miqdarında cərimə edib. Bildirir ki, o heç bir qayda pozuntusuna yol verməmişdir. Belə ki, YPX avtomobili sürət həddini qeydə alan zaman avtomobili yaşayış məntəqəsindən xeyli kənarda olub. Bunu ərizəyə qoşma olaraq təqdim etdiyi, avtomobilinin video qeydiyyat cihazı vasitəsi ilə çəkilən videodan da görmək olar. Videoda aşkar görünür ki, YPX avtomobili sürəti qeydə alınan zaman avtomobilin yaşayış məntəqəsinin qurtaracağını bildirən 5.25. yol nişanını xeyli keçib. Avtomobili yaşayış məntəqəsindən xeyli kənarda olmasını YPX avtomobilindən çəkilmiş və qərara qoşma olunmuş fotoşəkildə qeyd olunan GPS koordinatdan da görünür. Onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 2 bal, 50 manat məbləğində cərimə olunmağına dair BDYPİ-in inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli EQ30531325 nömrəli elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30531325 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-5931/2025 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarxli, EQ 30531325 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir; xx.xx.2025-ci il tarixli EQ seriyalı 30531325 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixində saat 17:05-də “TOYOTO RAV-4” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşaraq Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 328.2-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli EQ seriyalı 30531325 saylı inzibati tənbeh vermə haqqında qərarla X4 xx.xx.2025-ci il tarixində saat 17:05-də “TOYOTO RAV-4” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşaraq Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli EQ seriyalı 30531325 nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəməyə təqdim edilmiş hadisəni əks etdirən videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxş keçirilmiş, həmin görüntüdən müəyyən edilmişdir ki, X4 idarə etdiyi avtomobil yaşayış məntəqəsinin qurtaracağını bildirən 5.25 yol nişanını keçdikdən sonra əks istiqamətdə gələn DYP avtomobili tərəfindən həmin avtomobilin çəkilişi aparılmışdır. DİN-nin Baş X9 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xətanın qeydə alınmasına dair fotogörüntüdən görünür ki, xx.xx.2025-ci il tarixdə 90RA804 qeydiyyat nişanlı “Toyota RAV-4” markalı minik avtomobilinin fotoşəkli yuxarıda xüsusi texniki vasitənin köməyilə deyil, qarşıdan çəkilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da görünür ki, yol hərəkəti qaydası əleyhinə olan İXM-nin 328.2-ci maddəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilə bilər. İkinci halda əgər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Hazırki işin hallarından belə aydın olur ki, sözügedən inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar olunmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mövqeyi öyrənilmədən, onun iştirakı olmadan inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, DİN-nin Baş X9 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xətanın qeydə alınmasına dair fotoşəkildə həmin ərazidə sürət limitinin 90 km saat olduğu qeyd edilmişdir. Halbuki, 90RA804 qeydiyyat nişanlı “Toyota RAV-4” markalı minik avtomobilinin video qeydiyyat cihazı vasitəsilə çəkilən videogörüntüdən görünür ki, hazrki iş üzrə pozuntu faktı yaşayış məntəqəsinin qurtaracağını bildirən 5.25 yol nişanını keçdikdən sonra qeydə alınmışdır. DİN-nin Baş X9 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xətanın qeydə alınmasına dair fotoşəkildə həmin ərazidə sürət limitinin 90 km/saat olduğu qeyd edilmişdir. Avtomobilin video qeydiyyat cihazı vasitəsilə çəkilən videogörüntüdə isə 5.25 yol nişanını keçdikdən sonra sürət limitinin 90 km/saatdan artıq keçilməsini qadağan edən nişan müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-5931/2025 saylı qərarına əsasən X4 şikayətləri qismən təmin edilərək Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarları ləğv edilərək işə yenidən baxılması üçün göndərilməsinə baxmayaraq heç bir araşdırılma aparılmayaraq, heç bir sübuta istinad edilmədən onun barəsində eyni məzmunlu qərar qəbul edilmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın X5 tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. Məhkəmə qeyd edir ki, DİN Baş Dövlət Yol Polis İdarəsinə bildiriş göndərilsə də, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30531325 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X4 barəsində İXM-nin 327.2 və 327.1-ci maddələri ilə qəbul edilmiş DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30531325 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar